Məhkəmə qərarları › İş №e-2-2(115)-1214/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1214/2025

01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1214/2025 01.07.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızı, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, sadələşdirilmiş məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3060 manat müqavilə üzrə borc, müqavilənin 4.2-ci bəndinə əsasən hesablanmış 306 manat cərimə, 54 manat iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu, hüquqi xidmətlərin göstərilməsinə görə 1900 manat, 342 manat xidmət haqqı olmaqla ümumilikdə 5665 manat məbləğin Cavabdeh MMCdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli CN165FFS1 nömrəli ekspeditor xidmətlərinə dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı cavabdehin yükünün yük maşını, dəmir yolu, dəniz, hava və ya nəqliyyatın hər hansı digər növü ilə daşınmasını təmin etməli, cavabdeh isə müqavilənin 3-cü bəndində nəzərdə tutulmuş ödəniş şərtlərinə uyğun olaraq xidmət haqqını ödəməlidir. Müqavilə çərçivəsində iddiaçı ilə cavabdeh arasında malların hava yolu ilə Dubay, BƏƏ-dən Bakı, Azərbaycana daşınması xidmətinin göstərilməsi ilə bağlı 3060 manatlıq 1 saylı əlavə imzalanmışdır. Həmin əlavə üzrə xidmət göstərilmiş və bu fakt tərəflərin imzaladığı xx.xx.2023-cü il tarixli GSL-4-03374 saylı təhvil-təslim aktı ilə təsdiqlənmişdir. Müqavilənin 3.2-ci bəndinə əsasən, cavabdeh hesab-fakturanın alındığı tarixdən etibarən 15 təqvim günü ərzində ödənişi icra etməli idi. Lakin iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində təqdim edilmiş EBDE seriyalı 866647 nömrəli elektron qaimə üzrə 3060 manat məbləğində ödəniş bu günədək icra edilməmişdir. İddiaçı müqavilə üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdehə dəfələrlə yazılı xəbərdarlıq etmiş və pretenziya təqdim etmişdir. Bununla belə, cavabdeh ödənişi icra etməmiş və öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh MMC-yə 30 may 2025-ci il tarixli e-2-2(115)-1214/2025 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli CN165FFS1 nömrəli ekspeditor xidmətlərinə dair müqavilədən görünür ki, ekspeditor sifarişçinin yükünün yük maşını, dəmir yolu, dəniz, hava və / və ya nəqliyyatın hər hansı digər növü ilə daşınması üçün ekspeditor xidmətlərini yerinə yetirməyi, sifarişçi yerinə yetirilmiş xidmətlərin dəyərini müqavilə şərtlərinə uyğun olaraq həyata keçirməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan müqaviləyə 1 saylı əlavədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh MMC malların hava yolu ilə Dubay, BƏƏ-dən Bakı, Azərbaycana daşınması üçün vahidinin qiymətini 3060 manat razılaşmışlar. İş materiallarında olan xx.xx.2023-cü il tarixli hesab-fakturadan görünür ki, malların daşınması üçün 3060 manat məbləğində hesab-faktura tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 866647 saylı elektrob qaimədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə 3060 manat dəyərində elektron qaimə ötürülmüş və qaimə təsdiq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə ekspeditor xidmətlərinə dair müqavilə bağlanmış, müqaviləyə və onun əlavəsinə əsasən "xxxx" MMC Cavabdeh MMC-yə 3060 manat dəyərində xidmət göstərmiş, sifarişçi isə xidmət haqqını ekspeditora ödəməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin üzərinə müqavilə ilə müəyyən edilmiş xidmət haqqı ödəmək vəzifəsi qoyulduğundan və xidmətin göstərilməsi üzrə ödənişi vaxtı-vaxtında yerinə yetirilməsi üçün cavabdeh olduğundan 3060 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor xidmət göstərərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə hesab edir ki, müqavilə üzrə 306 manat dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 100 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 54 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 51 manat 60 qəpik dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 3300 manat xidmət haqqı ödənilmişdir. Həmçinin iddiaçı 594 manat ƏDV ödənilməsi ilə bağlı razılaşmışdır. Məhkəmə 1900 manat məbləğində hüquqi yardımla bağlı ödənilmiş məbləğin və 342 manat xidmət haqqının cavabdehdən tutulması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilən qanunun müddəasını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən vəkil xidmətinin xərci olaraq ödənilmiş 200 manat tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 19 aprel 2013-cü il tarixli CN165FFS1 nömrəli ekspeditor xidmətlərinə dair müqaviləyə əsasən 3060 manat əsas borc, 100 manat cərimə borcu olmaqla cəmi 3160 (üç min yüz altmış) manat borc və 51 (əlli bir) manat 60 (altmış) qəpik dövlət rüsumu, 200 (iki yüz) manat vəkilə ödənilmiş xidmət haqqı Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar