Məhkəmə qərarları › İş №e-2-2(115)-1242/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1242/2024

21.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1242/2024 21.08.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Kəlbəcər şəhər İnzibati İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Kəlbəcər şəhər İnzibati İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc 46657,29 manat (ƏDV daxil), cərimə sanksiyası olaraq 4665,72 manat pulun, cəmi 51323,01 manat və ödənilmiş 243,97 manat dövlət rüsumunun cavabdeh Kəlbəcər şəhər İnzibati İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən tutulub ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Kəlbəcər şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi arasında ərzaq məhsullarının satın alınması barədə 2020-ci il 29 sentyabr tarixli SA-705 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı ASC (İcraçı) müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının satın alınması barədə Kəlbəcər rayon İH-nin Kəlbəcər şəhəri İƏD üzrə nümayəndəliyinin (Sifarişçinin) təklifini qəbul edir və cədvəldə göstərilən ərzaq məhsulları ilə Sifarişçini təmin etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən Kəlbəcər rayon İH-nin Kəlbəcər şəhəri İƏD üzrə nümayəndəliyi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarının İcraçıdan qəbul edilməsini və onun dəyərinin ödənilməsini öhdəsinə götürür. Lakin, Kəlbəcər rayon İH-nin Kəlbəcər şəhəri İƏD üzrə nümayəndəliyi müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri icra etməmiş və İddiaçı ASC-yə aldığı ərzaq məhsulları üzrə ödənişi həyata keçirməmişdir. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən Müqavilə üzrə alınacaq ərzaq məhsullarının ümumi məbləği 184600,00 manat təşkil edir. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən sifarişçi əlavədə qeyd edilmiş ərzaq məhsullarına görə ödənişi növbəti ayın 10-dək icraçının müqavilədə göstərilən bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. 2020-ci il 29 sentyabr tarixli SA-705 saylı müqavilə üzrə öhdəliklərinin tam icra olunmasına baxmayaraq alınmış ərzaq məhsullarının pulu ödənilməmişdir. Belə ki, 2020-ci il 29 sentyabr tarixli SA-705 saylı müqavilə üzrə 150095,14 manat (ƏDV daxil) dəyərində ərzaq məhsulları Kəlbəcər rayon İH-nin Kəlbəcər şəhəri İƏD üzrə nümayəndəliyinə təhvil verilmişdir. Lakin, Kəlbəcər rayon İH-nin Kəlbəcər şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən müqavilə üzrə öhdəliklər icra edilməmiş, 46 657,29 (ƏDV daxil) manat dəyərində ərzaq məhsullarının dəyəri Cəmiyyətə ödənilməmişdir. Borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmişdir. Lakin, qeyd olunan müraciətlər heç bir müsbət nəticə verməmiş və cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Hazırda cavabdehin iddiaçı qarşısında öhdəliyi müqavilə üzrə ümumilikdə 46657,29 (ƏDV daxil) manat təşkil edir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında iddia tələbini müdafiə etdiyini və məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini və iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: alğı-satqı müqaviləsi, qiymət cədvəli, qarşılıqlı hesablaşmalar aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Kəlbəcər şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi arasında bağlanmış 29 sentyabr 2020-ci il tarixli SA-705 saylı müqaviləyə əsasən icraçı müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının satın alınması barədə sifarişçinin təklifini qəbul edir və cədvəldə göstərilən ərzaq məhsulları ilə sifarişçini təmin etməyi öz öhdəsinə götürmüşdür. Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarının icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən müqavilə üzrə alınacaq ərzaq məhsullarının ümumi məbləği 184600 manat təşkil edir. Həmin müqavilənin 7.5-ci bəndinə əsasən sifarişçi əlavədə qeyd edilmiş ərzaq məhsullarına görə ödənişi növbəti ayın 10-dək icraçının müqavilədə göstərilən bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən sifarişçi üzrlü səbəb olmadan müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada ödəmələri aparmadıqda və ya təqdim olunan ərzaq məhsullarının qəbulunu gecikdirdikdə, icraçı hər gecikdirilmiş gün üçün müqavilənin dəyərinin 0,1 faizi məbləğində cərimə sanksiyaları tətbiq edə bilər. Həmin müqavilənin 9.3-cü bəndinə əsasən cərimələrin məbləğinin yuxarı həddi müqavilənin qiymətinin 10 (on) faizindən çox olmamalıdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə onun 46657,29 manat borcu yaranmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması tərəflər arasında bağlanmış müqavilə, qarşılıqlı hesablaşmalar aktı ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, 46657,29 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə iddia tələbinin 4665,72 manat cərimənin tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının tələb etdiyi cərimə məbləği əsas borca mütənasibdir. Ona görə də həmin cərimə məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda iddiaçı tərəfindən 243,97 manat dövlət rüsumu ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 243,97 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının Kəlbəcər şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən 46657,29 manat əsas borc, 4665,72 manat cərimə olmaqla, cəmi 51323,01 manat və ödənilmiş 243,97 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Kəlbəcər şəhər İnzibati İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən 46657,29 manat əsas borc, 4665,72 manat cərimə olmaqla, cəmi 51323,01 manat və ödənilmiş 243,97 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar