Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1243/2024 05.08.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədov Rəşad Seylan oğlu İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə elektron qaydada Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh "xxxx" MMC-nin xeyrinə 403 manat 49 qəpik əsas borcun, 722 manat 25 qəpik dəbbə pulunun və 32 manat dövlət rüsumunun, ümumilikdə 1157 manat 74 qəpik məbləğin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslanıdırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında “Malların alqı-satqı qaydaları haqqında” 06 dekabr 2022-ci il tarixli, 786-A/22 nömrəli müqavilə bağlanmışdır. Bağlanmış müqavilənin 2.4-cü maddəsinə əsasən “alıcı”-ya faktura təqdim olunan gündən hesablanmaqla, 30 təqvim günü müddətinə faktura üzrə göstərilən ümumi məbləği nağdsız qaydada və tam şəkildə “Satıcı”-nın xeyrinə ödənilməlidir. Cavabdeh sözügedən müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş EBDF seriyalı, 897832 nömrəli elektron qaimədən də görünür ki, cavabdeh şəxsin faktiki olaraq cəmiyyətimizə 403.49 manat borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə cavabdeh şəxs Cavabdeh tərəfimizdən pretenziya məktubu göndərilmiş lakin, cavabdeh şəxs göndərilmiş pretenziya məktubunu xx.xx.2024-cü il tarixində alsa da, edilmiş xəbərdarlığa heç bir məhəl qoymamışdır. Cavabdeh şəxslə aralarında bağlanmış 06 dekabr 2022-ci il tarixli, 786-A/22 nömrəli müqavilənin 2.5-ci maddəsinə əsasən “müqavilənin 2.4-cü bəndinin tələbləri pozulduqda, ödənişlərin hər gecikdirilmiş günü üçün dəyərinin ödənilməmiş qalığının 0,5% (sıfır tam onda beş) faiz həcmində peniya ödəyir”. Cavabdeh şəxsin EBDF seriyalı, 897832 nömrəli elektron qaimə üzrə xx.xx.2023-cü il tarixdən 358 gün üçün ödənilməli dəbbə pulu 722 manat 25 qəpik təşkil edir. Yuxarıda qeyd olunan qaimə üzrə əsas borcunu və dəbbə pulunu nəzərə alsaq, hazırda Cavabdeh "xxxx" MMC-yə 1125 manat 74 qəpik borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 25 iyun 2024-cü il tarixli, e-2-2(115)-1243/2024 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 06 dekabr 2022-ci il tarixli, 786-A/22 “Malların alqı-satqı qaydaları haqqında” müqaviləsindən görünür ki, cavabdeh faktura təqdim olunan gündən hesablanmaqla, 30 təqvim günü müddətinə faktura üzrə göstərilən ümumi məbləği nağdsız qaydada və tam şəkildə iddiaçının xeyrinə ödəməyi, iddiaçı isə rəsmi distribütoru oluduğu və özünün idxal etdiyi suları, şirələri, spirtsiz içkilər və s. məhsulları cavabdehin sifarişlərinə əsasən qaimə-faktura, təhvil-qəbul aktı və elektron qaimə əsasında cavabdehə satmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş EBDF seriyalı, 897832 nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan və 52 nömrəli satış fakturasından görünür ki, Cavabdeh iddiaçıya 403 manat 49 qəpik borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə 403 manat 49 qəpik əsas borc və 722 manat 25 qəpik müqavilə üzrə hesablanmış peniya olmaqla, cəmi 1125 manat 74 qəpik borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh faktura təqdim olunan gündən hesablanmaqla, 30 təqvim günü müddətinə faktura üzrə göstərilən ümumi məbləği nağdsız qaydada və tam şəkildə iddiaçının xeyrinə ödəməyi iddiaçı qarşısında öhdəlik götürmüş, lakin öhdəliklərini yerinə yetirməmiş və iddiaçıya müqavilə üzrə borcu yaranmışdır. Pretenziya məktubundan görünür ki, "xxxx" MMC cavabdehə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ödəniş sənədindən göründüyü kimi, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 32 manat məbləğində dövlət rüsumu ödəmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 403 manat 49 qəpik əsas borc, 20 manat cərimə borcu olmaqla, cəmi 423 manat 49 qəpik məbləğində borc və 32 manat dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 20 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 403 manat 49 qəpik əsas borc və 20 manat cərimə borcu olmaqla, cəmi 423 manat 49 qəpik məbləğində borc və 32 manat dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-1243/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1243/2024
05.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver