Məhkəmə qərarları › İş №e-2-2(115)-1276/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1276/2025

10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1276/2025 10.07.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızı, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, sadələşdirilmiş məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə1918,33 manat borc və 40 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və cavabdeh arasında bağlanmış xx.xx.2023-ci tarixli 211.20.59.038 saylı şəkər çuğunduru üzrə qarışıq müqaviləsinə əsasən cavabdeh 3.45 ha torpaq sahəsində şəkər çuğunduru bitkisini əkib-becərməyi və istehsal etdiyi məhsulu İddiaçı MMC-yə satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cəmiyyət tərəfindən cavabdehə 1330 manat dəyərində şəkər çuğunduru toxumu, 383,18 manat dəyərində dərman, 1113,15 manat dəyərində isə aqrotexniki xidmət satılmışdır. Nəticədə cavabdehin cəmiyyətə 2826,33 manat borcu yaranmışdır. Cavabdeh tərəfindən isə cəmiyyətə 908 manat dəyərində məhsul təhvil verilmişdir. Təhvil verilmiş məhsulun dəyəri hissəsində cavabdehin borcu azaldılmışdır. Son olaraq cavabdehin cəmiyyətə 1918,33 manat borcu qalmışdır. Cavabdehin borclu olması təhvil-təslim aktlarında və ödəniş tapşırıqlarında öz əksini tapmışdır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi üçün pretenziya məktubu göndərilmişdir, lakin cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 12 iyun 2025-ci il tarixli e-2-2(115)-1276/2025 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 211.20.59.038 saylı 2023-2024 təsərrüfat ili üçün şəkər çuğunduru məhsulu üzrə qarışıq müqavilədən görünür ki, alıcı fermer tərəfindən ona təhvil veriləcək şəkər çuğundurunun dəyərini fermer üçün aqrotexniki xidmətlər göstərilməklə və toxum, pestisidlər, gübrə təhvil verməklə həyata keçirməyi, fermer isə ona görülmüş işləri və malları qəbul edib müqavilə əsasında razılaşdırılmış miqdarda şəkər çuğundurunu istehsal edərək mülkiyyət hüququ əsasında alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan görülmüş işlərin, xidmətlərin təhvil-təslimi aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixdə 266,60 manat, xx.xx.2024-cü il tarixdə 155,25 manat, xx.xx.2024-cü il tarixdə 691,30 manat dəyərində xidmət göstərilmişdir. İş materiallarında olan malların fiziki şəxslərə təhvili-qəbulu qəzlərindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixdə 1330 manat xx.xx.2024-cü il tarixdə 383,18 manat dəyərində mal verilmişdir. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 211.20.59.038 saylı 2023-2024 təsərrüfat ili üçün şəkər çuğunduru məhsulu üzrə qarışıq müqavilədən görünür ki, alıcı fermer tərəfindən ona təhvil veriləcək şəkər çuğundurunun dəyərini fermer üçün aqrotexniki xidmətlər göstərilməklə və toxum, pestisidlər, gübrə təhvil verməklə həyata keçirməyi, fermer isə ona görülmüş işləri və malları qəbul edib müqavilə əsasında razılaşdırılmış miqdarda şəkər çuğundurunu istehsal edərək mülkiyyət hüququ əsasında alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş və nəticədə onun iddiaçıya 1918,33 manat borcu qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 1918,33 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçının nümayəndəsi tərəfindən 40 manat məbləğində dövlət rüsumu ödənildiyi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 40 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 211.20.59.038 saylı müqavilə üzrə yaranmış 1918 (bir min doqquz yüz on səkkiz) manat 33 (otuz üç) qəpik məbləğində borc və 40 (qırx) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar