Məhkəmə qərarları › İş №e-2-2(115)-1278/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1278/2021

21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1278/2021 21.12.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Gəncə Kommersiaya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “NPG Azerbaijan" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı “NPG Azerbaijan" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 38 215,84 manat borcun, 5351,77 manat cərimənin, 1800 manat ödənilən haqqın, 200 manat mediasiya prosesi ilə bağlı xərclərin, cəmi 45 567,61 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 2 AZ saylı 28 dekabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı qismində çıxış edən iddiaçı sözügedən müqavilə üzrə alıcı qismində çıxış edən cavabdehə 18.01.2021-ci il tarixdə 5966,83 manat, 05.02.2021-ci il tarixdə 41 433,29 manat, 03.03.2021-ci il tarixdə 28 008,29 manat, 27.04.2021-ci il tarixə 25 577,21 manat, cəmi 100 985,81 manat dəyərində içki mallarını təzhiz edilmişdir. Müqavilənin 7.8-ci maddəsinə əsasən 01.05.2021-ci il tarixədək 100 000 manat, 01.05.2021-ci il tarixindən etibarən 200 000 manat kredit limiti müəyyən olunmuşdur. Müqavilənin şərtlərinə əsasən alıcıya 01.05.2021-ci il tarixinədək ödəniş üçün 45 günlük güzəşt müddəti bank zəmanəti olmadan, bu tarixdən sonra isə ödəniş üçün 45 günlük günlük güzəşt müddəti kredit limiti məbləğində bank zəmanətinin təqdimolunması şərtilə verilir. Satıcı üzərinə düşən öhdəliyi yerinə yetirsə də alıcı öhdəliyi yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iddianı qismət etiraf edərək iazahatında bildirdi ki, “NPG Azerbaijan" MMC başqa şirkətlə iş birliyi qurduğundan onun mallarını geri qaytarmaq qərarına gəlmişlər. Anbarda ümumi dəyəri 9.000 manatdan artıq olan geri qaytarılmalı olan mallar vardır ki, “NPG Azerbaijan" MMC onları qəbul eləmir. Həmin mallar geri alınarsa qalan borcu ödəyəcəklər. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: 28 dekabr 2020-ci il tarixli alğı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı MMC malları verməyi, alıcı "xxxx" MMC isə malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. 27 sentyabr 2021-ci il tarixli 098 nömrəli məktubun surətindən görünür ki, cavabdeh iddiaçıya borcun tam ödənilməsi üçün vaxt verilməsini bildirib. Elektron qaimələrin surətindən və təqdim edilmiş mallar barədə 05 fevral 2021-ci il tarixli 02 nömrəli, 27 aprel 2021-ci il tarixli 04 nömrəli, 03 mart 2021-ci il tarixli 03 nömrəli aktların surətindən görünür ki, müvafiq olaraq 41 433,29 manat, 25 577,21 manat və 28 008,48 manat məbləğində mallar alıcı "xxxx" MMC-yə verilmişdir. Tərəflər arasında imzalanmış 02 iyun 2021-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, cavabdehin 38 215,84 manat borcu qeyd edilmişdir. 25 may 2021-ci il tarixli malların geri qaytarılması aktının surətindən görünür ki, ümumi dəyəri 14 681,09 manat olan X4 C 0,50 lt və ümumi dəyəri 12960 manat olan X4 C 0,25 lt mallar geri alıcıya qaytarılmışdır. 25 may 2021-ci il tarixli malların geri qaytarılması aktının surətindən görünür ki, ümumi dəyəri 5505,41 manat olan X4 C 0,50 lt və ümumi dəyəri 7776 manat olan X4 C 0,25 lt mallar geri alıcıya qaytarılmışdır. Məhsulların anbardan çıxış aktlarından görünür ki, satıcı üzərinə düşən öhdəliyi yerinə yetirmiş və müqavilə üzrə nəzərdə tutulan malları alıcıya vermişdir. 07.12.2021-ci il tarixli ödəniş tapşığından görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" MMCnin hesabına 762,71 manat və 4237,29 manat məbləğində olmaqla cəmi 5.000 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflərin arasında yazılı razılıq əsasında içkilərin satılması ilə bağlı əqd bağlanmış və alıcı qismində hazırki iş üzrə iddiaçı, satıcı qismində isə cavabdeh çıxış etmişdir. Cavabdeh tərəf müqavilə üzrə öhdəlikləri tam yerinə yetirmədiyindən onun 38 215,84 manat borcu yaranmışdır. İddia qaldırıldıqdan sonra. Yəni 07.12.2021-ci il tarixdə cavabdeh iddiaçının hesabına 5000 manat ödəniş etmişdir. Məhkəmə onu da qeyd edir ki, tərəflər arasında bağlanmış 28 dekabr 2020-ci il tarixli alğı-satqı müqaviləsində malların hansı hallarda geri qaytarılmasının şərtləri konkret olaraq müəyyən etmişlər. Müqavilədə malların geri qaytarılmasının əsasları əsasən onların keyfiyyəti, yararlılığı, standartlara cavab verməsi kimi məsələlərlə şərtləndirilmişdir. Ona görə də satıcının başqa şəxslərlə ticarət əlaqəsini qurması onun satdığı malların geri qaytarılmasının əsası deyildir. Müqavilədə o da qeyd edilmişdir ki, mallar alıcının sifarişi əsasında satıcı tərəfindən ona verilir. Məhkəmə dəbbə pulunun azaldılaraq 351,77 manat həcmində tutulmasını mütənasib sayır. Məhkəmə 1800 manat məbləğində vəkilə ödənilmiş xərcin tutulması hissəsi üzrə onu qeyd edir ki, “Vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi vəkillik fəaliyyətinin fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının tərkibində həyata keçirilməsi nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respubliaksı Qanunun 3.1.1-ci maddəsinə əsasən nağdsız hesablaşmalar dedikdə. bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar nəzərdə tutulur. Qanunun 3.2-ci maddəsinə əsasən hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bu Qanunun 3.1.1-ci maddəsində müəyyən olunmuş formada həyata keçirilə bilər. Həm “NPG Azerbaijan" Məhdud Məsuliyyətli Cəmiyyəti, həm də fərdi qaydada fəaliyyət göstərən vəkil vergi ödəyicisi olduğundan ödəniş qanunun tələblərinə uyğun olaraq nəğdsiz aparılmalıdır. Həmçinin qəbzdə tarix göstərilmədiyindən ödənişin hansı vaxtda aparılması məlum deyildir. Odur ki, məhkəmə həmin xərcin tutulmasını əsaslı saymamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 33 215,84 manat əsas borcun, 351,77 manat cərimənin, 200 manat mediasiya prosesi ilə bağlı xərclərin, ümumilikdə 33 767,61 manat pul tutularaq “NPG Azerbaijan" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 33 215,84 manat əsas borcun, 351,77 manat cərimənin, 200 manat mediasiya prosesi ilə bağlı xərclərin, ümumilikdə 33 767,61 manat pul tutularaq “NPG Azerbaijan" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar