Məhkəmə qərarları › İş №e-2-2(115)-129/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-129/2025

06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-129/2025 06.02.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı "xxxx" Şirkətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 229235,2 ABŞ dolları və ödənilmiş 680 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində "xxxx" xarici kommersiya hüquqi şəxsi ilə Cavabdeh MMC arasında 1 saylı müqavilə imzalanmışdır. Müqavilənin 1-ci və 3-cü maddələrinə əsasən alıcı hesab-faktura dəyərinin 100%-i həcmində ödəniş edəcək, satıcı isə malları alıcıya təhvil verəcəkdir. Tərəflər arasındakı müqaviləyə uyğun olaraq cavabdeh iddiaçıya müvafiq hesab-fakturalar göndərmiş və iddiaçı da həmin hesab fakturalara uyğun olaraq ödənişləri etmişdir. İşə əlavə olunmuş qəbzlərdən də göründüyü kimi iddiaçı cavabdehə ümumilikdə 229235,20 ABŞ dolları həcmində ödəniş etsə də cavabdeh müqavilə üzrə öhdəliklərinə əməl etməmiş, qaimələrdə razılaşdırılan malları iddiaçıya göndərməmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, iddiaçı tərəfindən 229235,20 ABŞ dolları pul onların hesabına köçürülmüşdür və bu pulun qarşılığında da onlar iddiaçıya mal göndərmişlər. Belə ki, onlar iddiaçıya Rusiyadan araq göndərməli idilər və birinci partiya malı onlara göndərmişlər. Daha sonra onlar malları hazırlatdırmış, ikinci partiyanı göndərmək istəyəndə iddiaçının rəhbəri Yusif müəllim onlara bildirmişdir ki, gömrükdə problemləri var, malları qəbul edə bilmirlər, hələ ki, malları göndərməsinlər. İddiaçı şirkətin öz istəyi ilə malları göndərməmişlər. Onlar iddiaçıya mal göndərməsəydilər iddiaçı ard-arda onlara pul göndərməzdi. İkinci partiya malları istəməmələrinə görə onlarda hər hansı sənəd mövcud deyildir. Yekunda verilən pul qədər mal göndərilməmişdir. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə izahatında daha sonra göstərdi ki, onlar da iddiaçıya borclu qalmamaqdan ötrü öz hesablarına butulka düzəltdirib iddiaçıya göndərmişlər. Belə ki, onlar üçtərəfli müqavilə əsasında Rusiyadan iddiaçıya 200000 dollarlıq butulka göndərmişlər. Çünki özləri bunu əldə edə bilmirdilər. Bununla bağlı qaimələri də mövcuddur. Hüquqşunasları müvafiq sənədləri hazırda yığır, sənədləri Rusiya və Türkiyənin gömrük idarələrindən istədikləri üçün məsələ belə uzun çəkir. İddiaçı onalara 75000 ədəd şüşə sifariş vermişdir, iddiaçı tərəfindən onlara təxminən 27000 ABŞ dolları pul köçürülmüşdür və bunun dəyərində iddiaçıya sifarişlərini göndərmişlər. Daha sonra iddiaçı onlara təxminən 54000 ABŞ dolları pul göndərmişlər. İddiaçının onlara digər müqavilə üzrə təxminən 200000 ABŞ dollar borcu vardır. Yəni nəticədə onların iddiaçıya borcu yoxdur. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə izahatında daha sonra göstərdi ki, bütün sənədləri, qaimələri, müqavilələri axtarmış, lakin tapmamışdır. Hesab edir ki, şirkətin təsisçisi ilə qarşı tərəf birlikdə belə bir əmələ əl atıblar. Sənədlərdəki möhürlər kompyuter proqramı vasitəsi ilə düzəldilmişdir. Məbləğlər onlara köçürülmüşdür, lakin həmin pullar onlar tərəfindən istifadə edilməmişdir. Pul köçürməsini təsisçi ilə qarşı tərəfin rəhbərliyi öz aralarında etmişdir. Düşünür ki, təsisçi gələn pulu hesabdan çıxarıb başqa hesaba göndərmişdir. Qarşı tərəf nəyə görə ona mal göndərilmirdisə o dəfələrlə onlara pul göndərmişdir. Qarşı tərəfə bir dəfə mal göndərilmişdir. Bununla əlaqədar onda hər hansı sənəd olmasa da qarşı tərəf pulu göndərmiş təsisçi isə pulu geri qaytarmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdehin nümayəndəsi isə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan "xxxx" Şirkəti ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1 saylı müqavilədən görünür ki, satıcı malları satışa təqdim etməyi, alıcı malları alacağını öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən alıcı malları quru yolu ilə alacaqdır. Mllar alıcı göstərilən yerdə yükü təhvil aldığı halda çatdırılmış sayılır. Alıcı hesab-faktura dəyərinin 100% əvvəlcədən ödənişini edəcəkdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 2 nömrəli fakturaya əsasən 27893,52 ABŞ dolları məbləğində məhsullara dair Cavabdeh MMC tərəfindən "xxxx" Şirkətinə faktura göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 2 nömrəli fakturaya əsasən 27216 ABŞ dolları məbləğində məhsullara dair Cavabdeh MMC tərəfindən "xxxx" Şirkətinə faktura göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 4 nömrəli spesifikasiyadan görünür ki, 73176,25 ABŞ dolları məbləğində məhsullara dair Cavabdeh MMC tərəfindən "xxxx" Şirkətinə sənəd göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 6/23 nömrəli fakturaya əsasən 29606,28 ABŞ dolları məbləğində məhsullara dair Cavabdeh MMC tərəfindən "xxxx" Şirkətinə faktura göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 7/23 nömrəli fakturaya əsasən 27181,44 ABŞ dolları məbləğində məhsullara dair Cavabdeh MMC tərəfindən "xxxx" Şirkətinə faktura göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 8/23 nömrəli fakturaya əsasən 27893,52 ABŞ dolları məbləğində məhsullara dair Cavabdeh MMC tərəfindən "xxxx" Şirkətinə faktura göndərilmişdir. İş materiallarında olan qaimələrdən görünür ki, 3378 ABŞ dolları, 3378 ABŞ dolları, 70584,20 ABŞ dolları, 27000 ABŞ dolları, 73500 ABŞ dolları, 12345 ABŞ dolları, 16500 ABŞ dolları, 2550 ABŞ dolları məbləğində məhsullara dair qaimə göndərilmişdir. İş materiallarında olan invoyslardan görünür ki, 27216 ABŞ dolları, 73176,25 ABŞ dolları, 8683,20 ABŞ dolları, 29606,28 ABŞ dolları, 27181,44 ABŞ dolları, 27893,52 ABŞ dollarıməbləğində malların invoysu Cavabdeh MMC tərəfindən "xxxx" Şirkətinə göndərilmişdir. İş materiallarında olan bank qəbzlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə 3378 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə 3378 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə 16500 ABŞ dolları, xx.xx.2023-cü il tarixində 70584,20 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 12345 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə 20000 ABŞ dolları, xx.xx.2023-cü il tarixində 27000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 73500 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 2550 ABŞ dolları məbləğində pul vəsaiti “Nile Diş Ticaret Limited” şirkəti tərəfindən Cavabdeh MMC-nin hesabına köçürülmüşdür. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, "xxxx" Şirkəti ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə alğı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən satıcı alıcıya faktura təqdim etməyi, alıcı fakturaya əsasən malın pulunun 100%-ni əvvəlcədən satıcıya ödəməyi, satıcı da alıcıya mal təhvil verməyi öhdəsinə götürmüşdür. Satıcı alıcıya mallara dair faktura göndərmiş, satıcı alıcının hesabına 229235,20 ABŞ dolları məbləğində vəsait köçürmüşdür. Satıcı isə alıcıya həmin məbləğin müqavilində mal göndərməmiş, nə də ki, həmin məbləği geri qaytarmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə malın alınması ilə bağlı köçürdüyü və mal göndərilmədiyi vəsaiti cavabdehdən tələb etməkdə haqlıdır. Odur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 229235,20 ABŞ dolları Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin cavabdehin nümayəndəsinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya müqavilə üzrə mal göndərməsi və ya müqavilə şərtlərinə uyğun göndəriləcək malın başqa mal ilə əvəzləşdirilməsi və yaxud malları hazırlayıb göndərmək istədikdə cavabdehin malı qəbul etməməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə qətnaməsi” haqqında Plenumun Qərarında qeyd edilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 680 manat dövlət rüsumu ödənmişdir. Ona görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidr. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Şirketi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1 saylı alqı-satqı müqaviləsinə əsasən 229235 (iki yüz iyirmi doqquz min iki yüz otuz beş) ABŞ dolları 20 (iyirmi) sent ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə pul, 680 (altı yüz səksən) manat dövlət rüsumu Cavabdehndən tutularaq iddiaçı "xxxx" Şirketinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar