Məhkəmə qərarları › İş №e-2-2(115)-1293/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1293/2025

07.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1293/2025 07.10.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1241.25 (bir min iki yüz qırx bir manat iyirmi beş qəpik) manat borc və 33 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və cavabdeh arasında bağlanmış xx.xx.2023-ci tarixli, 211.18.59.164 saylı “Şəkər çuğunduru üzrə Qarışıq Müqavilə”sinə əsasən cavabdeh 5.93 ha torpaq sahəsində şəkər çuğunduru bitkisini əkibbecərməyi və istehsal etdiyi məhsulu "xxxx" MMC-yə satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar Cəmiyyət tərəfindən Cavabdehə 2240 (iki min iki yüz qırx) manat dəyərində şəkər çuğunduru toxumu, 1346.67 (bir min üç yüz qırx altı manat altımış yeddi qəpik) manat dəyərində dərman, 840 (səkkiz yüz qırx) manat dəyərində gübrə, 2407.58 (iki min dörd yüz yeddi manat əlli səkkiz qəpik) manat dəyərində isə aqrotexniki xidmət satılmışdır. Nəticədə cavabdehin cəmiyyətə 6834.25 (altı min səkkiz yüz otuz dörd manat iyirmi beş qəpik) manat borcu yaranmışdır. Cavabdeh tərəfindən isə cəmiyyətə 5593 (beş min beş yüz doxsan üç) manat dəyərində məhsul təhvil verilmişdir. Təhvil verilmiş məhsulun dəyəri hissəsində cavabdehin borcu azaldılmışdır. Son olaraq cavabdehin cəmiyyətə 1241.25 (bir min iki yüz qırx bir manat iyirmi beş qəpik) manat borcu qalmışdır. Cavabdehin borclu olması təhvil-təslim aktlarında və ödəniş tapşırıqlarında öz əksini tapmışdır. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, onlar sentyabr-yanvar ayları ərzində yığım həyata keçirirlər. Noyabrdekabr aylarında yığımın olması çox gecikmə hesab olunmamalıdır. Odur ki, iddia tələblərini müdafiə edir və iddianın təmin edilməsini xahiş edirlər Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, 2003-cü ildən kənd təsərrüfatı ilə məşğuldur. Əvvəllər də şəkər çuğunduru əkmiş və respublika üzrə yüksək məhsul əldə edərək şirkətə təhvil vermişdir. Şirkət özü də bunu təsdiq edə bilər. 2014-2015-ci illərdə şirkət tərəfindən onlara qarşı haqsızlıqlar olmuşdur. Ona görə də həmin dövrdən sonra 6-7 il şəkər çuğunduru əkməmişdir. 2024-cü ildə onunla əlaqə saxlayıb demişlər ki, çuğundur əksin. Səpin olanda o, Bakı şəhərində olmuşdur. Zaur müəllim ona zəng edib demişdir ki, bütün sahələrə 2 kq, onun sahəsinə isə 2 kq 200 qramdan toxum səpiləcək. Lakin sahəyə 13 kq 200 qram toxum səpilməli olduğu halda, 16 kq toxum səpilmişdir. Məhsul bitiş verdikdən sonra yerin kultivasiya olunması üçün şirkətə müraciət etmiş, lakin şirkət tərəfindən kultivasiya işləri gec görüldü. Şirkət müqavilə üzrə üzərinə düşən öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir Sentyabr ayının axırlarında çuğundurda kütləvi çürümə getmişdir. Şirkətin aqronomu olmuş Zaur müəllimə zəng edərək çuğundurda çürümə başladığını və təcili çıxarılmalı olduğunu bildirmişdir. Şirkətin nümayəndələri tərəfindən sahəyə baxış keçirilmiş və çuğundurda çürümə getdiyini görmüşlər. 10 gün ərzində kombaynın sahəyə gələcəyini bildirmişlər. Lakin 15-20 gün keçdikdən sonra da sahəyə kombayn gəlməmişdir. Bildirmişlər ki, bəs kombayn şirkətin öz yerindədir. Həmin yeri qurtardıqdan sonra onun sahəsinə gələcəkdir. Bundan sonra icra nümayəndəliyinə müraciət etmişdir. Onlar da kömək edə bilməmişlər. Daha sonra şirkətin qaynar xəttinə zəng edərək məhsulda çürümə başladığını və tezliklə məhsulun yığılmalı olduğunu bildirmişdir. Bütün müraciətlərinə baxmayaraq məhsul yığmaq üçün oimbaynla təmin edilməmişdir. Yalnız 2024-cü ilin dekabr ayının əvvəllərində kombayn gəlib çuğunduru yığmışdır. Lakin həmin vaxt artıq məhsulun 70-80%-i çürümüşdü. Daha sonra DAİM-ə müraciət etmişdir. O, oradan 20000-30000 manat məbləğində qazanc əldə etməli idi. Çuğunduru sentyabrda çıxartmalı idilər, lakin dekabr ayında çıxartdılar. 70-80% şəkər çuğunduru məhsulu məhv oldu. Lakin o, ziyan çəkmişdir. Dərmanlar keyfiyyətsiz olduğu üçün və yığım gecikdiyi üçün ziyan çəkmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X6 ifadəsində bildirmişdir ki, bu il iyulun 11-nə kimi Tərtər rayon Köçərli kənd icra nümayəndəsi işləmişdir. Əkinlə bağlı rayon rəhbərliyinə məlumat vermişdir. Cavabdeh 5 ha çuğundur əkmişdir. Payızda dedi ki, kombaynla köməklik etsinlər. Rəhbərliyə bu barədə məlumat vermişdir, dedilər ki, problem yoxdur. Oktyabrda yenidən müraciət etmişdir, dedilər ki, müvafiq texnika çatışmazlığı var. 20 ildir ki, əkinçilikə məşğuldur. Vaxtında yığım üçün kombayn verməmişdilər. Məhkəmə iclasında dindirilmiş şahid X3 ifadəsində bildirmişdir ki, 2012-ci ildən 2025ci ilin fevralına kimi MMC-də çalışmışdır. Cavabdeh onlara sentyabr ayından müraciət edib. Onlar xidmətlər göstərmişlər. Lakin 1 maşın gübrəni geri qaytarmışdır. Çünki o, anbar qalığı idi. Gübrələr də, dərmanlar da keyfiyyətsiz idi. Dərmanlar keyfiyyətsiz olduğu üçün alağın qarşısını ala bilməmişdir. Çuğundur da alağın içində qalanda çürüyür. Kombaynı 2 dəfə ərazidən çıxartmışlar. O, rayon rəhbərliyinə zəng etmişdir ki, kombaynı çıxartmasınlar, məhsullar məhv olur. Rayon rəhbərliyi MMC-nin rəhbərliyi ilə əlaqə saxlasa da, kombaynı çıxartmışlar. Lakin aktlara imzanı Cavabdeh oğlu atıb. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: şəkər çuğunduru məhsulu üzrə qarışıq müqavilə, maliyyə arayışı, malların fiziki şəxslərə təhvil-qəbulu qəbzi, görülmüş işlərin, xidmətlərin təhviltəslimi barədə akt və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. İşdən müəyyən olunur ki, tərəflər arasında bağlanmış xx.xx.2023-ci tarixli , 211.18.59.164 saylı şəkər çuğunduru üzrə Qarışıq Müqaviləyə dair müqavilənin məzmunundan göründüyü kimi həmin müqavilə qarışıq müqavilə olmaqla özündə podrat, xidmət və alğı-satqı müqavilələrinin əlamətlərini ehtiva edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci tarixli, 211.18.59.164 saylı “şəkər çuğunduru məhsulu üzrə qarışıq müqavilə”yə əsasən cavabdeh 5 ha torpaq sahəsində şəkər çuğunduru bitkisini əkib-becərməyi və istehsal etdiyi məhsulu "xxxx" MMC-yə satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cəmiyyət tərəfindən cavabdehə 2240 (iki min iki yüz qırx) manat dəyərində şəkər çuğunduru toxumu, 1346.67 (bir min üç yüz qırx altı manat altımış yeddi qəpik) manat dəyərində dərman, 840 (səkkiz yüz qırx) manat dəyərində gübrə, 2407.58 (iki min dörd yüz yeddi manat əlli səkkiz qəpik) manat dəyərində isə aqrotexniki xidmət satılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən norma sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Qanunvericiliyə əsasən iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Tərtər X9 Mərkəzinin 30 iyul 2025-ci il tarixli 3-22-3-59/2-49/2025 nömrəli məktubundan görünür ki, cavabdeh Köçərli kənd sakini Cavabdeh 05 oktyabr 2024-cü il tarixdə Tərtər X9 Mərkəzinə telefon vasitəsi ilə zəng edərək rayonun Köçərli kənd ərazisində yerləşən 5 ha çuğundur sahəsində çürümə başladığını və onun yerində təcili yığım aparılması üçün kombayınla təmin olunmasına köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı MMC-nin Tərtər rayonu üzrə nümayəndəsi ilə əlaqə saxlanılmış və fermerin probleminin həll olunmasının vacibliyi bildirilmişdir. Zavod nümayəndəsi öz növbəsinədə həmin ərazidə kombayn olmadığını və yaxın günlərdə kombaynla təmin olunacağını bildirmişdir. Lakin 20 oktyabr 2024-cü il tarixdə fermer yenidən telefon vasitəsi ilə əlaqə saxlayaraq hələ də kombaynla təmin olunmadığını bildirmişdir. DAİM direktoru tərəfindən yenidən İddiaçı MMC-nin Tərtər rayonu üzrə nümayəndəsi ilə əlaqə saxlanılmış, fermerin müraciətinə baxılmamasının səbəbi öyrənilmişdir. Zavod nümayəndəsi tərəfindən səbəb olaraq rayon ərazisində hələdə kombayn olmadığını, yaxın günlərdə kombaynla təmin olunacağı bildirilmişdir. Eyni zamanda məhkəmədə şahid qismində ifadə verən əvəllər iddiaçı şirkətin işçisi olmuş X3 və X6 da öz ifadələrində fermerin vaxtında kombaynla təmin olunmaması səbəbindən yüksək məhsuldarlıq əldə edə bilmədiyini və məhsulun çox hissəsinin çürüdüyünü bildirmişlər. Həmçinin tərəflər arasında bağlanılmış müqavilənin 5.4-cü bəndində qeyd olunur ki, şəkər çuğundurunun yığımının başlanması və son təhvil tarixləri Alıcı tərəfindən müəyyənləşdirilir və 20 gün əvvəl Fermerə hazırki müqavilənin son hissəsində göstərilən ünvan və ya telefon vasitəsilə bildirilir. Beləliklə tərəflərin izahatlarından, şahid ifadələrindən və işin faktiki hallarına əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdeh qabaqcadan şəkər çuğunduru məhsulunda çürümə başladığından təcili yığılması ilə bağlı iddiaçını məlumatlandırsa da, iddiaçı tərəfindən cavabdeh vaxtında yığım kombaynı ilə təmin olunmamış və yalnız dekabr ayının əvvəllərində cavabdehin əkin sahəsində olan məhsul yığılmışdır. İddiaçının vaxtında cavabdehi kombaynla təchiz etməməsi səbəbindən və yığım gec olduğundan yüksək məhsul əldə edilə bilməmişdir. Nəticədə isə fermerin şirkətə borcu yaranmışdır. Şirkət fermeri zamanında yığım kombaynı ilə təmin etməli olduğu halda bunu etməmiş və nəticədə müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehin borcu iddiaçının onu vaxtında yığım kombaynı ilə təmin etməməsi ilə əlaqədar olduğundan iddiaçı borcun cavabdehdən tələb edilməsini tələb etməkdə haqlı olmamışdır. Çünki cavabdeh müqavilə üzrə öz öhdəliklərini yerinə yetirərək məhsulun yetişdirilməsi ilə bütün aqrotexniki tədbirləri görmüşdür. Lakin məhsul gec yığıldığından yüksək məhsuldarlıq əldə edilə bilməmişdir. Bu halda isə cavabdehin hər hansı müqavilə öhdəliyini pozmasından söhbət belə gedə bilməz. Ona görə də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İddia tələbi rədd olunduğundan, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar