Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1294/2025 24.07.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədov Rəşad Seylan oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 2185 manat 30 qəpik borc və 43 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və cavabdeh arasında bağlanmış xx.xx.2023-ci tarixli, 211.21.59.013 saylı “Şəkər çuğunduru üzrə Qarışıq Müqavilə”sinə əsasən cavabdeh 2.88 ha torpaq sahəsində şəkər çuğunduru bitkisini əkibbecərməyi və istehsal etdiyi məhsulu İddiaçı MMC-yə satmağı öhdəsinə götürmüşdü. Müqavilənin icrası ilə əlaqədar Cəmiyyət tərəfindən cavabdehə 700 manat dəyərində şəkər çuğunduru toxumu, 372 manat 30 qəpik dəyərində dərman, 780 manat dəyərində gübrə, 983 manat 30 qəpik dəyərində aqrotexniki xidmət satılmış və 266 manat 68 qəpik avans pul ödənilmişdir. Nəticədə cavabdehin cəmiyyətə 3102 manat 30 qəpik borcu yaranmışdır. Cavabdeh tərəfindən 917 manat dəyərində məhsul zavoda təhvil verilmişdir. Son olaraq cavabdehin cəmiyyətə 2185 manat 30 qəpik borcu qalmışdır. Cavabdehin borclu olması təhvil-təslim aktlarında və ödəniş tapşırıqlarında öz əksini tapmışdır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi üçün pretenziya məktubu göndərilmişdir, lakin cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 10 iyun 2025-ci il tarixli, e-2-2(115)-1294/2025 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İş materillarını nəzərdən keçirib hesab edirəm ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 211.21.59.013 saylı 2023-2024 təsərrüfat ili üçün şəkər çuğunduru məhsulu üzrə qarışıq müqavilədən görünür ki, Cavabdeh fermer olaraq mülkiyyətində və ya qanuni istifadəsində olan Tərtər rayonu, Qazyan kəndi ərazisində yerləşən 3.40 ha torpaq sahəsində əkiləcək, suvarılacaq, yetişdiriləcək, istehsal olunacaq və şəkərlilik dərəcəsinə uyğun olaraq hesablanmış qiymət əsasında alıcıya təhvil verməyi, alıcı isə fermer tərəfindən ona təhvil veriləcək şəkər çuğundurunun dəyərini fermer üçün aqrotexniki xidmətlər göstərməklə və toxum, pestisidlər, gübrə təhvil verməklə həyata keçirməyi, öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli XHE 556099 nömrəli təhvil-qəbul qəbzinə əsasən 1180 manat, xx.xx.2024-cü il tarixli XHE 556416 nömrəli təhvil-qəbul qəbzinə əsasən 548 manat 78 qəpik, xx.xx.2024-cü il tarixli 556510 nömrəli təhvil-qəbul qəbzinə əsasən isə 123 manat 53 qəpik olmaqla, cəmi 1852 manat 31 qəpik məbləğində mallar İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli görülmüş işlərin, xidmətlərin təhviltəslimi aktına əsasən 138 manat 24 qəpik, xx.xx.2024-cü il tarixli aktlara əsasən 17 manat 28 qəpik, 168 manat 76 qəpik, xx.xx.2024-cü il tarixli təhvil-təslimi aktlara əsasən 31 manat 68 qəpik, 97 manat 92 qəpik, 129 manat 60 qəpik, 666 manat 50 qəpik olmaqla, cəmi 1249 manat 98 qəpik məbləğində işlər İddiaçı MMC tərəfindən həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli elektron qəbzə əsasən 168 manat 76 qəpik, xx.xx.2024-cü il tarixli elektron qəbzə əsasən isə 97 manat 92 qəpik olmaqla, cəmi 266 manat 68 qəpik İddiaçı MMC tərəfindən Cavabdeh avans pul ödənilmişdir. İş materiallarına əlavə edilmiş pretenziya məktubundan görünür ki, iddiaçı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh şəkər çuğunduru əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmasına dair iddiaçı qarşısında öhdəlik götürmüş, bu məqsədlə iddiaçı tərəfindən cavabdehə 3102 manat 30 qəpik məbləğində mal və xidmət göstərilmiş, lakin cavabdeh öhdəliklərini yerinə yetirməyərək, iddiaçıya olan borcunu tam şəkildə qaytarmamışdır. İddiaçı da iddia ərizəsində qeyd etmişdir ki, qeyd olunan borcdan 917 manat ödəniş edilmiş, 2185 manat 30 qəpik məbləğində borc ödənilməmiş qalmışdır. Göstərilənlərə əsasən hesab edirəm ki, iddia təmin edilməli, 2185 manat 30 qəpik məbləğində borc və 43 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. 2185 manat 30 qəpik məbləğində borc və 43 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-1294/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1294/2025
24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver