Məhkəmə qərarları › İş №e-2-2(115)-1296/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1296/2022

11.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1296/2022 11.08.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Gəncə Kommersiya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh yaranmış 3585,05 manat əsas borcun, mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 manat pul vəsaitinin və 6.20 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli inşaat materiallarının alqı-satqısı müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqaviləyə 1 saylı Əlavə olan spesifikasiya aktında adları qeyd olunan malları “Satıcı” satmağı, “Alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə uyğun olaraq cavabdehin sifarişi ilə müəyyən olunan mallar vaxtında və tam şəkildə ona təhvil verilmişdir. Alqı-satqı münasibətlərinin yekununda yekun dövriyyənin və müştərinin qalıq debitor borcunun müəyyənləşdirilməsi məqsədilə Cavabdeh və iddiaçının səlahiyyətli nümayəndələrinin iştirakı ilə üzləşdirmə aktı tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli “üzləşdirmə aktı”na əsasən, Cavabdeh İddiaçı MMC-ə 3585,05 (üç min beş yüz səksən beş manat beş qəp.) manat məbləğində qalıq borcunun olduğu müəyyən edilib və tərəflərin imzası ilə təsdiqlənmişdir. xx.xx.2022-ci il tarixində tərəflərindən cavabdehin ünvanına rəsmi qaydada pretenziya məktubu göndərilərək qalıq borcun ödənilməsi tələb olunsa da, münasibətlərin qaydaya salınması məqsədilə heç bir addım atılmamışdır. Eyni zamanda AR Mülki prosessual qanunvericiliyinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə pretenziya məktubu elektron qaydadacavabdehin müvafiq icra hakimiyyəti orqanında yaradılmış kabinetinə yerləşdirilmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəmyə heç bir məlumat verməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia tələbini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: 08 sentyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı qismində İddiaçı MMC alıcı qismində Cavabdeh iştirak etmiş, satıcı malları alıcıya verməyi, alıcı isə əvvəlcədən razılaşdırılmış dəyərini ödəməyi öhdəsinə götürmüşdür. 01 fevral 2022-ci il tarixli tərəflərin iştirakı ilə tərtib olunaraq ikitərəfli qaydada imzalanmış üzləşdirmə aktından görünür ki, Cavabdeh İddiaçınə 3585,05 manat borcu vardır. İş materiallarında olan qəbzin surətindən görünür ki, ilkin mediasiya sessiyasında iştirak edilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci ödənilmişdir. 18 mart 2021-ci il tarixli, 093 nömrəli pretenziya məktubunun surətindən görünür ki, cavabdeh yaranmış borc məbləği ilə bağlı xəbərdar edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış 08 sentyabr 2020ci il il tarixli müqaviləyə əsasən satıcı «Fortis Group” MMC malları alıcıya verməyi, alıcı Cavabdeh isə malların dəyərini ödəməyi öhdəsinə götürmüş, ancaq alıcı müqavilənin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdehə borcun ödənilməsi barədə pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iddia tələbinə qarşı etirazını bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borcun qaytarılması ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə borcun qaytarılması (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu borcun qaytarılması məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş borcun qaytarılması məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh X1 3585,05 (üç min beş yüz səksən beş manat beş qəpik) manat əsas borc və mediasiya sesiyasının keçrilməsi üçün ödənilmiş 60 manat və 6.20 (altı manat iyirmi qəpik) manat tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241-242, 244, 253.3 və 360-cı maddələrinə əsasən qət etdi: İddia təmin edilsin. Cavabdeh X1 3585,05 (üç min beş yüz səksən beş manat beş qəpik) manat əsas borc və mediasiya sesiyasının keçrilməsi üçün ödənilmiş 60 manat və 6.20 (altı manat iyirmi qəpik) manat tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar