Məhkəmə qərarları › İş №e-2-2(115)-131/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-131/2022

10.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-131/2022 10.08.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2, Cavabdeh iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı MMC-nin xeyrinə 4183.56 manat borc, 62.20 manat məbləğində ödənilmiş dövlət rüsumu və 60 manat mediasiya rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Şəkər çuğunduru X1 Üzrə Xidmət Və Satınalma Müqaviləsi”-nə əsasən cavabdeh 5 hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 35 ton məhsul əldə etməklə, ümumilikdə 165 ton məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə cavabdehə məxsus sahəyə cəmiyyət tərəfindən 4529 manat məbləğində mal və xidmət satılmaqla və 1295 manat pul vəsaiti avans olaraq kart hesabına köçürtməklə cəmi 5824 manat dəyərində xərc çəkilmişdir. Cavabbdeh tərəfindən isə iddiaçıya cəmi 1640.44 manat dəyərində şəkər çuğunduru təhvil verilmişdir. Nəticədə cavabdehin cəmiyyətə 4183.56 manat borcu yaranmışdır. Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, icarəyə götürdüyü 0.5 ha torpaq sahəsində çuğundur əkməyə başlayarkən İddiaçı MMC ilə aralarında heç bir müqavilə imzalanmamışdır. İstər şəkər zavodu ona çuğundur toxumu verərkən, istərsə də dərman pereparatları, gübrə məhsulları göndərərkən heç bir sənədə imza atmamışdır. Zavodun göndərdiyi və istismar vaxtı keçmiş gübrə məhsullarının yararsız olduğunu biləndən sonra "xxxx" Açıq Səhmdar Cəmiyyətindən öz vəsait hesabına 70 faiz güzəştlə 1870 manat dəyərində gübrə məhsullarına 561 manat nəğd pul ödəməklə almışdır. 0.5 ha çuğundur sahəsinin becərilməsinə 5671 manat məbləğində pul xərcləmiş və İddiaçı MMC tərəfindən ona heç bir ödəniş olunmamışdır. İddiaçı MMC-yə 25 ton şəkər çuğunduru tədarük edib təhvil vermişdir. 25 ton şəkər çuğundurunun ümumi dəyəri 1650 manat məbləğindədir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, cavabdehə xidmətlərin göstərilməsi barədə elekton qaimə təqdim edilmişdir. Həmçinin cavabdeh tərəfindən torpaq sahəsində çuğundur əkilməsi ilə bağlı aqronom tərəfindən verilmiş rəy şifahi olmuşdur və şifahi olaraq rəhbərliyə bildirilmişdir. Bununla bağlı hər hansı yazılı rəy mövcud olmamışdır. Əkin sahəsində su problemi yaranmış olsa da bu məslə iddiaçıya aid məsələ deyildir. Cavabdeh vergi ödəyicisi olduğundan verilmiş mallar və göstərilmiş xidmətlər sənəd üzrə deyil, elektron qaydada təqdim edilmişdir. Müqavilənin 3.5-ci bəndi sahibkar olan şəxslərə aid deyildir. Odur ki, iddia əsaslıdır. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, borcu qəbul etmir. İddiaçı MMC öhdəlikləri tam yerinə yetirmədiyinə görə məhsul əldə edə bilməmişdir. Belə ki, şirkət tərəfindən ona ancaq toxum təqdim edilmişdir və həmin toxum isə keyfiyyətsiz olmuşdur. Həmçinin iddiaçı tərəfindən gübrə və dərman vasitələri verilməmiş və müqavilə üzrə digər xidmətlər göstərilməmişdir. Əgər edilmişdirsə onda bu barədə sübutu təqdim etsin. Ona görə də iddia tələbi əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərərsiz baxaraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli "xxxx" MMC ilə Cavabdeh arasında şəkər çuğunduru X1 üzrə xidmət və satınalma müqaviləsi”-nə əsasən cavabdeh 5 hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 35 ton məhsul əldə etməklə, ümumilikdə 165 ton məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Həmin müqaviləsinin 2.1-ci bəndinə əsasən istehsalçı/əkinçi öz qanuni istifadəsində olan Göygöl rayon, Üçtəpə kənd ərazisində yerləşən 5 hektar torpaq sahəsində “AŞİB”in aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən toxum, gübrə, bitkinin mühafizəsi və digər maddi texniki vasitələri ilə şəkər çuğunduru bitkisini intensiv yolla becərməli və əldə edilmiş məhsulun hamsını bu müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə, qiymətlə və qaydada 2019-cu ilin 12-ci ayının sonunadək “AŞİB”-ə təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən “AŞİB”-in nümayəndəsi “İstehsalçı/Əkinçi”-nin torpaq sahəsinə baxış keçirərək şəkər çuğundurunun səmərəli əkini üçün yararlığı, suvarma suyu ilə tam təmin olunması və s. məsələləri əsas götürərək uyğunluq barədə öz rəyini bildirir. Həmin müqavilənin 3.5-ci maddəsinə əsasən “AŞİB” əlavə 2-də göstərilən aqrotexniki tədbirlərə aid hər bir xidmətin borcalma sənədinin “İstehsalçı/Əkinçi” tərəfindən təsdiqlənməsi üçün onun imzasına təqdim edir. “İstehsalçı/Əkinçi” ilə görüşmək mümkün olmadıqda, onun yerinə müvafiq dövlət orqanı tərəfindən təsdiq edilmiş sənəd və ya etibarnamə əsasında başqa şəxslərə də imzalatdıra bilər. xx.xx.2019-cu il tarixli "xxxx" MMC ilə Cavabdeh arasında şəkər çuğunduru X1 üzrə xidmət və satınalma müqaviləsi”-nə 1 saylı Əlavənin 3-cü bəndinə əsasən cavabdeh 5 hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 35 ton məhsul əldə etməklə, ümumilikdə 175 ton məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. İş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının nəticəsi kimi təqdim edilmiş ekspert rəyində “Məhkəmə Ekspertiza Mərkəzi” tərəfindən xx.xx.2019-cu il tarixli "xxxx" MMC ilə Cavabdeh arasında şəkər çuğunduru X1 üzrə xidmət və satınalma müqaviləsi”-nin 2-ci vərəqinin arxa tərəfində “10.tərəflər” bölməsinin “ İstehsalçı/Əkinçi” hissəsində “imza” qrafasındakı imza-Cavabdeh tərəfindən icra olunmuşdur. Yuxarıda qeyd edildiyi kimi, tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən İddiaçı MMC.mütəxəssisi torpaq sahəsinə baxış keçirərək şəkər çuğundurunun səmərəli əkini üçün yararlığı, suvarma suyu ilə tam təmin olunması və s. məsələləri əsas götürərək uyğunluq barədə müvafiq rəy bildirməlidir. Lakin belə bir rəy mövcud deyildir. İddiaçının nümayəndəsi rəyin şifahi qaydada bildirildiyini bildirsə də, həmin rəyin nə vaxt, kim tərəfindən, kimə bildirilməsini sübut edə bilməmişdir. Məhkəmənin mövqeyinə görə isə, mütəxəssis rəyi yalnız yazılı formada olmalıdır. Bundan əlavə müqavilənin 3.5-ci bəndinə əsasən “AŞİB” əlavə 2-də göstərilən aqrotexniki tədbirlərə aid hər bir xidmətin borcalma sənədinin “İstehsalçı/Əkinçi” tərəfindən təsdiqlənməsi üçün onun imzasına təqdim edir. “İstehsalçı/Əkinçi” ilə görüşmək mümkün olmadıqda, onun yerinə müvafiq dövlət orqanı tərəfindən təsdiq edilmiş sənəd və ya etibarnamə əsasında başqa şəxslərə də imzalatdıra bilər. Müqavilənin şərtindən göründüyü kimi “AŞİB” əlavə 2-də göstərilən aqrotexniki tədbirlərə aid hər bir borclanmanı müvafiq sənəddə göstərilməli və tərəfin imzasına təqdim etməlidir. İddiaçı tərəfin nümayəndəsi borclanma sənədinin imzaya təqdim edilməməsini onunla izah etmişdir ki, müqavilənin 3.5-ci bəndi sahibkar olan şəxslərə aid deyildir. Belə ki, onlar vergi ödəyicisi olduqlarından elektron qaimələrin olması kifayətdir. Məhkəmə iddiaçının nümayəndəsinin bu izahını əsaslı saymır. Belə ki, müqavilənin bu bəndində göstərilənlər “AŞİB” öz üzərinə götürdüyü öhdəliyidir. Bir halda ki, bu öhdəliyin icrası müqavilədə nəzərdə tutulmuşdur, qarşı tərəfin sahibkar statusunun olubolmamasından asılı olmayaraq yerinə yetirilməlidir. Göründüyü kimi İddiaçı MMC müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərini tam şəkildə yerinə yetirməmişdir. Belə ki, iddiaçı gübrə və dərmanın cavabdehə təhvil verilməsini və eyni zamanda onun tərəfindən qəbul edilməsini təsdiq edən sənədi təqdim edə bilməmişdir. Bu hal sübutlarla təsdiqini tapmamışdır. Bir halda ki, həmin vasitələrin verilməsi müqavilədə nəzərdə tutulmuş miqdarda məhsulun əldə edilməsi üçün zəruri qaydada təmin olunmalı idi, olunmadığı halda hər iki çatışmazlıq məhsulun yetişməsinə mənfi təsirini göstərməyə bilməzdi. Tərəflər arasında olan müqavilənin məzmunundan da göründüyü kimi tərəflərin qarşılıqlı şəkildə üzərinə götürdüyü öhdəliklərin məqsədi müəyyən edilmiş normadan az olmayan keyfiyyətli məhsulun əldə edilməsinə yönəlmişdir. Müqavilə üzrə passiv tərəf mövcud deyildir. Öhdəliklərin icrası hər iki tərəfin vaxtaşırı və mütəmadi hərəkətlərin edilməsi ilə məhsulun yığımınasına qədər davam etdirilməli olmuşdur. Yəni, müqavilənin məqsədinə bütünlüklə nail olmaq o halda mümkün ola bilərdi ki, hər bir tərəf öz üzərinə düşən öhdəliyi tam icra etmiş olsun. Məhsul birgə fəaliyyətlə əldə edilmiş olmalıdır. Bir halda ki, Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC müqavilə üzrə öz öhdəliklərini tam icra etməmişdir, qarşı tərəfdən icranı tam şəkildə tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 218.3-cü maddəsinə əsasən məhkəmə yalnız irəli sürülən tələb üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin rəhbər tutub qət etdi: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar