Məhkəmə qərarları › İş №e-2-2(115)-131/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-131/2025

16.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-131/2025 16.04.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Cavabdeh və onun nümayəndəsi Nümayəndə2 iştirakı ilə. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 9987 manat 40 qəpik borcun, 119 manat 88 qəpik ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 22 iyul 2021-ci il tarixli 91 saylı inşaat materiallarının alqı-satqısı müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqaviləyə 1 saylı əlavə olan spesifikasiya aktında adları qeyd olunan malları satıcı satmağı, alıcı isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 9.1-ci bəndinə əsasən, bu müqavilə bağlandığı andan qüvvəyə minir və bir il müddətinə qüvvədədir. Müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonra ona xitam vermək barədə tərəflərdən birinin digərinə yazılı müraciəti olmadıqda bu müqavilə eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqaviləyə uyğun olaraq cavabdehin sifarişi ilə müəyyən olunan mallar vaxtında və tam şəkildə ona təhvil verilmişdir. Müqavilənin 5.1-ci bəndinə əsasən, ödəmə bank köçürməsi və ya nağd hesablaşma yolu ilə malların alıcıya təhvil verildiyi gündən 30 gün ərzində alıcı tərəfindən həyata keçirilir. Lakin alıcı müqavilənin şərtlərini kobud şəkildə pozaraq aldığı malların dəyərini bu günədək ödəməmişdir. 14 sentyabr 2022-ci il tarixdə borcun dəqiqləşdirilməsi və etirafı məqsədilə, tərəflərin iştirakı ilə tərtib olunaraq ikitərəfli qaydada imzalanmış üzləşdirmə aktına əsasən, Cavabdeh 9987 manat 40 qəpik məbləğində qalıq borcunun olduğu müəyyən edilmişdir. Müqavilənin 8.1-ci maddəsinə uyğun olaraq məsələni həll etmək məqsədilə dəfələrlə borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tamamilə icra olunsa da, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Məhkəmənin əvvəli iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, qarşı tərəflə müqavilə 22 iyul 2021-ci il də bağlanmışdır. Cavbadeh şəriki ilə mağaza işlədirdi, bütün mallar isə cavabdehin adına yazılmışdır. Şəriklər arasında münasibət pozulduğundan 2022-ci ildə onlar üzləşdirmə aktı tərtib etmişlər. Həmin üzləşdirmə aktındakı borc cavabdehə məxsusudur. Daxil olan SMS-lər isə mallar cavabdehin adına yazıldığına görə ona göndərilmişdir. 2023-cü ilin avqsut ayından sonra onlar cavbadehin adına mal göndərməmişlər. 9987,40 manat borc cavabdehin özünün borcudur, sonrakı SMS-lər isə cavabdehə göndərilsə də mallar onun şərikinə verilmişdir. SMS-lərdə qeyd edilən nömrələr sürücülərin, yəni şirkətin nömrələridir. Müqavilə cavabdehlə bağlandığı üçün bütün SMS-lər ona göndərilmişdir. 5100 manatı iddiaçıya Cavabdeh şəriki ödəmişdir. SMS-lər cavabdehə aid deyildir, sırf mağazaya, Orxan müəllimə aiddir. İddiaçının nümayəndəsi Nümayəndə1 daha sonra izahatında göstərdi ki, müqavilə sırf cavabdehlə bağlanmış, 2023-cü ilin avqust ayında isə müqavilə onun şəriki ilə bağlanmışdır. 14 sentyabr 2022-ci ilədək mağazaya mal vermişlər. Üzləşdirmə aktı tərtib edilərkən mağazanın ümumi borcu 2 yerə bölünmüş və üzləşdirmə aktı tərtib edilmişdir. 9987 manatı cavabdeh öz üzərinə götürmüşdür. Üzləşdirmə aktındakı borc sırf cavabdehin özünün üzərinə düşən borcdur. Üzləşdirmə aktından sonra mallar cavabdehin şəriki Orxan müəllimə verilmişdir. Orxan müəllim 2022-ci ildən sonrakı malların dəyərini ödəmişdir. Ona görə də iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, iddiaçı malların mağazaya gəlib-gəlmədiyini sübut edə bilmir, bir tək üzləşmə aktını sübut kimi məhkəməyə təqdim edirlər. Əgər ona mal vermişlərsə bunlara dair elektron qaimə təqdim etməlidirlər. Şahid özü də ondan pul götürdüyünü təsdiq edir. Fakt o borcunu ödədiyi halda Orxandan ala bilmədikləri pulu ondan tələb edirlər. Sadəcə olaraq Orxanla arasında yaranan mübahisə ilə əlaqədar borcunu ödəmir, iddiaçı da həmin pulu ondan tələb edir. Üzləşdirmə aktındakı imza ona məxsus olsa da o həmin məbləği ödəmişdir. Üzləşmə aktının tarixindən sonra da mal alqı-satqısı olmuşdur. O kafel yapışdırıcıları sifariş etməmişdir. Birinci üzləşmə aktından sonra oboyla kafeli ayırmışlar. Sifarişlərin hamsını Orxan etmiş, Zaur isə qəbul etmişdir. O nə mal sifariş vermiş, nə də ki, mal qəbul etmişdir. Ödənişləri mağazadan götürüb vermişdir. VÖEN-ni bağladandan sonra mağazadan ayrılmışdır. Cavabdeh daha sonra izahatında göstərdi ki, təqdim edilən üzləşdirmə aktı mağaza ilk dəfə açılanda verilən malın dəyəridir. 9987 manatlıq borcla bağlı üzləşdirmə aktına o imza çəkmişdir. Üzləşdirmə aktı tərtib edildikdən sonra şəxsən ona mal verilməmişdir. Həmin dövrdə elektron qaydada qeydiyyat aparmadığı üçün hər şeyi dəftərinə yazmışdır. SMS-lər iddiaçıya məxsus nömrədən göndərilmişdir. SMS-də olan və ödənilməsi qeyd edilən 5100 manat ödənişi o ödəmişdir, lakin əlində çeki yoxdur, ancaq bu barədə öz dəftərinə qeyd etmişdir. O, ödənişi Nurlan müəllimə etmişdir. Onun dəftərində Nurlan müəllimin imzası yoxdur, ancaq 5100 manatı əlbəəl Nurlan müəllimə onun işçisi vermişdir. Başqa ödənişləri də olmuşdur. Bütün göndərilən SMS-lər məhkəməyə təqdim edilsə oradan daha aydın olar ki, nə qədər mal təhvil verilmişdir. 2023-cü ilin avqsut ayından sonra ona SMS gəlməmişdir. 5100 manatı ödəyəndən sonra 6086 manat borc qaldığını görmüşdür, ancaq başa düşməmişdir ki, niyə 9987 manatdan 5100 ödəniş edəndə 6086 manat borc qalır. 5100 manat ödənişi etdikdən sonra qeyd edilən 6000 manat borc onun deyil. Bu günki gün ona qarşı qalıdırılan iddiadakı borc məbləği onun ilk dəfə imzaladığı üzləşmə aktıdır. O, mağazadakı fəaliyyətini dayandırdığını iddiaçıya bildirsə də, iddiaçı yenə də onun adına mal göndərməyə davam etmişdir. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, iddiaçı ilə müqaviləni Cavabdeh bağlamışdır. Cavabdeh iddiaçıya heç bir borcu yoxdur, son ödənişlərini həyata keçirərək mağazadan ayrılmışdır, onun şəriki həmin mağazada fəaliyyət göstərmişdir. 2023-cü ilin fevral ayında Cavabdeh VÖEN-ni dondurmuş, mağazadan ayrılandan sonra digər şəriki mağazanı işlətməyə davam etmişdir. Cavabdeh mağazadan ayrılsa da iddiaçı həmin tikinti mağazasına mallar verməyə davam etmişdir. Ona görə də hazırda həmin mağazının iddiaçıya borcu vardır, iddiaçı da həmin borcu cavabdehdən tələb edir, lakin həmin borc cavabdehin borcu deyildir. Cavabdeh göndərilmiş, pretenziya məktubundan görünür ki, məbləğ fərqlidir, iddiaçı 17037,65 manat borc tələb edir. Lakin iddia ərizəsində 9987 manat borc tələb olunur. xx.xx.2022-ci ildə üzləşmə aktı imzlanmışdır, hansı ki. üzləşmə aktında qeyd edilən məbləğ iddia ərizəsindəki məbləğlə eynidir. Üzləşmə aktı olsa da Cavabdeh iddiaçıya borcu yoxdur, borc ödənilmişdir. Cavabdeh inşaat materialları mağazası işlədən zaman iddiaçıdan mal almışdır, lakin daha sonra həmin mağazada olan fəaliyyətini bitirmişdir, bu barədə vergi oqranının rəsmi qaydada məlumat da vermişdir. İddiaçı məhkəməyə üzləşmə aktından başqa hər hansı sənəd təqdim edə bilməmişdir. Tərəflər arasında olan münasibətlər qanunvericiliyin tələblərinə uyğun olmamışdır. 9987 manat dəyərində akt isə ilk dəfə mal verilərkən, yəni mağazanın açılışı zamanı təhvil verilən malın dəyəridir. Çünki iddiaçının öz iddiasının əsası kimi təqdim edə biləcək başqa sübutu yoxdur. İddiaçıya dəfələrlə israr edilsə də alqı-satqı ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir. İddiaçı da bilir ki, bu borc cavabdehin şərikinə məxsus borcdur, ödənişlər də əlbəəl olmuşdur. Cavabdehin nömrəsinə gələn SMS-lərdən də görünür ki, ödənişlər həyata keçirilmişdir. İddiaçı ödəniş cədvəli təqdim etmir ki, cavabdehin həqiqətən bugünki günə olan borcu nə qədərdir. İddiaçı bir tək üzləşmə aktını təqdim edərək borcu cavabdehdən tələb edir. İddiaçı tərəfindən hər hansı elektron qaimə də təqdim edilməmişdir. Həmçinin iddiaçı tərəfindən cavabdehə göndərilən SMS məktublarında borcun artıb-azaldığı və borcun ödənilməsi görsənir. Odur ki, iddia tələbinin rədd edilməsini barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmədə şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, Asif müəllimi və Orxan müəllimi o ilk dəfə mağazada görmüş, bundan qabaq onları tanımamışdır. Ona müqavilə bağlamaq istədiklərini və şərik olduqlarını bildirmişlər. O da Asif müəllimlə müqavilə bağlamışdır. Mallara görə pulu o daha çox Orxan müəllimdən almış, daha çox mağazada Orxan müəllim olmuşdur. Daha sonra Asif müəllimi şəhərdə görmüş və Asif müəllimə demişdir ki, mağazadan ayrılıbsa müqavilədən onun adını çıxartsınlar. Asif isə ona bildirmişdir ki, problem yoxdur, onların ədavəti yoxdur. Bir müddət sonra Orxan ödəniş etməməyə başlamış, borc yığılıb təxminən 18000 manat olmuşdur. Ödənişdə olan problemlərlə əlaqədar Asifə yaxınlaşmış, Orxana ödəniş etməsi üçün xahiş etməsini istəmişdir. Sonradan bilmişdir ki, şəriklərin arasında nəsə pul söhbəti olmuşdur. Sonra şirkət tərəfindən onun yoxlaması olan zaman o pis vəziyiyyətdə qalmışdır. Daha sonra Şahid tərəflərin və sədrlik edənin suallarına cavab olaraq bildirdi ki, 14 sentyabr 2022-ci il tarixli üzləşmə aktı tərtib ediləndən sonra Asif müəllimin adına ödənişlər edilmişdir, ancaq ödənişin şəxsən kimin etdiyini bilmir. Malların sifarişini dəqiq kim etdiyini də bilmir. Mağazaya təhvil verilən malları da sistemə qeyd etmişlər. Malları şirkətdən sürücü gətirmiş, müştəri sənədə imza çəkib götürmüşdür. Həmin sürücülərin adlarını dəqiq bilmir. Ödənişləri o nəğd şəkildə götürmüş, daha sonra ödənişi planşetlə sistemə vurmuş, müştəriyə də bu barədə SMS göndərilmişdir. Ödənişləri şirkət daxili sistemə qeyd etmişdir. Pulu nağd olaraq şəxsən özü götürmüş, Asif müəllimdən də, Orxan müəllimdən də pul almışdır. Pulları alan kimi müştəriyə ödəniş barədə SMS gəlmişdir. Şirkətin bazasında hansı tarixlərdə ödəniş edilməsi qeyd edilmişdir. Pulu sırf özü götürmüş, sürücüyə pul verilməmişdir. Zaur, Asif və Orxandan daha çox pul almışdır. Asif müəllimi o mağazadan ayrıldıqdan sonra görəndə onun borcu çox olmuş, ona görə o Asif müəllimə demişdir ki, onun müqavilədən ayırsınlar, Asif isə ona bildirmişdir ki, o, Orxanla dostdur. 16000 manat qədər borc yığılan vaxt o mağazaya teztez gedib gəlmiş, mağazada ona sübut etməyə çalışmışlar ki, 16000 manat borcun 10000 manatı Asif müəllimə məxsusdur, Asif mağazadan ayrılandan sonra 6000 manatlıq mal gəlmişdir, onun da pulunu ödəmək istəyirlər. 2023-cü ilin əvvəlindən Asif müəllimin artıq həmin mağzada işləmədiyi ona məlum idi, Asif müəllimlə qarşılaşanda Asifin təxmini borcunun nə qədər olduğunu bilmir. Təxminən 2023-cü ilin əvvəlinədək mağazadan Asif müəllimdən də, Orxan müəllimdən də pul almışdır. İlk dəfə sifariş müqavilə bağlandıqdan 2-3 gün sonra edilmişdir. Mağaza fəaliyyətə başlayandan sonra ödənişlərin çoxunu Asif müəllimdən qəbul etmişdir. Borc həmişə artıb-azalmışdır. İldə 1-2 dəfə audit yoxlaması olur, həmin vaxt müştərilərin borcu müəyyən edilir. Audit yoxlaması hər deyəndə olmur deyə Asif müəllimin mağazadan uzaqlaşdığını biləndə ona müqavilədən ayrılmağını təklif etmişdir. 2023-cü ilin əvvəlindən etibarən verilən mallar mağazanın özünə verilmişdir. 2023-cü ilin avqust ayında edilən 5100 manat ödəniş, Asif müəllim mağazadan ayrıldığı üçün onun tərəfindən edilə bilməz. Orxan müəllim təxminən qalan 18000 manat borcdan 8000 manatını ödəmiş, 10000 manat borcun isə Asif müəllimin borcu olduğunu bildirmişdir. 2023-cü ilin əvvəlində Asifi gördükdən sonra Asifdən hər hansı pul almamışdır. Hansı tarixlərdə müştəriyə SMS göndərilmişdirsə, deməli o həmin vaxt müştəridən pul götürmüşdür. SMS həmişə bir nömrədən göndərilmişdir. SMS-lərdən açıq-aydın ödənişlərin nə vaxt edilməsi bilinir. Asif müəllimin mağazadan uzaqlaşdığını bildikdən sonra da mağazadan pul almışdır. Belə ki, 1-2 ay ərzində təxmini qalan 18000 manat borcun 8000 manatını ödəniş etmişlər, qalan 10000 manatın isə Asif müəllimə məxsus olduğunu və problemi gedib onunla həll etməyini bildirmişlər. Qeyd etdiyi ödəniş Orxan müəllimin Şəmkirdəki mağazasından edilmişdir. 18000 manat borc yığılanadək mağazaya mal verməyə davam etmişlər. Mal alınanda da, pul ödənəndə də Asif müəllimə SMS göndərilmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 22 iyul 2021-ci il tarixli 91 saylı alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilədə müəyyən edilmiş şərtlər əsasında, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan (müqaviləyə 1 saylı əlavə) spesifikasiyada adları göstərilən malları satıcı satmağı, alıcı isə onu qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci və 3.1-ci bəndinə əsasən malların miqdarının ölçü vahidi, malların çeşidi, malların hər vahidinin qiyməti müqavilənin ayrılmaz hissəsi sayılan (müqaviləyə 1 saylı əlavə) spesifikasiyada göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli üzləşdirmə aktından görünür ki, həmin tarixə borcun 9987,40 manat təşkil etməsi İddiaçı MMC-nin nümayəndəsinin və Cavabdeh imzaları ilə təsdiq edilmişdir. İş materiallarında olan SMS məlumatlarından görünür ki, xx.xx.2023-cü il tarixdə (saat 13:51) ********** nömrəsindən gələn məlumata əsasən 5100 manat ödəniş edilməsi, ödənişdən sonrakı borcun 6086,13 manat olması, xx.xx.2023-cü il tarixdə (saat 18:37) ********** nömrəsindən gələn məlumata əsasən 3967,60 manat sifarişin yola düşdüyü, sifarişdən sonrakı borcun 10053,73 manat olması, xx.xx.2023-cü il tarixdə (saat 11:05) ********** nömrəsindən gələn məlumata əsasən 3967,60 manat sifarişin yola düşdüyü, sifarişdən sonrakı borcun 14021,33 manat olması, xx.xx.2023-cü il tarixdə gələn məlumata əsasən 4272,80 manat sifarişin yola düşdüyü, sifarişdən sonrakı borcun 18294,13 manat olması, xx.xx.2023-cü il tarixdə ********** nömrəsindən gələn məlumata əsasən 305,20 manat sifarişin yola düşdüyü, sifarişdən sonrakı borcun 18599,33 manat olması qeyd edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 19 fevral 2025-ci il tarixli 2872 nömrəli məktubundan görünür ki, təqdim edilən məhkəmə qərardadında qeyd edilən ********* mobil telefon nömrəsindən ********* möbil telefon nömrəsində xx.xx.2021-xx.xx.2023-cü il müddətində SMS göndərilməmişdir. "xxxx" MMC-də “WhatsApp” vasitəsilə göndərilən səsli və yazılı mesajların qeydiyyatı aparılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən bu müqavilədə müəyyən edilmiş şərtlər əsasında, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan (müqaviləyə 1 saylı əlavə) spesifikasiyada adları göstərilən malları satıcı satmağı, alıcı isə onu qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Tərəflərin, habelə şahid ifadəsi ilə müəyyən edilir ki, Cavabdeh Orxan adlı şəxslə şərik olaraq tikinti materialları mağazası işlətmiş, İddiaçı MMC həmin mağaza ilə alqısatqı aparmışdır. Verilən malların məbləği və ödənilən pulun məbləği SMS vasitəsilə aparılmışdır. Cavabdeh 2023-cü ilin fevral-mart ayından həmin mağazadan ayrılmışdır. Şəriki olan Orxan isə iddiaçı ilə alqı-satqı münasibətlərini davam etdirmişdir. Həmçinin Cavabdeh 2023-cü ilin fevral-mart ayınadək, yəni mağazadan ayrılanadək iddiaçı tərəfindən miqdarı və məbləği müəyyən edilməsə də mağazaya mal verilməsi və mağaza tərəfindən iddiaçıya pul ödənilməsi davam etmişdir. 2023-cü il fevral-mart ayından sonra müqavilə Cavabdeh adına olduğundan mağazaya verilən mallar və ödənilən pullarla bağlı SMS məlumatlar cavabdehə məxsus mobil nömrəyə gəlmişdir. 2023-cü ilin avqust ayından sonra isə Cavabdeh məxsus nömrəyə SMS-lərin göndərilməsi dayandırılmışdır. Tərəflər arasında xx.xx.2022-ci il tarixdə üzləşdirmə aktı imzalanmış, borcun 9987,40 manat təşkil etməsi hər iki tərəfin imzaları ilə təsdiq edilmişdir. Üzləşmə akında qeyd edilən məbləğin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi ilə bağlı işdə hər hansı sübut yoxdur. İş materialları ilə, habelə cavabdehin izahatı ilə müəyyən edilir ki, 2023-cü ilin fevral-mart ayından SMS-lər Cavabdeh məxsus nömrəyə gəlsə də, həmin tarixdən, habelə üzləşmə aktının tərtib edildiyi tarixdən iddiaçı tərəfindən cavabdehə mal təhvil verilməmişdir. Cavabdeh onun nömrəsinə gələn SMS-lərdə qeyd edilən 5100 manat pulun (şərik işlədiyi mağazadan ayrıldıqdan sonra xx.xx.2023-cü il tarixdə) onun tərəfindən ödənildiyini qeyd etsə də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İş üzrə şahid qismində dindirilmiş və iddiaçı tərəfindən verilən malların ödənişini yığmaqla məşğul olan Şahid da həmin məbləğin Cavabdeh tərəfindən ödənilmədiyini qeyd etmişdir. Belə olan halda cavabdeh üzləşmə aktında qeyd edilən borc məbləğini iddiaçıya ödədiyini təsdiq edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Odur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 9987,40 manat borc Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 119,88 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 119,88 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 91 saylı alqı-satqı müqaviləsi üzrə yaranmış 9987 manat (doqquz min doqquz yüz səksən yeddi) 40 (qırx) qəpik pul və ödənilmiş 119 (bir yüz on doqquz) manat 88 (səksən səkkiz) qəpik dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar