Məhkəmə qərarları › İş №e-2-2(115)-1314/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1314/2025

22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1314/2025 22.07.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədov Rəşad Seylan oğlu İddiaçı “MKT İstehsalat Kommersiya» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “MKT İstehsalat Kommersiya» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə elektron qaydada Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən əsas borca görə 670 manat 02 qəpik, hesablanmış cəriməyə görə 306 manat 96 qəpik və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 1006 manat 98 qəpik pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslanıdırılmışdır ki, İddiaçı MMC-nin “MKT-Bərdə” filialı və cavabdeh arasında bağlanmış 24 *** **** saylı 2024-cü il mövsümü üzrə xam-pambığın alğı-satqı müqaviləsinə əsəsən, cavabdeh pambıq əkməyi və istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə müqavilə şərtlərinə əsasən, iddiaçı tərəfindən cavabdehə avans olaraq ümumilikdə 12239 manat 63 qəpik dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif aqrotexniki xidmətlər göstərilmişdir. Cavabdeh, təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Buna baxmayaraq, son nəticədə cavabdehin təhvil götürdüyü avansın dəyərinə görə iddiaçıya 670 manat 02 qəpik əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xam-pambığın tədarükünü həyata keçirən müvafiq filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləriqeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda müqavilənin 4.2 bəndinə əsasən, cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 306 manat 96 qəpik təşkil edir. Cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 12 iyun 2025-ci il tarixli, e-2-2(115)-1314/2025 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İş materillarını nəzərdən keçirib hesab edirəm ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11 mart 2024-cü il tarixli 24 *** **** saylı 2024-cü il mövsümü üzrə xampambığın alğı-satqı müqaviləsindən görünür ki, müqavilə ilə Cavabdeh 6 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu İddiaçınə satmağı, iddiaçı isə cavabdehə avans olaraq zəruri vəsaitlər verməyi, müxtəlif xidmətlər göstərməyi, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam-pambığın dəyərindən çıxılmasını öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.2-ci bəndindən görünür ki, cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1 %-i məbləğində cərimə də ödəməlidir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış 11 mart 2024-cü il tarixli 24 *** **** saylı qiymətlərin razılaşdırılması protokolundan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən xam pambığın satınalma qiyməti, alıcı tərəfindən satıcıya göstərilən aqrotexniki xidmətlərin qiyməti, alıcı tərəfindən xam pambığın qurudulması xidmətinin qiyməti, alıcı tərəfindən satıcıya verilən bardan və fartukların satış qiyməti tərəflər arasında razılaşdırılmışdır. İş materiallarına əlavə olunmuş iş aktları və xidmətlərin göstərilməsi cədvəlindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh avans olaraq cəmi 12239 manat 63 qəpik dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, 2024-cü il mövsümü üzrə xam-pambığın alğı-satqı müqaviləsi üzrə Cavabdeh İddiaçınə xx.xx.2025-ci il tarixə əsas borca görə 670 manat 02 qəpik, cəriməyə görə 306 manat 96 qəpik borcunun olması göstərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli REK/1323/25 nömrəli məktubdan görünür ki, İddiaçı adını dəyişərək "xxxx" MMC adı ilə fəaliyyətini davam etdirməsi barədə qərar qəbul edilmişdir və yeni ad 09 iyul 2025-ci il tarixdə hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmışdır. Qəbul olunan qərarlarda İddiaçı adının "xxxx" MMC kimi nəzərə alınması xahiş edilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı adı dəyişərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmasına dair iddiaçı qarşısında öhdəlik götürmüş, bu məqsədlə iddiaçıdan avans almış, lakin öhdəliklərini yerinə yetirməmiş və iddiaçıya müqavilə üzrə borcu yaranmışdır. Pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 670 manat 02 qəpik əsas borc, 30 manat cərimə olmaqla, cəmi 700 manat 02 qəpik məbləğində borc və 30 manat dövlət rüsumu Cavabdeh tutularaq əvvəlki adı İddiaçı olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 30 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, iddiaçının bütün əsaslı mənafeləri qorunmuş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 670 manat 02 qəpik əsas borc, 30 manat cərimə olmaqla, cəmi 700 manat 02 qəpik məbləğində borc və 30 manat dövlət rüsumu Cavabdeh tutularaq əvvəlki adı İddiaçı olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar