Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1323/2024 16.10.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə. İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əməkdaşları tərəfindən ona məxsus Naftalan şəhəri, Şirvan prospektində yerləşən “Palma” resrtoranında 05 iyun 2024-cü ildə tərtib edilmiş ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın ləğv edilməsi və dəymiş ziyan kimi əsassız hesablanmış 1800 manatın silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh X1 satılan qaza nəzarət şöbəsinin əməkdaşları tərəfindən 05 iyun 2024-cü il tarixdə ona məxsus restoranda araşdırma aparılmasının nəticədə akt tərtib etmişlər ki, guya müəssisədə faktiki istifadə olunan qaz quraşdırılmış saatlıq qaz sərfiyatı sayğacın maksimum ölçmə həddindən artıqdır. Buna görə barələrində 1800 manat dəymiş ziyanın ödənilməsi üçün akt tərtib edilmiş, qərar qəbul edilmişdir. O, sayğaca müdaxilə etməmişdir. İşlətdiyi qazın pulunu ödəmişdir. Saatlıq qaz sərfi sayğacın maksimal həddindən artıq olduğunu göstərilmədə bu barədə indiyə kimi onlara heç bir təlimat verilməmiş bununla bağlı hər hansı bir tədbirin görülməsinə dair heç bir göstəriş verilməmişdir. Ona görə də məlum Cavabdeh işçiləri tərəfindən tərtib edilmiş akt və dəymiş ziyan kimi hesablanmış 1800 manat məbləğində pulun ondan tutulması əsassız olduğu üçün məlum 05 iyun 2024-cü il tarixli akt ləğv edilməli və dəymiş ziyan silinməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 05 iyul 2024-cü il tarixli yoxlama aktdan görünür ki, müəssisədə faktiki istismarda olan qaz qurğularının saatlıq qaz sərfi sayğacın maksimal ölçmə həddindən artıq olması müəyyən olunmuşdur. İş materiallarında olan 05 iyun 2024-cü il tarixli təbii qazdan istifada qaydalanın pozulması haqqında ******* nömrəli aktdan görünür ki, müəssisədə faktiki istismarda olan qaz qurğularının saatlıq qaz sərfi sayğacın maksimal ölçmə həddindən artıq olması müəyyən olunmuşdur. Dəymiş ziyanın hesablanmaqla ödənilməsi qeyd edilmişdir. İş materiallarında olan 19 iyun 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 10 m3/saat olduğu təqdirdə qaz işlədicilərinin maksimal sərfiyyatı 10 m3/saatdır. Nəticədə dəymiş ziyanın həcmi 8100 m3 hesablanmışdır. İş materiallarında olan 5 iyun 2024-cü il tarixli KY242116067 saylı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, İddiaçı məxsus qeyri-yaşayış sahəsində yoxlama aparılması qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş 14 oktyabr 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, iddia əsassızdır. Belə ki, hər bir məişət və ya sənaye tipli qaz sayğacı markasından asılı olaraq minimal, normal və maksimal sərfölçmə qabiliyyətinə malikdir. Qaz təchizatına dair verilmiş texniki şərtə əsasən hazırlanmış layihədə quraşdırılacaq qaz istehlakçının istifadə edəcəyi qaz qurğularının maksimal saatlıq qaz sərfinə uyğun olaraq təyin edilir və Qaydaların 3.4.1-ci yarımbəndinə əsasən istehlakçılara özbaşına qaz qurğularının quraşdırılması qadağandır. İstehlakçı əlavə qaz həcmi alması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 30 avqust 2023-cü il tarixli 297 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”nın tələblərinə əsasən texniki şərtlərin və qaz təchizatı layihəsinin hazırlanması və verilməsi üçün müvafiq qaydada qaz paylayıcısına müraciət etməlidir. Təbii qazın alqı-satqısı müqaviləsinin 2.1.2 və 2.1.6-cı yarımbəndlərinin tələblərinə əsasən istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq paylayıcının vəzifəsinə aid edilmişdir. Bu məqsədlə qaz qurğularının inventarlaşdırılması aparılarkən, bəzi istehlakçılar tərəfindən özbaşına əlavə qaz qurğularının quraşdırılması hallarına yol verilir ki, bu da öz növbəsində qazdan istifadə qaydalarının pozulması ilə yanaşı istehlak olunmuş qazın həcminin tam və dəqiq uçotunun aparılmasını təmin etmir. Belə ki, istehlakçılar tərəfindən özbaşına olaraq əlavə qaz qurğuları quraşdırıldıqda və ya mövcud qurğuları daha yüksək saatlıq qaz sərfinə malik olan qaz qurğuları ilə əvəz edildikdə, istismarda olan qaz sayğacları texniki məhdudiyyət səbəbindən istehlakçı tərəfindən əlavə istifadə edilmiş qazın sərfini hesablaya bilmir. xx.xx.2024-cü il tarixində təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib edilərək dəyəri 2025 manat olmaqla 8100 m3 qaz sərfi hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qaz təchizatı ilə bağlı münasibətləri tənzimləyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində göstərilən anlayışlara əsasən, qaz paylayıcısı - alqısatqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin qanunun 13.8-1-ci madəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin qaydaların 6.5-2-ci maddəsinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Məhkəmə qeyd edir ki, 05 iyun 2024-cü il tarixdə 28097636 nömrəli sayğaca "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən qeydiyyatdan keçməklə baxış keçirilmiş, akt tərtib edilmiş və aktda qeyd edilmişdir ki, müəssisədə faktiki istismarda olan qaz qurğularının saatlıq qaz sərfi sayğacın maksimal ölçmə həddindən artıqdır. Həmin akt əsasında “Qazdan istifadə qaydaları”nın 6.5- 2-ci maddəsinə əsasən tələbnamə verilmiş və abonentə 8100 m3 qaz itkisinə görə borc hesablanmışdır. Məhkəmə bildirir ki, qaz sayğacına baxış keçirilməklə təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilsə də "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən qanunun tələblərinə əməl edilməmiş, müvafiq akt inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edilməmiş, abonentin qazın talanmasında təqsirli olması barədə həmin orqanın qərarı olmamışdır. Abonentin qazın talanmasında təqsirli olması barədə müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan və onun təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada müəyyən edilmədən borc hesablanmışdır. Belə olan halda dəymiş ziyanın bərpasına dair tələbnamə əsasında hesablanmış 1800 manat məbləğində borcun silinməsi qanuni və əsaslıdır. Bundan başqa, iddiaçı mübahisələndirilən aktın tərtib edilməsi nəticəsində hüquqlarının pozulduğunu güman edir. Ona görə də, aktın qanuniliyi və əsaslılığı yoxlanılmadan öncə ümumiyyətlə, həmin aktın mübahisələndirilməsinin mümkünlüyünün yol verilən olması aydınlaşdırılmalıdır. Mübahisələndirilmənin mümkünlüyü isə tərtib edilmiş aktın iddiaçının hər hansı güman edilən hüququnun pozuntusu nəticəsini yaradıb-yaratmamasının müəyyən olunmasından asılıdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən tərtib edilmiş akt özlüyündə iddiaçının hər hansı hüququna müdaxilə təşkil etmir. Belə ki, həmin akt keçirilmiş baxış nəticəsində aşkar edilən hallara dair cavabdehin əməkdaşlarının mövqeyini əks etdirir. Beləliklə, mübahisələndirilən aktın tərtib edilməsi nəticəsində iddiaçı hər hansı hüquqi məsuliyyətə cəlb olunmamışdır, orada yalnız cavabdehin əməkdaşlarının aşkar etdikləri halların təsviri əks olunmuşdur. Müvafiq olaraq iddiaçı da məhz həmin hüquqi məsuliyyət yaradan qərarı mübahisələndirməlidir. Çünki aktın tərtib edilməsi və cavabdeh tərəfindən həmin aktın məlumatları nəzərə alınmaqla iddiaçının barəsində hüquqi məsuliyyət yaradan qərarın qəbul edilməsi iki ayrı mərhələdirlər. Aktın tərtib edilməsinə baxmayaraq məsuliyyət doğuran qərar qəbul edilməyə də bilər. Şəxsin hüquqi vəziyyətinin strukturunu bir-biri ilə qarşılıqlı əlaqədə olan şəxsin hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquqa müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında söz edilə bilər. Yalnız elə hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun və s. Bu mənada, məhkəmə hesab ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş akt özlüyündə iddiaçı ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozuntusu nəticəsinə də gəlmək mümkün deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi aktın ləğv edilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 38 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. 05 iyun 2024-cü il tarixli ******* nömrəli akta əsasən 19 iyun 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə əsasında İddiaçı hesablanmış 1800 (bir min səkkiz yüz) manat məbləğində borc **********00056 nömrəli abonent hesabından silinsin. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdehndən 38 (otuz səkkiz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1323/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1323/2024
16.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver