Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1326/2023 27.11.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 09 iyul 2022-ci il tarixli, 072-S saylı müqaviləyə əsasən 2252,30 manat borc məbləğinin və 60 manat mediasiya xərcinin əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" (hazırkı adı İddiaçı MMC) ilə Cavabdeh arasında soya paxlası istehsalı və alğı-satqısı barədə 072-S saylı 09 iyul 2022ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, Cavabdeh Samux rayonu, Tatlı kəndində 4,5 ha torpaq sahəsində soya paxlası əkininin həyata keçirilməsi, hər hektardan 3,0 ton olmaqla cəmi 13,5 ton məhsulun istehsal edilərək sifarişçi "xxxx" MMC-yə təhvil verilməsi barədə öhdəlik götürmüşdür. Müqavilənin şərtlərinə əsasən, sifarişçi tərəfindən Cavabdeh 2205,60 manat dəyərində toxum, gübrə, dərman və avans qismində 2025 manat nağd pul olmaqla, ümumilikdə 4230,60 manat məbləğində vəsait verilmişdir. Lakin,Cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və sifarişçiyə müqavilənin 1.1-ci və 1.2-ci bəndləri ilə nəzərdə tutulmuş miqdarda məhsul təhvil verməmişdir. Belə ki, avans qismində ilkin ödəniş daxil olmaqla ümumilikdə ödənilmiş 4230,60 manat məbləğində vəsaitin qarşılığında təhvil verilmiş məhsulun dəyəri 1978,30 manat təşkil etmişdir. Bununla da, müqavilə şərtlərinin pozulması nəticəsində Cavabdeh İddiaçı MMC-yə 2252,30 manat borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı həm poçt təşkilatı vasitəsilə, həmçinin vergi ödəyicisinin elektron kabinetinə xəbərdarlıq (pretenziya) məktubu göndərilmiş, lakin bu vaxtadək həmin vəsait İddiaçı MMC-yə ödənilməmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddaçı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirmişdir. Lakin, cavabdeh müqavilədə nəzərdə tutulmuş məhsulu təhvil verməmişdir. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia tələbini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: 09 iyul 2022-ci il tarixli 072-S saylı müqaviləyə əsasən Cavabdeh Samux rayonu, Tatlı kəndində 4,5 ha torpaq sahəsində soya paxlası əkininin həyata keçirilməsi, hər hektardan 3,0 ton olmaqla cəmi 13,5 ton məhsulun istehsal edilərək sifarişçi "xxxx" MMCyə təhvil verilməsi barədə öhdəlik götürmüşdür. Həmin müqavilənin 5.5-ci bəndinə əsasən sifarişçi tərəfindən təqdim edilməyən, dəyəri ödənilməyən və icra edilməyən bütün istehsal vasitələri, aqrotexniki xidmətləri öz vəsaiti hesbına almaq və yerinə yetirmək, sahəyə gətirmək və tətbiq etmək icraçıya aiddir. xx.xx.2022-ci il tarixli 01 nömrəli hesab-fakturadan görünür ki, Cavabdeh 2025 manat məbləğində avans ödənilmişdir. xx.xx.2022-ci il tarixli EBCC 150453 nömrəli elektron qaiməyə əsasən 1956 manat, xx.xx.2022-ci il tarixli EBCC 487664 nömrəli elektron qaiməyə əsasən 249,60 manat olmaqla, cəmi 2205.6 manat məbləğində mal İddiaçı MMC tərəfindən alıcı Cavabdeh təqdim edilmişdir. xx.xx.2022-cü il tarixli 281 nömrəli qaiməyə əsasən 1978,30 manat məbləğində soya paxlası Cavabdeh tərəfindən alıcı "xxxx" MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli 26/2023 nömrəli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixli MŞG/1/MT007/2023-02320 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, 70 manat mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. İş materiallrında olan 2 saylı Ərazi Vergilər Baş İdarəsinin dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" MMC hazırda "xxxx" MMC kimi fəaliyyət göstərir. Beləliklə, iş üzrə sübutlara müəyyən olunur ki, 09 iyul 2022-ci il tarixli 072-S saylı müqaviləyə əsasən Cavabdeh Samux rayonu, Tatlı kəndində 4,5 ha torpaq sahəsində soya paxlası əkininin həyata keçirilməsi, hər hektardan 3,0 ton olmaqla cəmi 13,5 ton məhsulun istehsal edilərək sifarişçi "xxxx" MMC-yə təhvil verilməsi barədə öhdəlik götürmüşdür. Müqaviləyə əsasən Cavabdeh 2205,60 manat dəyərində toxum, gübrə, dərman, avans qismində 2025 manat nağd verilmişdir. Ümumilikdə 4230,60 manat məbləğində vəsait verilmişdir. Cavabdeh isə bunun müqabilində 1978,30 manat məbləğində mal təhvil vermişdir. Nəticədə 2252,30 manat borcu qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borcun qaytarılması ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş borcun qaytarılması məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Dövlət Rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2252,30(iki min iki yüz əlli iki manat otuz qəpik) manat məbləğində borc və 60(altmış) manat mediasiya xərci tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2252,30 (iki min iki yüz əlli iki manat otuz qəpik) manat məbləğində borc və 60 (altmış) manat mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. Cavabdeh 42,52 (qırx iki manat əlli iki qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-1326/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1326/2023
27.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver