Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-133/2024 29.03.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndələri X7 və X2, Cavabdeh və onun nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 44543,01 manat borcun, 4454,31 manat cərimənin, ödənilmiş 200 manat mediasiya xərcinin və 37 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 05/21-277 saylı alğı-satqı müqaviləsinə əsasən Bərdə rayonu, Qaratəpə kəndi ərazisində 43,0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 63988,82 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 332,80 manat məbləğində çöp doğrama, 1330 manat məbləğində şum, 655,50 manat məbləğində rotor mala, 1147,50 manat məbləğində mala, 210 manat məbləğində kanal çəkmə, 756 manat məbləğində çiyid səpini, 1608 manat məbləğində kultivasiya, 314,50 manat məbləğində gübrə kultivasiya, 108 manat məbləğində rotasion kultivasiya, 160 manat məbləğində boroza, 455 manat məbləğində dərman səpini, 1425 manat məbləğində pambığın maşınla yığımı, 360 manat məbləğində tirəkipləşdirmə, 32345 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 17581,52 manat məbləğində gübrə və dərman, 5200 manat məbləğində toxumluq çiyid, ümumilikdə, 63988,82 manat dəyərində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 24551,25 kq, 19445,81 manat məbləğində xam-pambıq təhvil vermiş, çəkilmiş xərcdən bu günədək iddiaçıya 44543,01 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və ödəmə tapşırıqları, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. Eyni zamanda tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 2.2.2-ci bəndinə əsasən satıcının istifadə etdiyi pambıq toxumunun, kənd təsərrüfatı texnikaları ilə göstərilən xidmətin, gübrə və pestisidlərin, göstərilən digər xidmətlərin dəyərini alıcıya ödəmək üçün, yetişdirdiyi yüksək keyfiyyətli xam pambığın son məhsulunadək, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş, “Xam pambığın yığııması və tədarükünə dair” Təlimatın tələblərinə müvafiq olaraq xx.xx.2021-ci il tarixədək alıcıya təhvil verir. Təhvil verilən xam pambığın dəyəri alıcıdan alınan avans məbləğinin dəyərindən az olarasa, o zaman alıcıya həmin yaranan borcu ödəyir. Müqavilənin 2.2.3-cü bəndinə əsasən göstərilən servis xidmətlərinin, nəğd pul vəsaitini, mineral gübrənin, pestisidlərin və toxumun dəyərini müqavilənin 2.2.2-ci bəndində nəzərdə tutulan müddətdətam şəkildə alıcıya ödəyir. Əks halda hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0.1% həcmində, 10% artıq olmamaq şərti ilə alıcıya cərimə ödəyir. Göründüyü kimi Cavabdeh xx.xx.2021-ci il tarixdən bir il müddətində borcun ödənilməsi ilə bağlı öhdəliyi icra etməkdən imtina etməklə, Cəmiyyətin mənafeyinə zərər vurmuş, bununla da onun barəsində müqavilənin 2.2.2 və 2.2.3-cü bəndlərinə əsasən ödənilməyən məbləğin 10% həcmində 4454,31 manat məbləğində cərimə tətbiq edilməlidir. Qeyd edilənlərə əsəsan Cavabdeh iddiaçıya 44543,01 manat məbləğində borcun, 4454,31 manat məbləğində cərimənin, 200 manat mediasiya xərcinin və 37 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X11 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, müqavilənin 2.1.2-cü maddasinə əsasən satıcının sifarişi əsasında aqrotexniki işlər görülə bilər, həmçinin avans olaraq gübrə, toxum, nağd vəsait verilə bilər. Mütləq qaydada bu işlərin iddiaçı tərəfindən görülməsi ilə əlaqədar hər hansı şərt yoxdur. Pambığın becərilməsi ilə əlaqədar işləri satıcı özü də görə bilər. Müqavilə xam pambığın alqı-satqısı müqaviləsidir. Satıcı istədiyi təqdirdə onun sifarişi əsasında ona müvafiq xidmətlər göstərilir. Əlavə edilmiş aktlarda görülən işlər aydın görünür. Qarşı tərəf kultivasiyanın gec edildiyini bildirir. Kultivasiya maydan başlayaraq avqust ayına kimi görülən prosesdir. Cavabdehin sahəsini alaq basdığına görə orada kultivasiya işlərinin görülməsinin heç bir əhəmiyyəti olmayacaqdı. Cavabdeh və onun kimi fermerlər nə zaman müraciət etmişdirlərsə həmin günün sabahı onlara həmin xidmətlər göstərilmişdir. 18 mayda verilən 3600 manata sahəni alaqdan təmizləmək olardı, o cümlədən fermer öz vəsati hesabına bu işi görə bilər, mütləq deyildir ki, iddiaçı o pulu verə. İddiaçının nümayəndəsi X11 həmçinin izahatında göstərdi ki, cavabdehlə bağlanmış alqı-satqı müqaviləsinə əsasən 43 hektar torpaq sahəsinə pambığın əkilməsi ilə əlaqədar müqavilə bağlanmışdır. Bir daha bu məsələni vurğulamağı özünə borc bilir ki, tərəflər arasındaki müqavilə xam pambığın alqı-satqısı ilə əlaqədar bağlanmışdır, şəxs özü dərk etməlidir ki, bütün işləri görmək onun bilavasitə vəzifələridir. Müqavilə üzrə götürdüyü öhdəlikləri icra etməli və iddiaçıya gətirib pambıq təhvil verməlidir. Müqavilənin mahiyyəti də bundan ibarətdir. Cavabdeh izahatında bildirdi ki, 3600 manat alaq işlərinin görülməsi üçün vəsait ayrılmışdır. İddiaçı ona vəsait vermək istəməsəydi vəsaiti ona verməzdi. Bu vəsait dövlətin vəsaitidir. Burada məqsəd pambıq əldə etməkdir. Cavabdeh pambığın becərilməsi ilə əlaqədar işlərdə nöqsana yol veribsə burada özü cavabdehdir. Bununla əlaqədar hər hansı bəhanələr gətirmək əsassız və yersizdir. Əgər iddiaçı tərəfindən hər hansı nöqsan var idisə ən azından ya iddiaçıya, ya X16 Mərkəzinə yazılı müraciət edərdi, ya da məhkəmdə onlara qarşı iddia qaldırardı. Əksinə Cavabdeh bütün aktlara imza etmiş, görülən işləri etiraf etmiş və işin yekununda tərtib edilən üzləşmə aktına imza etmişdir, o cümlədən ərizə yazaraq borcunu etiraf etmişdir. Bundan sonra yeni bir məsələ haqqında danışmağın və ya araşdırmağın əhəmiyyəti yoxdur. O cümlədən müqavilədə onların məcburi şəkildə işləri görmək öhdəliyi yoxdur və yaxud da sifariş verdiyini deyir, lakin telefondan çıxarış təqdim edə bilmədi. Elə bir hal ola bilməz ki, iddiaçıya sifaris verilə, onlar onu təmin etməyə. Cavabdeh daha çox onlar marağındadırlar ki, sahədə pambıq yetişsin və onlar pambığı əldə etsin. Qaratəpə kəndində 48 fermerə xidmət göstərilmiş və 44 fermer tərəfindən yüksək gəlir əldə edilmişdir. Əgər torpaq sahəsini Cavabdeh becərməyəcəksə, bütün işləri onların öhdəliyinə atacaqsa, onda iddiaçı nəyə görə müqavilə bağlayır, gedib özləri əkin edib xeyir əldə edər. Tərəf başa düşməlidir ki, burada əsas subyekt onun özüdür. Bütün işləri özü görməlidir. Hüquqları pozulursa müvafiq orqanlara müraciət etməlidir. Heç bir müraciət yox, hər bir şeyi etiraf edir, lakin gəlib məhkəmədə müxtəlif əsaslar gətirir. Məhkəmə baxışında özü də etiraf etdi ki, alaq üçün pul almışdır. Lakin onu sahəsi böyük olmuş, sahəni alaq basmış, özünün fiziki gücü alağı təmizləməyə yol verməmişdir. Ona görə də pambığın becərilməsi ilə əlaqədar proses bu vəziyyətə düşmüşdür. Çiyidin keyfiyyətsiz olması ilə əlaqədar hər hansı orqana müraicət edilməmişdir. Hesab edir ki, iddianın təmin edilməsi üçün yetərli əsaslar mövcuddur. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, iddiaçı fermerlərlə xam pambığın alqı-satqısı müqaviləsini bağlayır və tərəflərin öhdəlikləri bu müqavilə ilə müəyyən edilir. Müqavilə üzrə öhdəliklər açıq-aydın müəyyən edilmişdir. İddiaçı fermerə onun sifarişi əsasında xidmətləri göstərə bilər, pul vəsaitini verə bilər. İddiaçı müqaviləni pambığın alqı-satqısını etmək üçün bağlayır. Dövlət proqramı əsasında bu müqavilələr bağlanılır. Pambığın becərilməsi ilə əlaqədar dövlət proqramının məqsədlərindən biri də kənd yerlərindəki aztəminatlı şəxslərin işlərə cəlb edilməsidir. Həmçinin pambıq strateji məhsuldur, onun satılması ilə ölkəyə valyuta gəliri gəlir. İddiaçı şirkət ölkəyə valyuta gətirən şirkətlər arasında dördüncüdür. Cavabdeh verilən pul dövlətin vəsaiti olmuşdur. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbi ilə razı olmadığını bildirərək izahatında göstərdi ki, iddiaçı ilə müqavilə bağlamışdır. İlk dəfə aprel ayında 43 hektar sahəyə toxum səpilmişdir. Apreldə səpilən 6 hektar sahə may və iyun ayında səpilən sahə ilə eyni sahədir. Pambıq çıxmadığına görə toxum təkrar səpilmişdir. May ayının 5-10-dək kultivasiya işləri edilməli idi, lakin mayın 14-də cəmi 6 hektar ərazidə kultivasiya edilmişdir. 43 hektarlıq ərazinin 4 hekatarında aprel ayının 14-də, qalan hissəsinə isə iyul ayının 1-də kultivasiya işləri görülmüşdür. Pambıq əkini zamanı kultivasiya işləri vaxtında edilməyəndə pambıq yaxşı inkişaf edə bilmir. İyul ayında becərilən pambıq yaxşı məhsul verə bilməzdi. İddiaçının aqronomunun nə ərazidən xəbəri olmuş, nə də ki, görülən işlər barədə məlumatı olmuşdur. Şirkətin aqronomu sahələrə baxmalı idi, ona görə baş verən hal onların özlərinin səhvi ucbatından olmuşdur. O, müqaviləni təminatlı bağlmışdır, ona görə də şirkət ona kömək etməli idi. Cavabdeh həmçinin izahatında göstərdi ki, alaq işlərini fermerin özü görməlidir. Şirkət tərəfindən vəsait ayrılmalı, daha sonra isə fermer tərəfindən alaq işləri görülməlidir. Sahənin alağından asılı olaraq 1 hektar üçün alağın təmizlənməsi 100-500 manat dəyərində ola bilər. Müqaviləyə əsasən mütləqdir ki, şirkət tərəfindən ona həmin vəsaitlər verilsin. Aprelin 24-25 tarixlərində səpin edildisə, aprelin 30-na bitiş alınır, may ayının ən geci 5-6-na kimi alaq işlərini gördürməli idi. Bitiş əldə edildikdən sonra aqronom akt tərtib edib 1-2 gün ərzində şirkətə göndərməli, şirkət isə pul ayırmalıdır, lakin ona pul 1 ay 10 gündən sonra verilmişdir. Sahəsini alaq basmışdı, çünki pul vəsaiti vaxtında verilməmişdi. 09 fevralda verilən 5200 manat, 15000 manat və 18 martda verilən 1075 manat sahənin icarəsinə və suya görə ayrılmış pullardır. 18 mayda verilən 3600 maant pulu ketmanlama işlərinə sərf etmişdir. Alaq çox olduğu üçün alağı təmizləmək çətin olmuşdur. Bütün sahələrində eyni vəziyyət olmuşdur. Sahəni alaq çox basdığı üçün alağın təmizlənməsi üçün hektara 400-500 manat pul sərf edilmişdir. May ayının axırı, iyun ayının əvvələri sahəsinin alağını təmizlətdirmişdir. Alağı təmizlətdirməmişdən qabaq sahəsində kultivasiya işləri görülməmişdi. İşlərin görülməsinə görə telefon vasitəsi ilə iddiaçıya məlumat vermişdir. Kultuvasiya üçün may ayında müraciət etmiş, hər dəfə zəng vursa da kultuvator göndərilməmişdir. Müqavilədən ona görə imtina etməmişdir ki, ona 25 min manat icarəyə pul ayrılmışdı, o müqavilədən imtina etsəydi gərək öz cibindən həmin pulu şirkətə qaytarardı. Məhkəmədə iddia qaldırılana qədər "xxxx" MMCyə qarşı hər hansı etirazı, narazılığı və ya ərizəsi olmamışdır. Qiymətlərin razılaşdırılması barədə protokola özü imza çəkmiş, iddiaçın nümayəndəsinin təklifi ilə ərizəni yazmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, qarşı tərəf iddia ərizəsində öz öhdəlikləri barədə hər hansı məsələni qeyd etməmişdir. Belə ki, müqaviləyə əsasən, alıcı toxumu, texnikanı vaxtında verməlidir. Müqavilənin 2.1.6-cı maddəsinə əsasən alıcı satıcıya məxsus arqotexniki xidməti satıcı ilə razılaşdırılmış müddətdə, həcmdə və keyfiyyətdə yerinə yetirir. Görünür ki, verilən toxum yararsız olmuşdur. Pambığın becərilməsi üçün əlbəttəki təlimat vardır, lakin qarşı tərəf həmin təlimata istinad etmədən sadəcə işlərin görülməsini bildirir. Müqavilənin 3.1-cü maddəsinə əsasən müqavilə öhdəliklərinin pozulmasına görə hər iki tərəf məsuliyyət daşıyır. Qarşı tərəf işləri vaxtında etməmişdir. O cümlədən pambığın bir hissəsi gec əkilmişdir və pambıq çürük olmuşdur. Toxumla təmin etmək, texnika vermək, ödənişləri vaxtında etmək qarşı tərəfin vəzifəsi olmuşdur. Bu hallar iddiaçının özünün təqdim etdiyi aktlar əsasında sübut olunur. Misal üçün, tirə vurma işləri 29 aprel tarixində aparılmışdır, tirə vurma pambığın suvarılması üçün böyük əhəmiyyətə malikdir. Həmçinin kultivasiyanı gecikdirmişlər. Misal üçün, cəmi 28.5 hektar əraziyə rator mala çəkilmiş, yerdə qalan əraziyə çəkilməmiş, xidmət göstərilməmişdir. Qarşı tərəf işləri satıcının istəyi ilə görüldüyünü bildirsə də faktiki olaraq pambığın becərilməsi ilə əlaqədar müvafiq işləri onlar görmüşlər, onların aqronomu işə nəzarət etmişdir. Qarşı tərəf müqavilənin özlərinə xeyr edən şərtlərini məhkəmənin diqqətinə çatdırırlar, 2.1.15, 2.1.6-ci bəndləri oxumurlar. Həmin bəndlərə əsasən pambığı şirkət becərməlidir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. X3 məhkəmə iclasında bildirdi ki, İddiaçındə aqronom vəzifəsində çalışır. Pambığın becərilməsində birinci çöp qırma, daha sonra şum, mala, rotor işləri görülür, rotordan sonra bir daha mala, bundan sonra tirə vurulur, daha sonra toxum səpilir. Pambıq bitəndən sonra kultivasiya edilir, daha sonra ketmanlama edilir. Kultivasiya ediləndən sonra suvarma üçün barazda çəkilir. Suvarmadan sonra bir daha kultivasiya edilir. Kultivasiyadan əvvəl və sonra da dərmanlama edilə bilər. Səpin aprel və ya may aylarında edilməlidir. Hətta iyun ayında da təkrar səpin edilə bilər. Pambıq yaxşı qulluq edilsə onun gec səpilməyi məhsuldarlığına mənfi təsir etmir. Pambıq 1 həftə bitməlidir, bundan sonra 1 həftə də gözləyirlər, pambıq biraz dirçələndən sonra kultivasiya edilir. İnkişaf yaxşı getsə səpindən 13-14 gün sonra kultivasiya etmək olar. Apreldə səpin olubsa mayda kultivasiya edilməlidir. Təbii ki, hava şəraiti buna yol verməlidir. Alaq işləri kultivasiyadan sonra da, əvvəl də ola bilər. Alaq işi vaxtında edilməzsə, sahəni alaq basar, belə olan halda şum işi təzdən görülməlidir. Fermerin öz imkanı olduğu halda qeyd edilən işləri özü görə bilər. Pambıq vaxtında qulluq olunmamasına görə pambıq yetişməzsə yenidən şum edilir. Toxumun cücərməməsinə səbəb hava şəraitindən asılı olaraq toxumun çürüməsi, toxumun özünün çürük olması və alağın içində qalması ola bilər. Hava şəraitindən asılı olaraq toxum cücərə bilməz və çürüyər. Belə olan halda toxum təkrar səpilməlidir. 1-i, 4-ü, 25-i yanvarda və 1-i, 3-ü martda şum işləri görülə bilər. xx.xx.2022-ci il tarixdə görülən şum ikinci səpinlə əlaqədar olmuşdur. xx.xx.2022-ci il tarixdə şumdan sonra mala işi görülə bilər. X3 həmçinin bildirdi ki, onun cavabdehin sahəsi ilə əlaqəsi olmamışdır. Əgər pambıq alağa verilmişdirsə onu kultivasiya etmək lazim deyil, doğrayıb yenidən toxum səpmək lazımdır. Alaq basmış sahədən məhsul əldə etmək olmaz. Aprel ayında səpilən pambığın əgər alağı təmizlənmişdirsə iyul ayında kultivasiya edilməsi onun məhsuldarlığına 1-2 faiz təsir edə bilər. Toxum səpildikdən sonra 15-20 gün ərzində kultivasiya edilməlidir, bu aralıqda da alaq təmizlənməlidir. Kultivasiyanın aprel ayına münasibətdə iyul ayında edilməsi onun məhsuldarlığına təsir etmir. Kultivasiya təkcə alaqdan ötrü deyildir, həmçinin pambığın dibinin boşladılması üçündür. Alaq kultivasiyadan əvvəl də, sonra da aparılır. X1 göstərdi ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Bərdə X16 Mərkəzinin bitkiçilik sektorunun müdiri vəzifəsində işləyir. Arat suvarmasına qış suvarması da deyilir, məqsəd oradakı alağın, zərərvercilərin məhv edilməsidir. Temperatur 22-24 dərəcə olan bitiş ən geci 8 günə alınır. Bundan sonra 7 gün gözlənilməlidir. Bundan sonra da ən geci 10-12 gün ərzində alaq təmizləməlidir. Cavabdeh sahəsində may ayının 10-dan sonra qısa müddət ərzində alaq təmizlənməli idi. Ketmanlama üçün 1 hektara təxminən 100 -150 manat pul lazımdır. Təkrar səpinin may-iyun ayında edilməsi məhsuldarlığa çox təsir edir, apreldə əkilən pambığa nisbətdə məhsuldarlıq az olur. Kultivasiya texniki becərmə deməkdir. Kultivator bitkilərin cərgə aralarını boşaldır, nəmliyi yerdən çıxardır, havalandırmanı təmin edir və bir qisim alağa da təsir edə bilər. Pambığa 7 sm-dən yaxın olmadan kultivasiya edilir, kultivator pambığa çox yaxın olsa onun kökünü zədəliyə bilər. Apreldə əkilən pambıq may ayında kultivasiya edilməlidir. Birinci alağın təmizlənməsi yoxsa kultivasiyanın edilməsi aqronomun rəyindən asılıdır. Kultivasiyanın gec edilməsinin məhsuldarlığa təsiri vardır. Aprel ayında edilmiş səpində iyun-iyul ayında kultivasiya edilə bilməz, çünki yer bərkimiş olacaq. Alağın sıxlığından və növündən asılı olaraq alaq basmış yer kultivasiya edilə bilər. May ayının axırına qədər alaq təmizlənməzsə bitki yaxşı inkişaf edə bilməz. Kultivasiya axırıncı dəfə avqust ayında edilir. Torpağı alaq həddindən artıq basıbsa burda kultivasiya aparılmamalıdır. Əgər normalda 45 sentner məhsul əldə edilməli idisə təkrar səpin edilən sahədə 22-23 sentner məhsul əldə edilir. Təkrar səpin may-iyun ayında aparılsa, aqrotexniki xidmətlər düzgün edilsə 22-23 sentner məhsul əldə etmək olar. Sahə ilə əlaqədar aktın tərtib edilməsi üçün fermer onlara müraciət edir, onlar da gedib akt tərtib edir. Məsəl üçün, sahəni su basarsa, başqa şəxsin günahı ucbatından ziyanlıq olarsa və ya vaxtından əvvəl sahə biçilərsə gedib əraziyə baxıb öz rəylərini verirlər. Dəymiş maddi ziyanı onlar hesablamırlar, onlar fors-major hallar baş verdikdə gedib akt tərtib edirlər. Sahəni alaq basması, kultivasiya işlərinin görülməməsi nəticəsində şəxsə ziyan dəyərsə və fermer də onlara müraciət edərsə onlar gedib sahəyə baxarlar. Belə hal olsa onlar hər hansı tədbir görmür, şirkətin rəhbərliyinə məlumat verirlər. Cavabdeh tərəfindən Bərdə X16 Mərkəzinə hər hansı müraciət edilməmişdir. Şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, İddiaçı Bərdə filialında aqronom vəzifəsində çalışır. Cavabdeh iddiaçı şirkətlə müqavilə bağlayaraq pambıq əkmişdir, onlar da ilkin növbədə əkin, səpin, mala işlərini təmin etmişlər və pambıqdan normal cücərti əldə etmişlər. Aqro-texniki işlər hər bitkinin əkini üçün fərqlidir. Pambıq üçün arqo-texniki işlərə əkin, becərmə, sulama, gübrələmə, dərmanlama işləri daxildir. Arqo-texniki işləri şirkət etməlidir. Cavabdeh sahəsində əkin işləri aprel ayının 5-dən may ayına kimi aparılmışdır. Səpin işləri havanın temperaturundan asılıdır. Cavabdeh sahəsində səpin işləri aqro-texniki qaydalara uyğun aparılmışdır. Əsas nəzarəti ərazi aqronomu etmişdir, o həmin əraziyə həftədə 1 dəfə getmişdir. Cavabdeh sahəsində pambıq may ayının 15-i bitmişdir, çünki hava soyuq olmuşdur. Pambığın yetişməməsinə ikinci bir səbəb isə təbii fəlakət ola bilər. Pambığın becərilməsi üçün işçi qüvvəsi lazımdır, Bərdə rayonunda soğan çox əkildiyi üçün işçi qüvvəsi tapmaq çətin olur. İşçi qüvvəsi ilə əlaqədar Cavabdeh soruşduqda ona Mingəçevir şəhərindən işçi qüvvəsi tapdığını bildirmiş və 1000 manat da beh verdiyini demişdir. Pambığın becərilməsində əsas olan işçi qüvvəsidir. Həmin işçi qüvvələri kim çox pul versə onun ərazisində gedib işləyirlər. İşçi qüvvəsi də gəlmədiyinə görə Cavabdeh ərazisini alaq basmışdır. Pambığın normalda 11 ədəd bar orqanı olmalıdır, pambığı alaq basdıqdan sonra onun bar orqanlarının sayı azalır, bundan sonra pambığa nə qədər də gübrə versən, nə qədər su versən də artıq o bar orqanları itirilmiş olur. Kultivasiya edilən zaman kultuvator 10- 12 sm pambıqdan aralı gedir, 10-12 santimetr olan ərazinin alaqları ketmanla təmizlənməlidir, ona görə pambıq 4 dəfə ketmanlanmalıdır. Pambıq bitdiyi andan 3-4-cü qönçə çıxandan sonra, 10-12 gün sonra ketmanlama getməlidir. Əkin sahəsini cavabdehin özü alağa verib, buna görə onlar hər hansı akt tərtib etməmişlər. Şahid X8 həmçinin ifadəsində bildirdi ki, ketmanlama, alaq işlərinin görülməsi üçün iddiaçı şirkət tərəfindən vəsait verilir. Alağın təmizlənməsi üçün şirkət tərəfindən hər hektar üçün 180 manat pul verilir, şirkət hər kəsə vəsaiti eyni vaxta ödəyir. Ancaq əkini alaq basdıqdan sonra 180 manatla alağı təmizləmək mümkün deyildir. Cavabdehin sahəsinin bu günə düşməsinə səbəb sırf alaq işlərinin görülməməsidir. Sahəni alaq basdıqdan sonra kultivator ərazidə işləyə bilmir. Çünki alaqlı ərazidə kultivator işləsə o pambığın özünü məhv edər. Kultivasiya işlərinin görülməsi üçün sifariş ediləndən sonra ən geci 1 gün sonra şirkət tərəfindən traktorist, texnika və aqronom müvafiq işlərin görülməsi üçün ayrılır. Kultivasiyanın aparılması pambığın bitməsindən asılıdır. Cavabdeh sahəsində kultivasiya alağa görə aparılmamışdır. Pambığın bitməsindən asılı olaraq aprel ayının 25-dən avqust ayının 15-nə kimi kultivasiya aparıla bilər. Avqustun 15-dən sonra kultivasiya aparıla bilməz. Hər 10-11 gündən bir kultivasiya edilməlidir. Cavabdeh sahəsinə alağa görə kultivator girə bilməmişdir. 19 iyundan sonra kultivasiya işlərinin görülməsi üçün 10-11 gün lazim idi. Aprelin 20-si səpilən pambığa kultivasiya pambığın bitməsinə əsasən edilir. Alaq pulu və ketman pulu şirkət tərəfindən verilir. İyul ayında kultivasiya gedən pambıqdan hektara 15 sentner məhsul əldə etmək olar. Apreldə səpilən pambığa iyul ayında kultivasiya işləri görülərsə ordan heç məhsul əldə etmək olmaz. Kultivasiya pambığa təsir etmir, əsas alağın təmizlənməsidir, çünki pambıq 1 sm bitəndə alaq 6 sm bitir. Cavabdeh sahəsində pambığın bitməməsinə səbəb alaq olmuşdur. Kultivasiya edilərkən pambığın dibinə kultivator girə bilmir, çünki kultivator 8 sm-dən artıq pambığa yaxınlaşarsa onun kökünü açar və buna görə də pambıq quruyar. Cavabdeh sahəsində kultivator işləri görülmüşdür. Alaq ərazini basdığına görə pambığın bar orqanları inkişaf edə bilmədi və onun 60 sm-dən bar əldə etmək olmadı. Alaq basmağı ilə əlaqədar akt tərtib etməmişlər. Ancaq sahənin foto şəkillərini çəkmişlər. Kultivator alağa görə əraziyə girə bilməmişdir. Yerdə qalan 30 hektar ərazidə kultivasiya may ayında edilmişdir. Lakin görmüşlər ki, kultivatorla alaqları təmizləmək mümkün deyil. Bundan sonra cavabdeh işçi qüvvəsi tapmış və alağı təmizlətdirmişdir. Şahid X8 həmçinin ifadəsində bildirdi ki, cavabdehin ərizəsində təkrar səpin edildiyinə görə iyul ayında kultivasiya işləri görülmüşdür. Alaq basdığına görə cavabdehin ərazisində təkrar səpin aparılmışdır. Belə ki, alaq pambığı sıxdığına görə təkrar səpin edilmiş, təkrar səpin Qaratəpə ərazisində edilmişdir. Ümumiyyətlə təkrar səpin deyilən anlayış yoxdur, Cavabdeh ziyana düşdüyü üçün təkrar səpin onun istəyi ilə edilmişdir. O razı olmasa təkrar səpin edilə bilməzdi. Həmçinin havanın temperaturu aşağı olduğuna görə pambıq gec bitmişdir. Havanın temperaturunun aşağı olması pambığın bitməməsinə təsir etmişdir. Adətən hava şəraiti pambığın məhsuldarlığına 10-12 sentner mənfi təsir edə bilər. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, İddiaçındə pambıq məntəqəsinin müdiri vəzifəsində çalışır. Cavabdeh "xxxx" MMC-yə pambıqla əlaqədar borcu vardır, iddiaçı ilə müqavilə bağlamış, pambığın təhvil verilməsi ilə əlaqədar borcu yaranmışdır. İlkin səpin vaxtı Cavabdeh sahəsinə nəzarət edən aqronomlardan biri o olmuşdur. Cavabdeh sahəsinə dəfələrlə, təxminən 60 dəfə getmişdir. "xxxx" MMC tərəfindən ona verililən tapşırıq ancaq texnikaların buyurulması olmuşdur. O, məntəqə müdiri keçənə kimi aqronom vəzifəsini icra etmişdir, may ayından sonra başqa vəzifəyə keçmişdir. Həmçinin cavabdehlə eyni kənddə yaşayır. Cavabdeh müqavilədə qeyd edilən bütün sahəsinə pambıq əkilmiş və onun hamısı bitmişdir. Bitməyən pambıq sahəsi olmamışdır. Səpindən sonra pambıq bitişi alındıqdan sonra ən geci 7 gün müddətində alaq təmizlənməlidir. Bitiş 1 həftəyə baş tutur. Aprel ayının axırına kimi həmin sahə alaqdan təmizlənməli idi. Sahədə kultivasiya işləri görülmüşdür. Səpindən 7-8 gün sonra kultivasiya işləri görülmüşdür, alaqdan asılı olmayaraq torpaqda olan rütubəti aradan qaldırmaqdan ötəri kultivasiya işləri görülməlidir. Cavabdeh sahəsində kultivasiya işləri gec görülməmişdir. Alağın təmizlənməsi üçün mütləq əl əməyi lazımdır. Pambıq ən azı 3 dəfə ketmanla alaqdan çıxarılmalıdır. Bildiyi qədəri ilə, Cavabdeh borcunun yaranmasına səbəb pambığını alaq basması, alaqçı tapa bilməməsi olmuşdur. Şirkət adətən 1 hektar ərazinin alağının təmizlənməsi üçün 100 manat pul verir, ancaq elə hal olur ki, alağın təmizlənməsi üçün 1 hektara 300 manat pul xərclənir. Bu halda fermer borculudur ki, özü bu xərci çəksin. Həmçinin Cavabdeh 10 hektar ərazidən yığılıb onlara vercəyəni güman etdiyi pambığı başqa şirkətə vermişdir. Həmin 10 hektar ərazidən çıxan pambığı atasının adından başqa şirkətə vermişdir. Cavabdeh ərazisində pambığın becərilməsi ilə əlaqədar bütün işləri bilavəsitə onun özü etməli idi. O cümlədən fermer iddiaçıya müraciət edərək dərman çiləyən, kultivator, arx çəkən kimi vasitələr istəyə bilər və onun müraciətini iddiaçı təmin edir, qalan işləri isə fermerin özü görür. Aqrotexniki xidmətlərin göstərilməsi ilə əlaqədar tapşırıqları iddiaçı adətən axşam alır və axşamdan da traktoristə sabah əraziyə getməyi tapşırır. Əgər iddiaçı tapşırığı səhər alarısa həmin gün əraziyə traktoristi göndərə bilmir, çünki artıq traktoristlər başqa ərazidə işə cəlb edilmiş olurlar. Pambığı alaq basarsa onu ancaq əl əməyi ilə təmizləmək olar. Rotor kultivator pambığın arasındakı alağı ketman kimi doğraya bilir, ancaq nə etsən də mütləq insan əməyi ilə pambığın dibi alaqdan təmizlənməlidir. Həmin il təxminən 48-50 nəfər fermerlə müqavilə bağlanmış, məhsuldarlıq çox yüksək olmuşdur. Cavabdeh ərazilərində məhsuldarlıq çox aşağı olmuşdur. Əvvəl qeyd etdiyi 10 hektarın pambığını iddiaçıya təhvil versə belə onun yenə borcu qalacaqdı. Bundan başqa Cavabdeh sahəsində təkrar səpin edilməsinin səbəbi yeri alaq basması olmuşdur. Cavabdeh bütün sahəsində bitiş alınmışdı, təkrar səpin edilən sahədə də bitiş alınmışdı. 12 hektar sahəni alaq basmış, onlar da, Cavabdeh da sahəni alaqdan çıxara bilməmişlər. Həmin sahənin alaqdan çıxarılması üçün təxmini olaraq 30000 manat pul lazım idi, ona görə də təzdən pambıq səpilmişdir. 12 hektar sahəni alaqdan çıxara bilmədiyinə görə təkrar səpin edilmiş, digər sahələri isə alaqdan çıxara bilmişdi, lakin alaqdan gec çıxarmışdı. Təkrar səpin edilən zaman akt tərtib etməli idi, lakin akt tərtib olunmamasına səbəb fermerin əlavə xərcə salınmaması olmuşdur. Əgər akt tərtib edilsə gərək bütün xərcləri fermer özü çəksin. İş materiallarında olan İddiaçı MMC-nin Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış 13 sentyabr 2021-ci il tarixli 05/21-05 nömrəli müqavilədən görünür ki, alıcı İddiaçı MMC tərəfindən satıcı Cavabdeh məxsus (mülkiyyətində və ya istifadəsində olan) Bərdə rayonu Qaratapə kəndlərində yerləşən 43 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsini, satıcı tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində alıcıya təhvil verilməsi və alıcı tərəfindən satıcının borcları çıxılmaq şərti ilə məhsulun nəmliliyi, zibilliliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi müəyyən olunmuşdur. İş materiallarında olan malların fiziki şəxslərə təhvil-qəbul qəbzlərindən görünür ki, xx.xx.2022-ci il tarixdə 5120 manat, xx.xx.2022-ci il tarixdə 80 manat, xx.xx.2022-ci il tarixdə 504 manat, xx.xx.2022-ci il tarixdə 366,52 manat, xx.xx.2022-ci il tarixdə 1560 manat, xx.xx.2022-ci il tarixdə 38 manat, xx.xx.2022-ci il tarixdə 2300 manat, xx.xx.2022-ci il tarixdə 504 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 1200 manat, xx.xx.2022-ci il tarixdə 1200 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 210 manat, xx.xx.2022-ci il tarixdə 780 manat, xx.xx.2022-ci il tarixdə 402 manat, xx.xx.2022ci il tarixdə 252 manat, xx.xx.2022-ci il tarixdə 240 manat, xx.xx.2022-ci il tarixdə 1365 manat, xx.xx.2022-ci il tarixdə 312 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 156 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 1404 manat, xx.xx.2022-ci il tarixdə 936 manat, xx.xx.2022-ci ildə 200 manat, xx.xx.2022-ci ildə 210 manat, xx.xx.2022-ci il tarixdə 204 manat, xx.xx.2022-ci il tarixdə 234 manat, xx.xx.2022-ci il tarixdə 680 manat, xx.xx.2022-ci il tarixdə 816 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 08 oktyabr 2021-ci il tarixli ödəniş tapşırığına əsasən 15000 manat, 09 fevral 2022-ci il tarixli ödəniş tapşırığına əsasən 5200 manat, 18 mart 2022-ci il tarixli ödəniş tapşırığna əsasən 1075 manat, 18 may 2022-ci il tarixli ödəniş tapşırığına əsasən 3600 manat, 08 iyun 2022-ci il tarixli ödəniş tapşırığına əsasən 3270 manat, 01 iyul 2022-ci il tarixli ödəniş tapşırığına əsasən 2400 manat, 08 iyul 2022-ci il tarixli ödəniş tapşırığına əsasən 1800 manat məbləğində pul məbləğləri İddiaçı MMC tərəfindən Cavabdeh avans olaraq ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli aktlardan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 20.80 hektarda çöp doğrama, 22 hektarda şumlama, 13 hektarda pambıq şumu ilə bağlı xidmətlər göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli aktlardan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 15,50 hektarda rotor mala, 67,50 hektarda mala ilə bağlı xidmətlər göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli aktlardan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh cəmi 21 hektarda arx çəkimi ilə bağlı xidmətlər göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli aktlardan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 35 hektarda səpin, 19 hektarda çiyid səpini ilə bağlı xidmətlər göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli aktlardan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh kultivasiya ilə bağlı xidmətlər göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli aktlardan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh tirə, borozda, dərmanlama, pambıq yığımı ilə bağlı ilə xidmətlər göstərilmişdir. İş materiallarında olan pambıq qəbulu qəbzlərindən görünür ki, xx.xx.2022-ci il tarixdə 2734,66 manat, xx.xx.2022-ci il tarixlərdə 1051,53 manat, 1598,32 manat, 1149,67 manat, xx.xx.2022-ci il tarixlərdə 2395,93 manat, 1652,87 manat, xx.xx.2022-ci il tarixdə 1250,47 manat, xx.xx.2022-ci il tarixdə 2018,42 manat, xx.xx.2022-ci il tarixlərdə 1269,92 manat, 2180,31 manat, xx.xx.2022-ci il tarixlərdə 1874,07 manat, 269,65 manat dəyərində pambıq Cavabdeh tərəfindən İddiaçı MMC-nə təhvil verilmişdir. İş materiallarında olan 05 yanvar 2023-cü il tarixli “İş və xidmətlərin yerinə yetirilməsi akt”ından görünür ki, görülmüş işlərin, verilmiş malların və avansın siyahısı qeyd edilməklə Cavabdeh İddiaçı MMC-yə qalıq borcunun 44543,01 manat olması tərəflərin imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı MMC-yə ərizə ünvanlayaraq sonuncu ilə onu arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsinə əsasən 2022-ci ilin təsərrüfat mövsümündə 44543,01 manat məbləğində borcu yarandığını, borcunu etiraf etməklə hazırda həmin məbləği ödəmək iqtidarında olmadığını, öz vəsaiti hesabına pambıq əkdiyini, mövsümün sonuna qədər, oktyabr ayının 20-nə kimi borcunu ödəyəcəyinə söz verdiyini qeyd etmiş, bununla bağlı borcun ödənilməsi üçün ona şərait yaradılmasını xahiş etmişdir. İş materiallarında olan 24 fevral 2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 28 fevral 2024-cü il tarixli 3-22-3-9/2-8/2024 saylı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Bərdə X16 Mərkəzinin məktubundan görünür ki, fermer Cavabdeh Bərdə X16 Mərkəzinə 2022 təsərrüfat ilində toxumluq çiyidin keyfiyyətsiz olması barədə müraciəti olmamışdır. İş materiallarında olan 14 mart 2024-cü il tarixli 3-22-3-9/2-16/2024 saylı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Bərdə X16 Mərkəzinin məktubundan görünür ki, 2022-ci il pambıq mövsümündə Bərdə rayonunda 11038 hektar pambıq əkilmişdir. Rayon üzrə orta məhsuldarlıq 31.4 sentner olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 604-cü maddəsinə əsasən hazırlanmalı və ya istehsal edilməli malların göndərilməsinə dair müqavilələr, əgər sifarişçi həmin malların hazırlanması və ya istehsalı üçün zəruri materialların mühüm hissəsini göndərməyi öz öhdəsinə götürürsə, habelə əgər mal göndərən tərəfin vəzifəsinin daha böyük hissəsi işlərin görülməsindən və ya başqa xidmətlərin göstərilməsindən ibarət deyildisə, alqı-satqı müqavilələrinə bərabər tutulur. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13 sentyabr 2021-ci il tarixli 05/21-05 nömrəli müqaviləyə əsasən alıcı İddiaçı MMC tərəfindən satıcı Cavabdeh məxsus Bərdə rayonu Qaratapə kəndlərində yerləşən 43 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsini, satıcı tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində alıcıya təhvil verilməsi və alıcı tərəfindən satıcının borcları çıxılmaq şərti ilə məhsulun nəmliliyi, zibilliliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi müəyyən olunmuşdur. Müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, işlər görmüş, xidmətlər göstərmiş, avans vermişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etməmiş və nəticədə onun iddiaçıya 44543,01 manat borcu qalmışdır. Belə ki, alıcı tərəfindən satıcının hesabına 08 oktyabr 2021-ci ildə 15000 manat, 09 fevral 2022-ci il tarixdə 5200 manat, 18 mart 2022-ci il tarixdə 1075 manat, 18 may 2022-ci il tarixdə 3600 manat, 08 iyun 2022-ci il tarixdə 3270 manat, 01 iyul 2022-ci il tarixdə 2400 manat, 08 iyul 2022-ci il tarixdə 1800 manat, cəmi 32345 manat məbləğində pul köçürülmüşdür. Bundan başqa işdə olan aktlarla ümumilikdə alıcı tərəfindən satıcıya 8862,30 manat dəyərində xidmət göstərilmiş, 17581,52 manat məbləğində müxtəlif adda mallar və 5200 manat məbləğində toxumluq çiyid verilmiş, cəmi avans olaraq verilmiş 63988,81 manatdan satıcı 19445,81 manat dəyərində pambıq təhvil vermiş, 44543,01 manat məbləğində borcu qalmışdır. Qeyd edilən hallar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər, habelə tərəflərin izahatları ilə təsdiq edilir. Həmçinin cavabdeh iddiaçıya 44543,01 manat məbləğində borcunun qalmasını tərəflər arasında imzalanmış üzləşmə aktına imza etməklə, habelə iddiaçıya ərizə ünvanlamaqla etiraf etmişdir. Cavabdeh tərəfindən mübahisələndirilən məsələ ondan ibarət olmuşdur ki, cavabdeh iddia ərizəsində qeyd edilən borc məbləğinin yaranmasına səbəbin iddiaçının müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam, vaxtında və keyfiyyətlə yerinə yetirməməsi ilə əlaqələndirmişdir. Məhkəmə iclasında cavabdeh iddiaçı tərəfindən onun sahəsində vaxtında kultivasiya işlərinin aparılmaması, həmçinin alaq üçün ona vaxtında pul verilmədiyini bildirmiş, iddiaçının öz öhdəliklərini yerinə yetirməməsi səbəbindən məhsuldarlığının az olmasını və borcunun yaranmasını bildirmişdir. Bununla bağlı məhkəmə ilk öncə onu qeyd edir ki, məhkəmə iclasında dindirilən iddiaçı hüquqi şəxsin əməkdaşları olan şahidlərin ifadələri və cavabdehin özünün izahatı ilə müəyyən edildi ki, bilavasitə cavabdehin torpaq sahəsində əkilən məhsulun məhsuldarlığının aşağı olması əkilmiş məhsulun alaq basması, yəni vaxtında alaq işlərinin görülməməsi, cavabdehin işçi qüvvəsini gec tapması və sahəni alaqdan gec çıxarması nəticəsində yaranmışdır. Cavabdeh iddiaçı tərəfindən ona alaq işlərinin görülməsi ilə bağlı pulun gec verildiyini, bu səbəbdən də həmin işləri vaxtında gördürə bilmədiyini qeyd etmişdir. Mütəxəssis, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Bərdə X16 Mərkəzinin bitkiçilik sektorunun müdiri X6 məhkəmə iclasında bildirdi ki, temperatur 22-24 dərəcə olan bitiş ən geci 8 günə alınır. Bundan sonra 7 gün gözlənilməlidir. Bundan sonra da ən geci 10- 12 gün ərzində alaq təmizləməlidir. İş materiallarına əlavə edilmiş iş aktlarından və ödəniş tapşırıqlarından görünür ki, cavabdehin torpaq sahəsində səpin işləri 2022-ci ilin aprel ayının 20-dən 26-dək bütün sahə üzrə, habelə may ayının 23-də 6 ha və iyun ayının 19-da isə 6 ha torpaq sahəsi üzrə təkrar aparılmışdır. May ayının 18-də isə satıcıya 3600 manat avans köçürülmüşdür. Cavabdeh həmin məbləğin alaq işlərinin görülməsinə sərf etdiyini, lakin həmin məbləğin kifayət etmədiyini bildirsə də vaxtında alaq işləri üçün tədbirləri gördüyünü, işçi qüvvəsi tapdığını, pul məbləğinin alaq işlərinin görülməsi üçün kifayət etməməsini alıcıya bildirdiyini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi cavabdeh sahənin vaxtında alaqdan çıxarılması üçün tədbir görməmişdir. Bundan başqa cavabdeh alıcı tərəfindən kultivasiya işlərinin ona vaxtında görülməməsinə istinad etsə də həmin xidmətləri vaxtında sifariş verdiyini sübuta yetirə bilməmişdir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin 2.1.2-ci bəndinə əsasən alıcı tərəfindən pambığın istehsalı üçün aqrotexniki normalara uyğun olaraq, satıcının sifarişi əsasında hazırkı müqaviləyə əlavədə göstərilən qiymətlərlə kənd təsərrüfatı texnikaları ilə aqrotexniki işlər görülə bilər, həmçinin avans olaraq toxumluq çiyid, mineral gübrə, pestisid və nağd pul vəsaiti verilə bilər, pambıq sahəsinin su təchizatının yaxşılaşdırılmasına aidiyyatı qurumlarla birgə köməklik göstərə bilər. Həmin müqavilənin 2.2.1-ci bəndində göstərilmişdir ki, görüləcək işlərin həcmi barədə alıcıya bir gün əvvəl sifariş vermək satıcının hüquq və vəzifələrinə aid edilmişdir. 2.2.5-ci bənddə isə nəzərdə tutulmuşdur ki, pambıq əkilən sahədə pambığın itkilərdən qorunması üçün tədbirlər görmək, pambıq sahəsinin suvarılmasını, eləcə də tələb olunan digər aqrotexniki tədbirlərin aparılmasını, mineral gübrə və pestisidlərin vaxtında verilməsini satıcı öz üzərinə götürür. Həmçinin tərəflər müqavilə bağlayarkən belə razılaşmışlar ki, məhsulun olmaması və ya az olması satıcını göstərilmiş xidmətlərin, alınmış vəsaitin, nisyə alınmış toxumun, mineral gübrə və pestisidlərin dəyərinin ödənilməsi öhdəliyindən azad etmir. Cavabdeh borc məbləğinin yaranmasının alıcının öhdəliklərinin vaxtında, tam olaraq və keyfiyyətlə yerinə yetirməməsi ilə əlaqələndirsə də, xidmətlərin göstərilməsi ilə bağlı, köçürülmüş pul məbləğlərinin kifayət etməməsi ilə bağlı alıcıya vaxtında sifariş verməsini, alıcının öhdəliklərini vaxtında, tam olaraq və keyfiyyətlə yerinə yetirməməsini təsdiq edən sübut təqdim etməmiş, göstərdiklərini təsdiq edə bilməmişdir. Müqavilə bağlandığı vaxtdan məhkəmə baxışındək iddiaçının özünə, habelə Bərdə X16 Mərkəzinə hər hansı bir müraciəti, etirazı olmamış, əksinə borcun olması ilə bağlı iddiaçıya ərizə ünvanlayaraq borcunu etiraf etmiş, üzləşmə aktında borcun olması və məbləği ilə razılaşmış, hər hansı etirazını bildirməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Odur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 44543,01 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması iddiaçının əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı müqavilə bağlayarkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, alqı-satqı müqaviləsi üzrə 4454,31 manat məbləğində, dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 200 manat məbləğində müəyyən edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 13 sentyabr 2021-ci il tarixli “Xam-pambığın alqı-satqısına dair” müqavilə üzrə yaranmış 44543 manat 01 qəpik əsas borc, 200 manat cərimə borcu olmaqla, cəmi 44743 manat 01 qəpik məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Gəncə 1 saylı Mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmiş, iddiaçının nümayəndəsi tərəfindən 200 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. İş materiallarında olan ********** nömrəli qəbzə əsasən iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 37 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 200 manat mediasiya xərci və 37 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 187 manat 23 qəpik dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13 sentyabr 2021-ci il tarixli 05/21-05 nömrəli “Xam-pambığın alqı-satqısına dair” müqavilə üzrə yaranmış 44543 manat 01 qəpik əsas borc, 200 manat cərimə borcu olmaqla, cəmi 44743 (qırx dörd min yeddi yüz qırx üç) manat 01 (bir) qəpik məbləğində borc, ödənilmiş 200 (iki yüz) manat mediasiya xərci və 37 (otuz yeddi) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Cavabdeh 187 (bir yüz səksən yeddi) manat 23 (iyirmi üç) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-133/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-133/2024
29.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver