Məhkəmə qərarları › İş №e-2-2(115)-1335/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1335/2023

23.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1335/2023 23.11.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 yanvar 2023-cü il tarixli No S 245/23 saylı “təchizat” müqaviləsi əsasında yaranmış 12285 manat borcun və 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 23 yanvar 2023-cü il tarixində İddiaçı MMC ilə Cavabdeh arasında S 245/23 saylı “təchizat” müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC, yəni satıcı bu müqavilədə nəzərdə tutulmuş malları Cavabdeh yəni alıcıya satarağı, alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin, 23 yanvar 2023-cü il tarixli S 245/23 saylı müqavilə əsasında baş tutmuş alğı-satqı proseslərini təsdiq edən EBDA seriyalı 384500 və 383130 №-li elektron-qaimələr əsasında mallar satıcı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq, alıcı, yəni Cavabdeh elektron-qaimələrə əsasən ƏDV daxil 12285 manat məbləğində malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq satıcıya, yəni İddiaçı MMC-yə ödəməmişdir. İddiaçının nümayəndəsi X2 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş və izahat verərək iddia tələbinin əsaslı olduğunu bildirmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məhkəmə iclaslarında iştirak etmiş və izahat verərək borcu qəbul etmədiyini bildirmişdir. İzahatlarında göstərmişdir ki, iddiaçının təqdim etdiyi müqaviləni o, imzalamamışdır. Onun adına elektron qaimələr göndərilmiş, lakin həmin qaimələrdəki mallar faktiki olaraq ona verilməmişdir. O. iddiaçı şirkətdən 2249,44 manat dəyərində mal almış, 74 manat ödəmiş etmiş, qalan malları isə geri qaytarmışdır. Bundan başqa iddiaçı ilə hər hansı alış-verişi olmamışdır. Odur ki, iddia tələbini qəbul etmədiyini və iddianın rədd edilməsini xahiş etmişdir. İdiaçıya və cavabdehə hazırkı məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarında olan: xx.xx.2023-cü il tarixli, S 245/23 saylı təchizat müqaviləsində göstərilir ki, İddiaçı MMC, yəni satıcı bu müqavilədə nəzərdə tutulmuş malları Cavabdeh yəni alıcıya satmağı, alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli maliyyə arayışında xx.xx.2023-cü il tarixinə Cavabdeh “Moskva Ərzaqları” ticarət obyekti üzrə İddiaçı MMC-yə 12285,79 manat borcunun olması göstərilmişdir. xx.xx.2023-cü il tarixli EBDA 383130 nömrəli elektron qaiməyə əsasən 11977,50 manat, xx.xx.2023-cü il tarixli, EBDA 384500 nömrəli elektron qaiməyə əsasən isə 381,84 manat olmaqla, cəmi 12359,34 manat məbləğində malların İddiaçı MMC tərəfindən alıcı- Cavabdeh təqdim edilməsi qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli qarşılıqlı üzləşdirmə aktından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı MMC-yə olan borcu 2249.44 manat təşkil edir. xx.xx.2023-cü il tarixli SF 37019 nömrəli alışdan qaytarmalar haqqında aktdan görünür ki, 2176,10 manat məbləğində mal alıcı tərəfindən satıcı İddiaçı MMC-yə geri qaytarılmışdır. Qalıq məbləği isə 73,34 manat təşkil edir. xx.xx.2023-cü il tarixli, GDĞ/1 347489 nömrəli qəbzdən görünür ki, Cavabdeh İddiaçı MMC-yə 74 manat məbləğində ödəniş etmişdir. xx.xx.2023-cü il tarixli MŞT/MT024/2023-0702 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 200 manat mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi və sübut kimi məhkəməyə təqdim etdiyi elektron qaimələr malların məxaricini bildirən uçot sənədidir. Elektron qaimələrin tətbiqi vergi nəzarəti mexanizminin daha səmərəli təşkilinə xidmət edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli, 89 saylı qərarı ilə təsdiq edilmiş “elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli 26 №-li qərarı ilə təsdiq edilmiş “elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” qaydalarının 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Göstərilən qaydaların məzmunundan da görünür ki, elektron qaimə – fakturanın təyinatı ilkin uçot sənədi kimi nəzərdə tutulmuşdur və qaimə – faktura məhz malların alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər - qaimələr, qəbzlər, təhvil-təslim aktları və s. əsasında doldurulmalıdır. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş qaimə – fakturalarda nəinki təhvil – təslim aktı, göstərilməli olan məlumatların heç biri qeyd olunmamışdır. Təhvil – təslim aktının qaimə – fakturanın doldurulması üçün əsas sənədlərdən biri hesab olunması da onu təsdiq edir ki, qaimə – faktura malın təhvil verilməsini təsdiq edən sənəd deyildir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən elektron qaimələr malların cavabdehə təhvil verilməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilmir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, S 245/23 saylı təchizat müqaviləsinin 3.2-ci bəndində göstərilir ki, əsasən xarici görünüşü, çeşidi, yer sayı və işçilərinin tamlıqla doluluğu üzrə malların qəbulu alıcının anbarında həyata keçirilir və qaimədə malı qəbul etmiş şəxsin vəzifəsi, imzasının açıqlaması qeyd olunmaqla, eləcə də alıcının möhürü ilə təsdiqlənərək rəsmiləşdirilir. Malları qəbul edən şəxsin səlahiyyəti müvafiq qaydada rəsmişləşdirilmiş etibarnamə ilə tədiq edilməlidir. Göründüyü kimi iddiaçı malların təhvil verilmə qayası ilə bağlı iradə ifadəsini bildirmişdir. Cavabdeh həmin müqavilədə olan imzanın ona aid olmadığını bildirmiş olsa da, məhkəmə imzanın məxsusluğunun ekspertiza keçirməklə təsdiqinə zərurət görməmişdir. Belə ki, müqavilədəki imzanın Cavabdeh aid olub-olmaması mübahisənin həllinə təsir göstərmir. Cavabdehin iddiaçıdan 2249.44 manat dəyərində mal almasını və həmin malların 2176,10 manat məbləğində olan hissəsinin geri qaytarılmasını bildirməsi tərəflər arasında bundan əvvəl müqavilə münasibətlərinin mövcudluğundan xəbər verir. Sübuta yetirilməli olan məsələ müqavilə münasibətlərinin mövcudluğu deyil, malların təhvil verilməsidir ki, iddiaçı bununla bağlı digər sübutları məhkəməyə təqdim etməmişdir. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi bütün halları sübut etməlidir. Qanunvericiliyə əsasən öz üzərinə düşən vəzifədən irəli gələrək iddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallar barədə sübutları məhkəməyə təqdim etməyə borcludur. İddiaçı tərəfindən sübut etmə vəzifəsinin yerinə yetirilməməsi iddia tələbinin təmin edilməməsinə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş borcun qaytarılması məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar