Məhkəmə qərarları › İş №e-2-2(115)-1344/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1344/2022

11.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1344/2022 11.10.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 13191 manat borc və 200 manat mediasiya rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa Cavabdeh vəkili Vəkil 11 avqust 2022-ci il tarixdə İddiaçınə qarşı qarşılıqlı iddia verərək dəymiş zərərin əvəzi olaraq "xxxx" MMC-dən 15000 manat pulun və 135 manat dövlət rüsümunun alınıb Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)- 1344/2022 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsi geri qaytarılmışıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli “X3 İstehsalının Stimullaşdırılması üzrə Xidmət və Satınalma Müqaviləsi”-nə əsasən cavabdeh 13 hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 25 ton məhsul əldə etməklə, ümumilikdə 325 ton məhsulu istehsal edib İddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə cavabdehə məxsus sahəyə cəmiyyət tərəfindən 13394.50 manat məbləğində mal və xidmət satılmaqla və 5212.50 manat pul vəsaiti avans olaraq kart hesabına köçürtməklə toplam 18607 manat dəyərində xərc çəkilmişdir. Cavabbdeh tərəfindən isə iddiaçıya cəmi 5416 manat dəyərində şəkər çuğunduru təhvil verilmişdir. Nəticədə cavabdehin cəmiyyətə 13191 manat borcu yaranmışdır. Cavabdehin nümayəndəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə göndərərək, bildirmişdir ki, iddiaçının verdiyi toxum keyfiyyətsiz olmuş, aqronom tərəfindən sahəyə qulluq edilməsinə nəzarət edilməmişdir. Həmçinin iddiaçı tərəfindən gübrə və dərman vasitələri ümumiyyətlə verilməmiş və müqavilə üzrə digər xidmətlər göstərilməmişdir. Məhsulun yerdən vaxtında çıxarılması təmin olunmamışdır. Çıxarılan iddia müddətinin tətbiq edilməsini və iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borc tələbinə dair” iddia ərizəsi üzrə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X1 14 iyul, 15 sentyabr və 22 sentyabr tarixlərdə məhkəmə iclaslarında iştirak etmiş, iddia tələbini müdafiə etdiyini bildirmişdir. Cavabdeh nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia əsassızdır. Ona görə ki, iddiaçının verdiyi toxum keyfiyyətsiz olmuş, aqronom tərəfindən sahəyə qulluq edilməsinə dair tövsiyyələr verilməmişdir. Həmçinin iddiaçı tərəfindən gübrə və dərman vasitələri verilməmiş və müqavilə üzrə digər xidmətlər göstərilməmişdir. Əgər edilmişdirsə onda bu barədə sübutu təqdim etsin. Həmçinin iddia müddətinin ötürülməsi barədə ərizənin nəzərə alaraq iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərərsiz baxaraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli "xxxx" MMC ilə X2 arasında “X3 istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi”-nə əsasən cavabdeh 13 hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 25 ton məhsul əldə etməklə, ümumilikdə 325 ton məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Həmin müqaviləsinin 2.1-ci bəndinə əsasən istehsalçı/əkinçi öz qanuni istifadəsində olan torpaq sahəsində "xxxx"in aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən toxum, gübrə, bitkinin mühafizəsi və digər maddi texniki vasitələri ilə şəkər çuğunduru bitkisini intensiv yolla becərməli və əldə edilmiş məhsulun hamsını bu müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə, qiymətlə və qaydada "xxxx"-ə təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə əsasən hər bir çuğundurun çəkisi 250 qramdan az olmamalıdır. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən "xxxx"-in nümayəndəsi “İstehsalçı/Əkinçi”nin torpaq sahəsinə baxış keçirərək şəkər çuğundurunun səmərəli əkini üçün yararlığı, suvarma suyu ilə tam təmin olunması və s. məsələləri əsas götürərək uyğunluq barədə öz rəyini bildirir. İşin hallarından və tərəflər arasında olan xidmət və satınalma müqaviləsinin məzmunundan da göründüyü kimi tərəflərin qarşılıqlı şəkildə üzərinə götürdüyü öhdəliklərin məqsədi müəyyən edilmiş normadan az olmayan keyfiyyətli məhsulun əldə edilməsinə yönəlmişdir. Yəni, müqavilənin məqsədinə bütünlüklə nail olmaq o halda mümkün ola bilərdi ki, hər bir tərəf öz üzərinə düşən öhdəliyi tam icra etmiş olsun. Cavabdeh tərəf iddia tələbinə dair etirazında iddiaçı tərəfindən ona gübrə və dərman vasitələrinin verilmədiyini və müqavilə üzrə digər xidmətlərin göstərilmədiyini bildirmişdir. Əkinçiyə gübrə və dərman vasitələri verilmiş olduğu və müqavilə üzrə digər xidmətlərin göstərilmiş olduğu təqdirdə bu barədə sübutun təqdim edilməli olduğunu vəsatətində qeyd etmişdir. Tərəflər arasında olan müqavilənin 3.5-ci bəndinə əsasən "xxxx" əlavə 2-də göstərilən aqrotexniki tədbirlərə aid hər bir xidmətin borcalma sənədinin “İstehsalçı/Əkinçi” tərəfindən təsdiqlənməsi üçün onun imzasına təqdim edir. “İstehsalçı/Əkinçi” ilə görüşmək mümkün olmadıqda, onun yerinə müvafiq dövlət orqanı tərəfindən təsdiq edilmiş sənəd və ya etibarnamə əsasında başqa şəxslərə də imzalatdıra bilər. Müqavilənin şərtindən göründüyü kimi "xxxx" əlavə 2-də göstərilən aqrotexniki tədbirlərə aid hər bir borclanmanı müvafiq sənəddə göstərilməli və tərəfin imzasına təqdim etməlidir. Belə bir yazılı sənəd mövcud deyildir. İddiaçı tərəfin nümayəndəsi borclanma sənədinin imzaya təqdim edilməməsini onunla izah etmişdir ki, müqavilənin 3.5-ci bəndi sahibkar olan şəxslərə aid deyildir. Belə ki, onlar vergi ödəyicisi olduqlarından elektron qaimələrin olması kifayətdir. Məhkəmə qeyd edir ki, bir halda ki bu hərəkətin edilməsi müqavilədə nəzərdə tutulmuşdur, qarşı tərəfin sahibkar statusunun olub-olmamasından asılı olmayaraq o yerinə yetirilməlidir. Müqavilə üzrə öhdəliklərin tam icra edilməməsi müqavilənin məqsədinə çatmağa mane olan səbəbdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məhkəmə iddia müddətinin ötürülməsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Bir halda iddia müddətinin tətbiqi məsələsinə baxılr, odur ki, tələbin növü müəəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Tərəflər arasında “X3 istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma” müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış bu müqavilə hüquqi mahiyyətinə görə və məzmun baxımından podrat müqaviləsinin ünsürlərini əhatə edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, podrat müqaviləsinə görə öhdəlik borclunun kreditor qarşısında iş görməsindən və görülmüş işin nəticəsinin təhvil verilməsindən irəli gəlir. Müqavilənin alqısatqı müqaviləsindən fərqi ondan ibarətdir ki, alqı-satqı zamanı müqavilənin predmeti bir qayda olaraq müqaviə bağlanan anda mövcud olur və həmin predmeti satıcı tərəf yaratmaya da bilər. Hazır şəkildə əldə etdiyi məhsulu istənilən şəxsə sata bilər. Bundan fərqli olaraq podrat müqaviləsində müqavilənin predmeti müqavilə bağlanan anda mövcud olmur. Qarşı tərəfə verilməli olan məhsulu podratçı öz əməyi və fəaliyyəti ilə sonrakı mərhələdə yaradır. Podratçı sifarişçinin tapşırığı ilə müəyyən olunmuş müddət ərzində işlər görür və görülmüş işlərin maddi vəziyyətə gətirilimiş nəticəsini başqa şəxsə deyil, yalnız sifarişçiyə təhvil verir. Göründüyü kimi podrat müqaviləsindən irəli gələn öhdəlik həm əmlak mübadiləsini, həm də əmlakın yaradılması üçün podratçının iş fəaliyyətini ehtiva etmişdir. Hazırkı müqavilədə cavabdeh tərəfin iddiaçıya pul ödəmək öhdəliyi nəzərdə tutulmamışdır. Müqavilə şərtlərinə görə hazırkı iş üzrə istehsalçı-əkinçi "xxxx" tərəfindən ona verilmiş olan pulun və göstərmiş maddi texniki xidmətlərin müqabilində müqavilədə nəzərdə tutulmuş miqdarda və ölçülərdə şəkər çuğunduru istehsal edib "xxxx"-nə təhvil verməli idi. Məhkəmə qeyd edir ki, əgər, podratçı öz üzərinə düşən öhdəliyi istər keyfiyyət, istərsə də kəmiyyət baxımından lazımi qaydada icra etməmişdirsə, bu hal qüsurlu icra sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 776.1-cı maddsəinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Hazırkı iş üzrə də iddia iddaçının tələbinin əsasında və mübahisənin kökündə işin qüsurlu icrası ilə bağlı məsələlər dayanır. İşin hallarından göründüyü kimi mübahisə qüsurlu icradan qaynaqlanmşdır. İddiaçı cavabdehdən pul tələb etsə də, o, bu tələbini qüsurlu icranı bildirən faktlara və hallara əsaslanmaqla irəli sürür. Qeyd olunanlar onu deməyə əsas verir ki, hazırkı iddia tələbi qüsurlu icra barəsində, yəni qüsurlu icraya aid və bu xüsusda olan tələbdir. İddianın mahiyyətindən belə görünür ki, öhdəliyin icrası qüsurlu olmasa idi, tələb də olmazdı. Digər öhdəlik münasibətlərindən fərqli olaraq podrat müqaviləsində bu qəbildən olan tələblərə qanunla görə bir illik müddət müəyyən edilmişdir. Mülki Məcəllənin 776.1-cı maddəsindən görünür ki, müddət işin qəbul edildiyi gündən sonra başlanır. Belə başa düşülür ki, müqavilənin predmetindən və istehsal olnumuş məhsuldan asılı olaraq tələb qüsurun aradan qaldırılmasına da yönələ bilər və yaxud, qüsurlar barəsində digər məzmunda da ola bilər. Tərəflər arasında “X3 istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma” müqaviləsi xx.xx.2018-ci il tarixdə bağlanmış və müqavilədə öhdəliyin icrası müddəti 1 il müəyyən edilmişdir. Həmin müqavilənin 6.1-ci maddəsinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir minir və 12 (on iki) ay müddətinə qüvvədədir. Müqavilənin müddətinin bitməsi tərəfləri öz öhdəliklərini yerinə yetirməkdən azad etmir. Nəzərə alaraq ki, şəkər çuğunduru müqavilə müddəti ərzində yalnız bir dəfə istehsal oluna bilərdi, qeyd edilən 1 illik müddət 20 noyabr 2019-cu il tarixdə bitmişdir. İddiaçı isə ilkin olaraq xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmiş, həmin tələbə üzrə xx.xx.2022-ci il tarixdə baxılmışdır, çıxarılan qətnamə apellyasiya instansiyası məhkəməsində ləğv edilərək iddia baxılmamış saxlanılmışdır. İddiaçı təkrarən 13 iyun 2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hər iki halda qanunla müəyyən edilmiş bir illik iddia müddəti ötürülmüşdür. Müddətin ötməsini istisna edən hallar mövcud deyildir. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi Cavabdeh borcun etirafı barədə ərizəsinə münasibət olaraq bildirir ki, etirafedici hərəkət mübahisə doğurmayan faklara və hallara əsaslandıqda hüquqi nəticə yaratmış olur. Həmin ərizədə borcun mövcudluğu göstərilir və gələcəkdə ödəniləcəyi vəd olunur. İşin hallarından göründüyü kimi ən az məbləğdə də olsa belə ödəniş edilməmişdir. İddiaçının nümayəndəsi həmin şəxs tərəfindən belə bir ərizənin verilmədiyini bildirir. Bundan başqa, hazırkı mübahisədə borcun hesablanmasında hər hansı səhvə yol verilməsi cavabdeh tərəfindən mübahisələndirilmir. Borcun yaranmasına səbəb olan hallar, onun yaranmasında tərərəflərin davranışı və fəaliyyəti cavabdehin etirazının mahiyyətini təşkil etmişdir. Həmin ərizə iddia müddətinin axımının kəsilməsinə də səbəb olmamışdır. Çünki, iddia müddətinin axımı xx.xx.2019-cu ildə başlamış və xx.xx.2020-ci ildə bitmişdir. Ərizənin imzalanma tarixi isə xx.xx.2020-ci il göstərilmişdir. Göründüyü kimi ərizə iddia müddətinin davam etdiyi zaman kəsiyində verilmədiyindən onun axımının kəsilməsinə səbəb ola bilməzdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin rəhbər tutub qət etdi: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar