Məhkəmə qərarları › İş №e-2-2(115)-1358/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1358/2024

16.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1358/2024 16.08.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Gəncə Kommersiya Məhkəməsinin hakimi Qələndərzadə Ramiq Ramis oğlu İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 2199,88 manat, hesablanmış cəriməyə görə 417,98 manat və ödənilmiş dövlət rüsumuna görə 46,18 manat olmaqla, cəmi 2664,04 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin “MKT-Tərtər” filialı və Cavabdeh arasında bağlanmış 23 *** **** saylı 2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən, Cavabdeh 2,9 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu İddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə müqavilə şərtlərinə əsasən, İddiaçı tərəfindən Cavabdehə avans olaraq ümumilikdə 4816,73 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif aqrotexniki xidmətlər göstərilmişdir. Müqavilənin 2.1.4-cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı Cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam-pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh, təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Buna baxmayaraq nəticədə Cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə İddiaçıya 2199,88 manat əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması İddiaçının tapşırığı əsasında xam-pambığın tədarükünü həyata keçirən müvafiq filialı ilə Cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda müqavilənin 4.2 bəndinə əsasən, Cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 417,98 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1358/2024 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etirazlarını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdehin məhkəmə bildirişini rəsmi qaydada xx.xx.2024-cü il tarixdə almasına baxmayaraq iddiaçının tələbinə dair etirazlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xam-pambığın alqı-satqısına dair müqavilə, xidmət aktları, maliyyə arayışı, qaimə-fakturalar, hesablaşma sənədi, vəsaitin köçürülməsi barədə məlumat və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər.Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. İşdən müəyyən olunur ki, tərəflər arasında bağlanmış 10 yanvar 2023-cü il tarixli 23 *** **** saylı 2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqı müqavilənin məzmunundan göründüyü kimi həmin müqavilə qarışıq müqavilə olmaqla özündə podrat, xidmət və alğı-satqı müqavilələrinin əlamətlərini ehtiva edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Tərtər filialı ilə Cavabdeh arasında bağlanmış 10 yanvar 2023-cü il tarixli 23 *** **** saylı 2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC 2023-cü il mövsümü üzrə xam-pambığın istehsalı üçün zəruri olan vəsaitləri, malları və aqrotexniki xidmətləri Cavabdeh təqdim etməyi öhdəsinə götürmüş, satıcı tərəfindən istehsal olunmuş xam-pambıq həcminin bütünlüklə alıcıya təhvil verilib satılması və alıcı tərəfindən ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissəsinin satıcıya ödənilməsi müəyyən olunmuşdur. Həmin müqavilənin 2.1.2-ci maddəsinə əsasən satıcı 2,9 ha torpaq sahasində pambıq əkir və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi xam pambığı bütünlüklə mövcud standartlara və 27 avqust 2007-ci il tarixdə Kənd Təsərrtüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş "Xam-pambığın yığılması və tədarükünə dair təlimat"ın tələblərinə əsasən Azərbaycan X1 Pambıqtəmizləmə Sənayesi üzrə filialı tərəfindən hazırlanmış və alıcıda saxlanılan etalonlara uygun olaraq kondisiya haqqında müqavilədə qeyd olunmuş qiymətlərlə alıcının mülkiyyətinə tədarük mövsümü vaxtı, lakin 15 noyabr 2023-cü il tarixindən gec olmayaraq təhvil verilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən alıcı bu müqavilədə qeyd olunmuş son hesablaşma tarixinə əməl etmədiyi hallarda gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,01 faiz miqdarında, lakin ödənilməyən 0,5 faizdən artıq olmamaq şərti ilə, satıcıya cərimə ödəyir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı MMC-yə əsas borca görə əsas borca görə 2199,88 manat, hesablanmış cəriməyə görə 417,98 manat borcu vardır. Müqavilənin icrası ilə əlaqədar müqavilə şərtlərinə əsasən, iddiaçı tərəfindən cavabdehə avans olaraq ümumilikdə 4816,73 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif aqrotexniki xidmətlər göstərilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş, mövsüm başa çatsa da, təhvil verdiyi xam-pambıq avans məbləğin dəyərini ödəmədiyindən onun iddiaçıya 2199,88 manat məbləğində borcu qalmışdır. Cavabdehin qeyd olunan məbləğdə avans götürməsi, ona yuxarıda qeyd olunan adlarda və məbləğdə işlər görülməsi, xidmətlər göstərilməsi, eyni zamanda 2199,88 manat borcunun olması hesablaşma sənədi, qaimə-fakturalar, xidmət aktları və vəsaitin köçürülməsi barədə məlumat ilə təsdiqini tapır. Məhkəmə iddia tələbinin 417,98 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 50 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. İş materiallarında olan **********48 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmaq üçün 46,18 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən 42,50 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 3,68 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2199,88 manat məbləğində əsas borc, 50 manat məbləğində cərimə olmaqla, ümumilikdə 2249,88 manat məbləğində pul və 42,50 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilməli, ödənilmiş 3,68 manat dövlət rüsumu İddiaçınə aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2199,88 manat məbləğində əsas borc, 50 manat məbləğində cərimə olmaqla, ümumilikdə 2249,88 manat məbləğində pul və 42,50 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş 3,68 manat dövlət rüsumu İddiaçınə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar