Məhkəmə qərarları › İş №e-2-2(115)-1392/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1392/2022

05.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1392/2022 05.12.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2019-cu il 18 sentyabr tarixli 02/00025334 nömrəli operativ lizinq müqaviləsinə əsasən 835 manat borcun və 60 manat mediasiya xərci olmaqla, cəmi 895 manat məbləğin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (əvvəlki "xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 2019-cu il 18 sentyabr tarixli 02/00025334 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Belarus-1221 markalı traktor ona istifadəyə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02/00025334 nömrəli müqaviləsinə əsasən 835,00 (səkkiz yüz otuz beş) manat öhdəlikdən heç bir ödəniş edilməmiş, 835,00 (səkkiz yüz otuz beş) manat borc qalmışdır. Cavabdeh Cəmiyyətə hazırda 835,00 (səkkiz yüz otuz beş) manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığı üçün iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etmiş, ancaq cavabdeh bugünə kimi müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.4-cü bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı ASC-də sürücü kimi çalışmışdır, heç bir müqaviləni imzalamamışdır və texniki vasitə icarəyə götürməmişdir. Sadəcə yol vərəqələrinə imza atmışdır. Ekspertin rəyi ilə də qeyd etdikləri öz təsdiqini tapır. Odur ki, qeyd olunanları nəzərə alaraq iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" ASC ilə Cavabdeh arasında bağlanıldığı iddia olunan "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 18 sentyabr 2019-cu il tarixli 02/00025334 nömrəli müqavilədən görünür ki, "xxxx" ASC 1 ədəd “Belarus-1221” markalı, 2014-cü il buraxılışlı, 66k137 dövlət qeydiyyat nömrəli traktoru 3 ay müddətinə 835 manat haqq ödəmək şərti ilə Cavabdeh istifadəsinə vermişdir. İş materillarına əlavə edilmiş 18 sentyabr 2019-cu il tarixli, F00025334 nömrəli aktla iddia olunur ki, "xxxx" ASC tərəfindən 1 ədəd “Belarus-1221” markalı, 2014-cü il buraxılışlı, 66k137 dövlət qeydiyyat nömrəli traktor saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışında Cavabdeh 835 manat məbləğində borcu olduğu qeyd olunmuşdur. İş materillarına əlavə olunmuş 12 aprel 2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 ilkin mediasiya sessiyasında iştirak edərək 60 manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı iddianın əsası kimi "xxxx" ASC ilə Cavabdeh arasında bağlanıldığı iddia olunan "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 18 sentyabr 2019-cu il tarixli 02/00025334 nömrəli müqaviləyə və 18 sentyabr 2019-cu il tarixli, F00025334 nömrəli akta istinad etmişdir. Məhkəmədə dindirilən Cavabdeh qeyd olunan müqaviləni və aktı imzalamadığını, iddiaçıdan texnika götürmədiyini, iddiaçı hüquqi şəxsdə sadəcə sürücü kimi işlədiyini bildirərək, iddia tələbinin əsası kimi çıxış edən sübutları mübahisələndirmişdir. Məhkəmə tərəfindən işin qeyd olunan halına aydınlıq gətirilməsi, işə obyektiv baxılması, sübutlara müvafiq hüquqi qiymət verilməsi məqsədi ilə iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli qərardadına əsasən təyin edilərək alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 noyabr 2022-ci il tarixli, 4/1461 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 54-55-ci vərəqlərində "xxxx" ASC və Cavabdeh adlarından olan xx.xx.2019-cu il tarixli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə(istifadəyə) verilməsi barədə 02/00025334 saylı Müqavilənin 2-ci səhifəsində olan “9.Tərəflərin bank rekvizitləri” bölməsinin “LİZİNQ ALAN İSTİFADƏ” qrafasında Cavabdeh sözlərinin alt hissəsindəki imza, xx.xx.2019-cu il tarixli F00025334 nömrəli Texniki vəziyyət haqqında (RN-nin istifadəsində olan texnika qısamüddətli lizinqə verilərkən müqaviləyə əlavə edilir) aktın aşağı hissəsində “Aktın doğruluğuna imza edirik” qrafasında olan “3." rəqəminin qarşısındakı imza - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə ekspert rəyini iş üzrə əhəmiyyət kəsb edən mötəbər hal kimi nəzərə alaraq, hesab edir ki, öhdəlik yaradan müqavilənin və texnikanın alınmasına dair sənədin cavabdeh tərəfindən imza olunması təsdiqini tapmır. Beləliklə, iddiaçının təqdim etdiyi sübutlara əsasən cavabdehin borcu təsdiqini tapmadığına görə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Beləliklə, işin faktiki hallarından görünür ki, iddia tələbi üzrə irəli sürülmüş dəlillər iddianın əsaslılığını sübut etməmiş və cavabdehin haqlı mövqeyi ekspert rəyi ilə sübut edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməli, 110 manat məbləğində ekspertiza xərci İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. 110 manat məbləğində ekspertiza xərci İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar