Məhkəmə qərarları › İş №e-2-2(115)-1395/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1395/2023

12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1395/2023 12.12.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 5295 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə bağlanmış xx.xx.2023-cü il tarixli AMX 2054/23 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən Cavabdeh tərəfindən ona məxsus olan Gəncə şəhərində yerləşən “Fantaziya Restoranı” təbii qazla təchiz olunmuşdur. Cavabdeh Gəncə X6 İdarəsi ona xx.xx.2023-cü il tarixli məktub ünvanlanmışıdır. Həmin məktubda göstərilmişdir ki, “Fantaziya Restoranı” istehlak olunmuş təbii qazın dəyərini tam ödənilmədiyindən onun Cavabdehnə qaz sayğacı üzrə 5295 manat məbləğində debitor borcu yaranmışdır. Hər ay istifadə etdiyi qaz pulunu vaxtıvaxtında sayğacın göstəricisinə uyğun olaraq ödəyir və ödənişlər barədə müvafiq qəbzləri var. Belə ki, Gəncə RQİİ-nin Gəncə Xidmət Sahəsinin xx.xx.2023-cü il tarixli hesab fakturasına əsasən xx.xx.2023-cü il tarixə qazsayğacı üzrə borc məbləği cəmi 1562 manat 25 qəpik olmuş və həmin məbləğ ödənilmişdir. Lakin, Gəncə RQİİ-nin Gəncə Xidmət Sahəsinin xx.xx.2023-cü il tarixli hesab fakturasına əsasən xx.xx.2023-cü il tarixə qaz sayğacı üzrə borc məbləği 5295 manat olmuşdur. Belə görünür ki, qış ayları olan yanvar, fevral, mart aylarında 1 ay üçün sayğac təxminən 500 manat yazıb, yay ayları olan aprel, may, iyun aylarında 1 ay üçün sayğac təxminən 1800 manat yazıbdır. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi. Belə ki, hər ay istifadə olunan qazın dəyəri vaxtı-vaxtında sayğacın göstəricilərinə uyğun ödənilmişdir. Lakin, buna baxmayaraq cavabdeh orqan tərəfindən onlara əsassız borc yazılmışdır. Borcun hansı qaydada yaranması barədə məlumatı yoxdur. Cavabdehin nümayəndəsi X4 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş və iddia tələbinə etirazını bildirmişdir. Həmçinin etirazın əsaslarına dair müvafiq sənədləri məhkəməyə təqdim edəcəyini bildirmişdir. Cavabdeh İB-yə hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi hazırkı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, abonentin xx.xx.2023-cü il tarixli saldosundan görünür ki, 2023-cü ilin may ayında akt əsasında ona 5244,75 manat borc hesablanmışdır. “Qazdan istifadə Qaydaları”nın 5.2-ci maddəsinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Qeyd olunan qaydaların tələbindən göründüyü kimi istehlakçı istifadə etdiyi təbii qazın dəyərini sayğac göstəricilərinə əsasən ödəməlidir. İstisna təşkil edən hallar baş verdikdə isə qaydalar çərçivəsində tədbirlər görülməli və müvafiq sənədlər tərtib edilməlidir. Yuxarıda qeyd olunduğu kimi 2023-cü ilin may ayında akt əsasında 5244,75 manat borc hesablanmışdır. Bir halda ki, borc akta əsasən hesablanmışdır, belə olan vəziyyətdə qaz təchizatı müəssisəsinin nümayəndələrinin akt tərtib etməklə bağlı fəaliyyəti ilk növbədə mövcud qaydalar çərçivəsində aparılmış olmalı, sonrakı növbədə isə istehlakçının təqsiri sübuta yetirilmiş olmalıdır. Belə ki, “Qazdan istifadə Qaydaları”nın 2.11-2-ci maddəsinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci və 17-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qanunun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Məhkəmə onu da qeyd edir ki, sayğacda yaranmış qüsurların və ya pozuntuların səbəblərini araşdırmaq və müəyyən etmək cavabdeh təşkilatın səlahiyyətlərindən irəli gələn məsələdir. Həmçinin, pozuntunun baş verməsində cavabdehin təqsirinin güman olunması məsuliyyətin yaranması üçün yetərli deyildir və güman olunanlar da sübuta yetirilməlidir. Əgər pozuntu cavabdehin nəyi isə etməsi və ya etməməsi səbəbindən baş vermişdirsə bunlar aşkar şəkildə görünməli, hərəkətsizlik etmiş şəxsin hərəkət etməyə sövq edən xüsusi əsaslar dəqiq olmalıdır. Güman və yaxud ehtimal edilən hadisə və hərəkətlərə əsaslanmaqla irəli görülən tədbir əsaslı sayılmır. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliklə öz üzərinə düşən vəzifədən irəli gələrək cavabdeh iddia tələbini qəbul etmədiyi halda, bunu əsaslandıran bütün faktiki hallar barədə sübutları məhkəməyə təqdim etməyə borcludur. Cavabdeh mübahisəli borcu müəyyən edən aktın yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaqla aparılmış yoxlamanın nəticəsi olaraq tərtib olunmasını və cavabdehin təqsirinin olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, 5295 manat borcun 5244,75 manat hissəsinni əsaslı və qanuni olması təsdiqini tapmadığından istehlakçının hesabından silinməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Dövlət Rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 5244,75 manat borc İddiaçı abonent hesabından silinsin. Cavabdehndən 72,44 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar