Məhkəmə qərarları › İş №e-2-2(115)-1396/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1396/2024

14.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1396/2024 14.11.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı «X6” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı «X6” Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 217450.40 manat pul vəsaitinin və dövlət rüsumu olaraq ödənilmiş 508 manat məbləğin, ümumi olaraq 217958.4 manat pul vəsaitinin İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə EBBF seriyalı, 066937 nömrəli, 17 iyul 2021-ci il tarixli elektron qaiməfakturadan məlum olur ki, cavabdeh "xxxx" MMC-nin İddiaçı QSC-yə verilmiş mallara görə ümumi ödənilməli olan 217450.40 borcu yaranmışdır. xx.xx.2023-cü il tarixində cavabdeh hüquqi şəxsə müraciət edilərək iddiaçı tərəfindən təqdim edilmiş qaimələr üzrə borcun ödənilməsi istənilmişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli pretenziya ilə cavabdehə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin onlayn kargüzarlıq sənəd dövriyyəsi vasitəsilə müraciət edilmiş və borcun İddiaçı QSC-yə ödənilməsi istənilmişdir, lakin cavabdeh borcu geri qaytarmamışdır. Cavabdeh "xxxx" MMC məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hər iki tərəf hüqüqi şəxsdir. Mövcud borcla bağlı hər hansı bir müqavilə və ya onun əlavəsi yoxdur. Cavabdeh tərəfdən hər hansı bir elektron malların sifarişi ilə bağlı sənəd yoxdur. Tərəflər arasında təhvil-təslim aktı da mövcud deyil. Elektron qaimənin tələblərinə əsasən həmin qaimədə məsul şəxslərin imzası mövcud deyil. Malların çatdırılması ilə bağlı elektron yol vərəqəsi mövcud deyil. Yuxarıda qeyd olunanları nəzərə alaraq hər hansı bir əsaslı sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmayıb. Eyni zamanda cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə əsasən 5 gün müddətində təqdim edilmiş qaiməfakturaya münasibətdə, iddiaçı elektron qaiməni xx.xx.2021-ci il tarixdə saat 18:24:55 radələrində yerləşdirmişdir, yəni həmin günü iş saatı bitdikdən sonra, növbəti gündən hesablanaraq yəni 18-22 iyul 2021-ci il tarix 5 gün müddəti bitməmiş ayın xx.xx.2021-ci il tarixdə saat 15:20:01 radələrində rəsmi olaraq malların tam geri qaytarma qaiməsi cavabdeh tərəfindən sistem üzərindən əlavə edilmiş və bunları hər iki qaimə sənədin üzərindən müəyyən etmək olur. Eyni zamanda hesab edirlər ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə mübahisəyə 3 illik iddia müddəti tətbiq edilməlidir. Belə ki, müqavilədən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. Hansı razılaşmaya əsasən cavabdeh tərəfin borcu var və hansı sənədə əsasən hansı müddətə həmin əsassız olan borc ödənilməli idi. Bunlar iddiaçı tərəfindən izah edilmir və qanunvericliyin tələblərinə əsasən iddia müddəti tətbiq olunmalıdır. Çünki iddiaçı tərəfindən məhz formal olaraq elektron qaimə xx.xx.2021-ci il tarixdə təqdim edilmiş özləri üçün yeni bir müddət axımı başlamışdılar buda yol verilməzdir. Hesab edirlər ki, məhkəmə işin tam obyektiv araşdırılmasına və sübütlara hüquqi qiymət verərək iddiaçı tərəfindən 3 illik prosessual müddət ötürülməsini nəzərə alaraq bu əsasla da iddianın rədd edəcək. Odur ki, qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, mövcud borcla bağlı hər hansı bir sübut mövcud deyildir. Eyni zamanda iddia müddəti ötürülmüşdür. Odur ki, bunları nəzərə alaraq iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: elektron qaimə və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən norma sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Qanunvericiliyə əsasən iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Məhkəməyə təqdim edilmiş iddia ərizəsindən görünür ki, iddiaçı öz tələbini əsaslandırmaq üçün yalnız 17 iyul 2021-ci il tarixli elektron qaimə-fakturaya istinad etmişdir. Tərəflər arasında elektron qaimə-fakturada adları qeyd olunan tibbi avadanlıqların alğı-satqısı ilə bağlı hər hansı müqavilənin, avadanlıqların təhvili ilə bağlı hər hansı aktların mövcud olub-olmaması ilə bağlı məhkəmə tərəfindən iddiaçıya sorğu ünvanlanmış, lakin iddiaçı sorğuya cavab verə bilməmişdir. İddiaçının nümayəndəsi heç bir məhkəmə iclasında iştirak etməmiş və yalnız sonuncu məhkəmə baxış iclasında məhkəməyə elektron qaydada izahat təqdim edərək yenə də elektron qaimə-fakturaya istinad edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə elektron qaimə-fakturalara münasibətdə onu qeyd edir ki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. İddiaçı tərəfindən məhkəməyə borcun olmasını təsdiq edən sübut kimi yalnız elektron qaimə-faktura təqdim edilmişdir. Konstitusiya Məhkəməsinin Plenum Qərarından da göründüyü kimi elektron qaimə-fakturalar öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini və xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir. Eyni zamanda cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2021-ci il tarixli elektron qaimə-faktura xx.xx.2021-ci il tarixdə sistem tərəfindən ləğv edilmişdir. Hazırkı işin mübahisəsiz və sübuta yetirilmiş halı ondan ibarətdir ki, sübut etmək vəzifəsinə uyğun olaraq, iddiaçı cavabdehlə aralarında bağlanmış müqaviləni, malların cavabdehə təhvili ilə bağlı aktları və digər sübutları işə mahiyyəti üzrə baxan məhkəməyə təqdim etməli idi. Lakin iddiaçı həmin sübutları məhkəməyə təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Həmçinin cavabdehin nümayəndəsi də həm məhkəmə iclasında verdiyi izahatında, həm də məhkəməyə yazılı qaydada təqdim etdiyi etirazında iddiaçı ilə aralarında xx.xx.2021-ci il tarixli elektron qaimə-fakturada adları qeyd olunan tibbi avadanlıqların alğı-satqısı ilə bağlı hər hansı müqavilənin mövcud olmadığını bildirmişdir İddiaçı öz dəlillərini əsaslandırmaq üçün sübutları təqdim edə bilmədiyi halda, cavabdeh üzərində əks dəlilləri əsaslandırmaq üçün sübut təqdim etmək öhdəliyinin müəyyən edilməsi, ilk növbədə, tərəflərin bərabərliyi prinsipinə, ümumiyyətlə MPM-də əks etdirilmiş ədalət mühakiməsinin prinsiplərinə sığışmır. Bu baxımdan, tərəflər arasında MM-in 567-ci maddələrinin tələblərinə uyğun alğı-satqı müqaviləsinin bağlanılması və cavabdehə həmin müqavilə üzrə tibbi avadanlıqların verilməsi sübut olunmadığına görə tərəflər arasında MM-in 386.1ci maddəsinin tələbləri baxımından öhdəlik münasibətlərinin yaranması öz təsdiqini tapmır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsaslılığına dair mötəbər sübutları təqdim etmədiyindən iddia tələbi rədd edilməlidir. Məhkəmə cavabdehin nümayəndəsi tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd edir ki, iddia əsassız olduğu üçün rədd edildiyindən cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə qiymət verilməsinə lüzum yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı öz iddia ərizəsində ödədiyi dövlət rüsumunun da cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia tələbi rədd edildiyindən, qanunvericiliyin tələbinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar