Məhkəmə qərarları › İş №e-2-2(115)-141/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-141/2023

28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-141/2023 28.03.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Cavabdeh X2 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X3 qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli 2451- GL/17 nömrəli müqavilə üzrə yaranmış 8368 manat gecikdirilmiş borcu və hesablanmış 6927,17 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 300 manat və 100 manat çəkilmiş mediasiya xərcinin, cəmi 15795,17 manat pul vəsaitinin cavabdeh X1 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2017-ci il tarixli 2451-GL/17 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Ona öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə bildirmişdir ki, cavabdeh 2023-cü il ərzində müxtəlif vaxtlarda ümumilikdə 8370 manat məbləğində ödəniş etməklə əsas borc öhdəliklərini yerinə yetirmişdir, lakin cərimə borcu və məhkəmə xərcləri ödənilməmiş qalmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 izahat verərək göstərdi ki, iddia ərizəsində göstərilən əsas borc məbləği olan 8370 manatı tam şəkildə ödəmişdir. Müqavilə müddəti isə məhkəmədə iddia qaldırıldıqdan sonra davam etmişdir. Ona görə də iddianın rədd edilməsini xahiş etdi. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan "xxxx" ASC ilə X4 arasında 19 dekabr 2017-ci il tarixdə bağlanmış 2451-GL/17 nömrəli müqavilədən görünür ki, "xxxx" ASC ümumi məbləği 10238 manat olan və 1 nömrəli Əlavədə göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra X2 mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.2ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verənin lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququ nəzərdə tutulmuşdur. İş materiallarında olan 19 dekabr 2017-ci il tarixli 2451-GL/17 nömrəli lizinq müqaviləsi üzrə ödəniş qrafikinin surətindən görünür ki, X4 ödənişləri xx.xx.2017-ci il tarixdən xx.xx.2023cü il tarixədək hissə-hissə ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür. İş materiallarına əlavə edilmiş 19 dekabr 2017-ci il tarixli 2451-GL/17 nömrəli lizinq müqaviləsi üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikinin surətindən görünür ki, X4 müqavilə üzrə 8368 manat gecikdirilmiş borc, 6927 manat 17 qəpik cərimə borcu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçının nümayəndəsi tərəfindən təqdim edilən məlumatlardan görünür ki, cavabdeh iddia ərizəsi məhkəmənin icraatında olduğu dövr ərzində müxtəlif vaxtlarda əsas borc öhdəliklərindən ilk olaraq 3400 manat məbləğində ödəniş etmiş, daha sonra isə ödəniş etməklə ümumilikdə 8370 manat əsas borc öhdəliklərini yerinə yetirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Məhkəmə qeyd edir ki, "xxxx" ASC ilə X4 arasında 19 dekabr 2017-ci il tarixdə kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə bağlanmış, ümumi məbləği 10238 manat olan kənd təsərrüfatı texnikası ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. Müqaviləyə əsasən lizinq verən öz öhdəliyini yerinə yetirmiş, kənd təsərrüfatı texnikası lizinq alana vermiş, lizinq alan isə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, lizinq ödənişini tam olaraq ödəməmişdir. Lakin mübahisəyə məhkəmədə baxılarkən cavabdeh müqavilə üzrə əsas borc məbləğini tamamilə ödəmişdir. İddiaçı da ərizələr verərək cavabdeh tərəfindən əsas borc məbləğinin ödənildiyini bildirmişdir. Məhkəmə bildirir ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Cavabdeh isə 19 dekabr 2017-ci il tarixli müqavilə üzrə ödənilməsi nəzərdə tutulan 8368 manat məbləği tam olaraq məhkəmə gedişi zamanı ödəmişdir. Qeyd edilən halları nəzərə alan məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirdiyindən, yəni iddia ərizəsində qeyd edilən lizinq ödənişini tam olaraq iddiaçıya ödədiyindən müqavilə üzrə cərimənin tətbiq edilməsi onun əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Ona görə də iddia təmin edilməməlidir. Bundan başqa iş materiallarında olan Gəncə şəhər 1 saylı mediasiya təşkilatı tərəfindən verilmiş arayışda iddiaçının nümayəndəsinin ilkin mediasiya sessiyasında iştirak etdiyi, cavabdehin isə mediasiya sessiyasında iştirak etmədiyi və iddiaçı tərəfindən 100 manat mediasiya xərcinin ödənildiyi göstərilmişdir. İş materiallarına əlavə edilmiş hüquqi yardımın göstərilməsi haqqında 1336 nömrəli müqavilədən görünür ki, iddiaçı tərəfindən 300 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən mediasiya xərci və hüquqi yardımla bağlı ödənilmiş pul vəsaiti iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini əsasən QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X3 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar