Məhkəmə qərarları › İş №e-2-2(115)-1426/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1426/2024

10.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1426/2024 10.10.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh lizinq müqaviləsinin şərtlərini pozduğu üçün (12.6 bənd) cərimə olaraq 1000 manat, əsas borc olaraq 6600 manat, faiz borcu olaraq 695 manat 20 qəpik, dəbbə borcu olaraq 620 manat 40 qəpik olmaqla, cəmi 8915 manat 60 qəpik borcun, o cümlədən məhkəməyə ödənilmiş 110 manat dövlət rüsumu məbləğinin cavabdehdən tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC ilə Cavabdeh arasında xx.xx.2024 tarixli AFLZ00-000168 saylı daxili lizinq müqaviləsi imzalanmışdır. Lizinq obyekti “Hyundai” markalı “Matrix” model, tünd qırmızı metallik rəngli, 2008-ci il istehsalı minik avtomobili olmuşdur. Lizinq müqaviləsinin dəyəri 6600 manat təşkil etmişdir. Müqaviləyə əsasən lizinq alan lizinq obyektinə müvəqqəti sahiblik və istifadəyə görə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində müəyyən edilmişdir. Bu müqavilə üzrə nəzərdə tutulan pul öhdəliklərinin yerinə yetirilməsi üzrə lizinq alanın lizinq verənlə hesablaşmaları Lizinq ödənişlərinin cədvəlində müəyyən edilmiş ilkin ödəniş və cari ödəmələr formasında həyata keçirilməklə və lizinq alanın lizinq obyektindən istifadə edib etməməsindən asılı olmayaraq lizinq ödənişləri cədvəlində göstərilmiş müvafiq tarixdə ödənilməsi nəzərdə tutulmuşdur. Lakin bu iddia üzrə Cavabdeh müqavilə şərtlərinə əməl etməyərək müvafiq ödənişləri etməmiş, Lizinq obyektinin yeri və vəziyyəti haqda məlumat verməmiş və lizinq alanın müqavilədə nəzərdə tutulmuş maliyyə vəziyyəti barədə hesabatı verməkdən qəsdən yayınmışdır. Bundan başqa cavabdeh lizinq obyektini gizlədərək avtomobili lizinq təşkilatına dövri baxış üçün göstərməkdən imtina etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, cavabdeh qanuni tələblərinə cavab vermir. xx.xx.2024-cü il tarixli müqavilə əsasında lizinq obyektini təqdim etmir. Aylıq ödənişi etmir. Lizinq obyekti “Hyundai Matrix” markalı avtomobildir. Aylıq ödənişlər edilməyib. Əlaqə yaratmaq olmur. Lizinq müqaviləsinin dəyəri 6600 manat təşkil edir. Cavabdeh zəng edib, avtomobilin onda olduğunu bildirir. Ancaq bəhanələr gətirərək, avtomobili təqdim etmir. Cərimə lizinq müqaviləsinin 12.6-cı bəndinə əsasən təqdim edilir. Lizinq obyektini yoxlamağı təmin etmədikdə cərimə tətbiq edilir. Dövri qaydada avtomobilə baxış keçirilməlidir. Müqavilənin 12.10-cu bəndinə əsasən gecikdirməyə görə gündəlik 0.1 faiz dəbbə pulu hesablanıb. Cavabdeh tərəfindən lizinq obyekti gizlədilmişdir. Məhkəməyə müraciət olunandan sonra borca ödəniş olmamışdır. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, borcu ödəmədiyi doğrudur. Avtomobili taksi fəaliyyəti üçün götürmüşdür. İstehsal ili köhnə olduğu üçün taksi kimi fəaliyyət göstərə bilməmişdir. Ancaq ona etibarnamə vermədikləri üçün avtomobili təqdim edə bilməmişdir. Bu barədə qarşı tərəfə məlumat vermiş, ancaq avtomobilin baxışa təqdim edilməsinə şərait yaradılmışdır. Borcu qəbul edir, lakin razılığa gəlmək istəyir. Avtomobili gizlətməmişdir. Avtomobil buradadır. Borcdan ödəniş olmamışdır. Avtomobildə nasazlıq yarandığı üçün işləyə bilməmiş, buna görə də ödəniş edə bilməmişdir. Avtomobili təmir etdirmək üçün Bakıya aparmışdır. Avtomobilə istənilən vaxt baxış keçirə bilərlər. O, hal-hazırda yalnız 1000 manat ödəniş edə bilir. Borca dair heç bir etirazı yoxdur. Yeni qrafik əsasında borcu ödəmək istəyir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş iddiaçı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024 -cü il tarixli AFLZ00-000168 nömrəli daxili lizinq müqaviləsindən görünür ki, lizinq verən 2 saylı Əlavədə göstərilən dəyəri 6600 manat olan əmlakı lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə müqavilənin şərtinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024 -cü il tarixli təhvil-təslim aktından görünür ki, “Hyundai Matrix” markalı, tünd qırmızı metallik rəngli, 2008-ci il istehsalı, **-DH-*** nömrəli minik avtomobili saz vəziyyətdə Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 6600 manat əsas, 695 manat 20 qəpik faiz, 620 manat 40 qəpik dəbbə borcu olmaqla, ümumilikdə 7915 manat 60 qəpik borcu mövcuddur. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 110 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin 747-5.2-ci maddəsinə əsasən, lizinqlə əlaqədar bağlanılan alqısatqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, lizinq obyektinin lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilməsi, lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malik olması göstərilməlidir. Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Mülki Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh lizinq müqaviləsi üzrə iddiaçıdan lizinq obyektini təhvil almış, lizinq müqaviləsi üzrə ödənişlərin vaxtında və tam ödənilməsini, həmçinin lizinq obyektini saz və işlək vəziyyətdə saxlamasını təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini tam icra etməmiş, lizinq obyektindən istifadə nəticəsində lizinq verənə zərər vurmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli AFLZ00-000168 saylı daxili lizinq müqaviləsi üzrə 6600 manat əsas borc, 695 manat 20 qəpik faiz borcu, 300 manat cərimə borcu olmaqla, cəmi 7595 manat 20 qəpik məbləğində borc və ödənilmiş 110 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, lizinq müqaviləsinə əsasən 300 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Məhkəmə həmçinin hesab edir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 12.6-cı bəndindən irəli gələn 1000 manat məbləğində cərimənin tələb edilməsi hissəsində iddia təmin edilə bilməz. Belə ki, xx.xx.2024 -cü il tarixli daxili lizinq müqaviləsinin 12.6-cı bəndindən görünür ki, bu müqavilənin 10-cu bəndində nəzərdə tutulmuş lizinq obyektinin yoxlamaq imkanını təmin etmədikdə lizinq alan lizinq verənə 1000 manat məbləğində cərimə ödəyir. Həmin müqavilənin 10.1-ci bəndində göstərilmişdir ki, lizinq verən hər hansı bir vaxt lizinq obyektini və ondan istifadə şərtlərini yoxlamaq və həmçinin bu məqsədlə lizinq alanın ərazisinə, bina və tikililərinə maneəsiz daxil olmaq və baxış keçirmək hüququna malikdir. Yoxlamanın nəticələri xüsusi aktla rəsmiləşdirilir. Tələbin həmin hissəsi ilə bağlı məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəf lizinq obyektinə baxış keçirilməsi ilə bağlı lizinq alana müraciət etməsi, bu imkandan məhrum olması və bu halların xüsusi aktla rəsmiləşdirilməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bunun əksi olaraq cavabdeh lizinq obyektinin Gəncə şəhərində olduğunu, ona iddiaçı tərəfindən etibarnamə verilmədiyi üçün avtomobili idarə edə bilmədiyini və istənilən vaxt lizinq obyekti olan avtomobilə baxış keçirməyin mümkün olduğunu bildirmişdir. Belə olan halda, iddia tələbinin 1000 manat məbləğində cərimənin ödənilməsi hissəsi təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli AFLZ00-000168 saylı daxili lizinq müqaviləsi üzrə 6600 manat əsas borc, 695 manat 20 qəpik faiz borcu, 300 manat cərimə borcu olmaqla, cəmi 7595 manat 20 qəpik məbləğində borc və ödənilmiş 110 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar