Məhkəmə qərarları › İş №e-2-2(115)-1428/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1428/2024

18.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1428/2024 18.11.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi ilə. İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin Cavabdeh qarşı pul və əmlakın qaytarılması tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 aprel 2022-ci il tarixli, ML/3778 nömrəli X3 üzrə - əsas borcun məbləği 1791,38 manat, lizinq üzrə faiz borcunun məbləği 884,79 manat, lizinq üzrə hesablanmış cərimə məbləği 38,99 manat olmaqla,cəmi 2715,16 manat məbləğdə lizinq borcunun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 48 manat məbləğdə dövlət rüsumunun cavabdeh – Cavabdeh tutularaq iddiaçı - “PSG X5 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, lizinq predmetini təşkil edən “Chevrolet Cruze” minik markalı avtomobilin saz və işlək vəziyyətdə cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilən sənədlərdən də göründüyü kimi, iddiaçı - "PSG X5 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə "xxxx" MMC adlandırılacaq ilə cavabdeh - Cavabdeh arasında 12 aprel 2022-ci il tarixli, ML/3778 nömrəli X3 bağlanıb. Həmin müqaviləyə əsasən, cavabdeh - Cavabdeh 1 (bir) ədəd 2014-cü il buraxılışı olan “Chevrolet Cruze” minik markalı, 1G1PG5SB1F7125197 ban nömrəli nəqliyyat vasitəsi (lizinq obyekti) 24 (iyirmi dörd) % dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə lizinqə verilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, Cavabdeh uzun müddətdir ki, lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmir. İddiaçı - "xxxx" MMC tərəfindən cavabdehə dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklər hələ də icra edilmir, lizinq üzrə borcu ödənilmir. İddiaçı tərəfindən cavabdehə lizinq öhdəliyinin icra edilməsinə dair müxtəlif vaxtlarda pretenziya məktubları ünvanlanıb (pretenzitya məktubu və onun cavabdehə çatdırılmasına dair qəbz iddia ərizəsinə əlavə edilir). Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: lizinq müqaviləsi, ödəniş qrafiki, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-5.2-ci maddəsinə əsasən, lizinqlə əlaqədar bağlanılan alqı-satqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, lizinq obyektinin lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilməsi, lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malik olması göstərilməlidir. 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. 750-ci maddəsinə əsasən Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, lizinq obyekti olan 1 ədəd 2014-cü il buraxılışlı “Chevrolet Cruze” minik markalı, 1G1PG5SB1F7125197 ban nömrəli nəqliyyat vasitəsinin ümumi dəyəri 13000 manat olmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən lizinq obyektini öz mülkiyyətinə alaraq həmin tarixli X3nə əsasən Cavabdeh sahiblik və istifadəsinə vermişdir. Sözügedən X3nin şərtlərinə uyğun olaraq lizinq verən iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək, lizinq obyekti olan avtomobili Cavabdeh təhvil vermiş və bu barədə tərəflər arasındaxx.xx.2022-ci il tarixli təhvil-təslim aktı tərtib edilmişdir. Müqavilənin 8.2-ci bəndinə əsasən, lizinq alanın lizinq verənə ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 11040 manat, bu ümumi məbləğdən 2340 manat isə lizinq verənin mükafatını təşkil etmişdir. Lizinq alan ilkin ödənişi (4474 manat) ödədikdən sonra 11040 manat borcu illik 24 faiz olmaqla 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür.Tərəflərin razılığı əsasında cavabdeh tərəfindən lizinq ödənişlərinin bu müqaviləyə uyğun olaraq tərtib olunmuş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməsi müəyyən edilmişdir. Cavabdeh müqaviləyə əlavə edilmiş lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq müqavilə üzrə öhdəliklərini icra etməmiş və nəticədə cavabdehin 12 aprel 2022-ci il tarixli, ML/3778 nömrəli müqavilə üzrə 1791,38 manat əsas borcu və 884,79 manat faiz borcu qalmışdır. Bu səbəbdən həmin borc məbləğləri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin 12 aprel 2022-ci il tarixli, ML/3778 nömrəli müqavilə üzrə 38,99 manat cərimə borcu tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə də təmin edilməlidir. Tərəflər arasında bağlanılmış müqavilənin 3.1.4-cü maddəsində qeyd olunur ki, lizinq alan müqavilə ilə müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə, lizin verən ödənişin gecikdirildiyi hər gün üçün lizinq obyektinin cari dəyərinin 0.3% məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin lizinq predmetini təşkil edən “Chevrolet Cruze” minik markalı avtomobilin saz və işlək vəziyyətdə cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin maddənin məzmunundan aydın olur ki, lizinq alanın lizinq ödənişlərini icra etmədiyi halda, lizinq müqaviləsi lizinq alan tərəfindən vaxtından əvvəl, yəni öhdəliyin icra müddəti başa çatmadan ləğv edilərsə, lizinq verən müqavilənin ləğv edildiyi vaxtadək yaranmış borcu tələb etməklə yanaşı, eyni zamanda lizinq obyektinin geri qaytarılmasını tələb etmək hüququna malik olur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, müqavilə üzrə cavabdeh tərəfindən 12.05.22, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərdə ödənişlər olunmuş və növbəti ödəniş isə xx.xx.2023-cü il tarixdə 7250 manat olmuşdur. Ondan sonra isə cavabdeh tərəfindən heç bir ödəniş olunmamış və müqavilənin müddəti xx.xx.2024-cü il tarixdə başa çatmışdır. İddiaçı cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə müəyyən olunmuş ödənişlər gecikdirildiyi halda müqaviləni vaxtından əvvəl ləğv etmək hüququndan istifadə etməmişdir. Hal-hazırda isə iddiaçı lizinq müqaviləsi üzrə müqavilənin başa çatdığı tarixə ödənilməmiş lizinq məbləğinin qalan hissəsini, yəni müqavilə üzrə öhdəliyin tam icrasını tələb edir. Məhkəmə iddia tələbinin lizinq müqaviləsi üzrə əsas borc, faiz və cərimə borcu hissəsində təmin edilməsi nəticəsinə gəldiyindən artıq müqavilə üzrə bütün ödənilməli olan lizinq məbləği tutulmuş olur. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı halda lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmədiyindən və cavabdehdən lizinq müqaviləsi üzrə bütün ödənişi (öhdəliyin tam icrasını) tələb etdiyindən lizinq verənin lizinq obyektinin ona qaytarılmasını tələb etmək hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmaq üçün 48 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçı tərəfindən 48 manat dövlət rüsumu ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 48 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1791,38 manat əsas borc, 884,79 manat faiz borcu, 38,99 manat cərimə borcu olmaqla, cəmi 2715,16 manat pul vəsaiti, həmçinin 48 manat dövlət rüsumu tutularaq İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1791,38 manat əsas borc, 884,79 manat faiz borcu, 38,99 manat cərimə borcu olmaqla, cəmi 2715,16 manat pul vəsaiti, həmçinin 48 manat dövlət rüsumu tutularaq İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar