Məhkəmə qərarları › İş №e-2-2(115)-1439/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1439/2025

02.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1439/2025 02.12.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, nəqliyyat vasitəsinin təhvil verilməsi və pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, nəqliyyat vasitəsinin təhvil verilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli, 2025/00144-01 saylı Daxili Lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan **-YM-*** dövlət qeydiyyat nişanlı, Hyundai Elantra minik markalı, tip: Sedan, buraxılış ili: 2014, ban nömrəsi: 5NPDH4AE8FH559254, rəngi: ağ mirvari, mühərrik həcmi: 1798 sm3 nəqliyyat vasitəsinin Cavabdeh alınaraq İddiaçı ASC-yə təhvil verilməsi, Cavabdeh əsas borca görə gecikmə 1016.69 manat, faiz borca görə gecikmə 1066.87 manat, dəbbə pulu 300 manat, xx.xx.2025-ci il tarixli Qiymətləndirmə Aktına əsasən 8120 manat məbləğində dəymiş ziyan olmaqla, ümumilikdə 10503,56 manat borcun, hüquqi yardıma görə ödənilmiş 350 manat və məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 121.51 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixində 2025/00144-01 saylı Daxili Lizinq müqaviləsi bağlanmışdır. Daxili Lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqavilənin premdeti Lizinq verən tərəfindən təsvir edilmiş lizinq obyektinin satıcıdan əldə edilməsi və Lizinq alanın istifadəsinə verilməsi, Lizinq alan tərəfindən isə bu müqavilədə müəyyənləşdirilmiş ödəmə planı üzrə pul məbləğlərinin ödənilməsidir. Lizinq obyekti minik avtomobili – Hyundai Elantra minik, tip: Sedan, buraxılış ili: 2014, ban nömrəsi: 5NPDH4AE8FH559254, rəngi: ağ mirvari, mühərrik həcmi: 1798 sm3 nəqliyyat vasitəsidir. Müqavilənin 1.2-ci bəndinə əsasən, bu lizinq müqaviləsinin ümumi məbləği 14600 (on dörd min altı yüz) manat təşkil edir. Müqavilənin 2.1-ci bəndinə əsasən, müqavilənin müddəti 28 (iyirmi səkkiz) ay müəyyən edilmişdir. Müqavilənin 4.2.5-ci bəndinə əsasən, Lizinq alanın vəzifəsi lizinq ödənişlərini gecikdirməməkdir. Belə ki, Lizinq alan bu Müqavilənin 1 saylı Əlavəsində nəzərdə tutulmuş ödəniş qrafikində göstərilmiş tarixlərdən gec olmayaraq ödənişləri yerinə yetirməlidir. Müqavilənin 5.1-ci bəndinə əsasən, Lizinq predmetindən istifadə zamanı lizinq verən tərəfə dəymiş ziyan və ya bu müqavilə ilə götürdükləri öhdəliklərini yerinə yetirmədikdə və ya lazımi qaydada yerinə yetirmədikdə, təqsirli tərəf digər tərəfə dəymiş bütün zərəri, eləcə də əldən çıxmış faydanı tam həcmdə ödəməlidir. Müqavilənin 5.2-ci bəndinə əsasən, Lizinq ödənişi vaxtında edilməzsə, Lizinq alan gecikdirilən hər gün üçün bu Müqavilənin 1.2-ci bəndində qeyd edilmiş ümumi məbləğin 0.1% məbləğində cərimə ödəməlidir. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli 2025/00144-01 saylı Daxili Lizinq müqaviləsinin müddəaları pozularaq, öhdəliklər icra edilmir. Belə ki, xx.xx.2025-ci il tarixli Maliyyə arayışına əsasən, Daxili Lizinq müqaviləsi üzrə Cavabdeh İddiaçı ASC-yə lizinq üzrə əsas borcu 1016.69 manat, faiz borcu 1066.87 manat, dəbbə pulu 300 manat, xx.xx.2025-ci il tarixli Qiymətləndirmə Aktına əsasən 8120 manat məbləğində dəymiş ziyan, ümumilikdə borcu 10503,56 manat təşkil edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, avtomobili təmir etdirmiş, ödənişlər də etmişdir. 2200 manat və 710 manat olmaqla ödənişlər etmişdir. Çox az miqdarda borcu qalıb. Maşını cərimə meydançasından özü götürmüşdür. Qarşı tərəflə əlaqə saxlamış və ona bildirmişlər ki, nümayəndənin yanlışlığıdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək işə iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh isə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: daxili lizinq müqaviləsi, təhvil-təslim aktı, maliyyə arayışı, ödəniş qəbzləri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. İddia ərizəsindən göründüyü kimi iddiaçının tələbi 3 hissədən ibarətdir:

1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2025-ci il tarixli, 2025/00144-01 saylı Daxili Lizinq müqaviləsinin ləğv edilməsi;

2. Lizinq obyekti olan **-YM-*** dövlət qeydiyyat nişanlı, Hyundai Elantra minik markalı, tip: Sedan, buraxılış ili: 2014, ban nömrəsi: 5NPDH4AE8FH559254, rəngi: ağ mirvari, mühərrik həcmi: 1798 sm3 nəqliyyat vasitəsinin Cavabdeh alınaraq İddiaçı ASC-yə təhvil verilməsi;

3. Cavabdeh əsas borca görə gecikmə 1016.69 manat, faiz borca görə gecikmə 1066.87 manat, dəbbə pulu 300 manat, xx.xx.2025-ci il tarixli Qiymətləndirmə Aktına əsasən 8120 manat məbləğində dəymiş ziyan olmaqla, ümumilikdə 10503,56 manat borcun

Məhkəmə iddia tələbinin birinci hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2025-ci il tarixli, 2025/00144-01 saylı daxili lizinq müqaviləsi ləğv edilməsini hissəsində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-1.12 və 748- 1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Eyni zamanda tərəflər arasında bağlanılmış xx.xx.2025-ci il tarixli, 2025/00144-01 saylı daxili lizinq müqaviləsinin 6.1 və 6.1.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün lizinq ödənişlərini ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərinivə lizinq obyektini mübahisəsiz geri almaq və bununla da müqaviləni vaxtından əvvəl ləğv etmək hüququ vardır. İş materiallarından göründüyü kimi lizinq alan tərəfindən müqavilə şərtləri əhəmiyyətli dərəcədə pozularaq müqavilə ilə nəzərdə tutulan ödənişlər ardıcıl olaraq iki dəfədən artıq ödənilməmişdir. Ona görə də “Legion Financial" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2025-ci il tarixli, 2025/00144-01 saylı daxili lizinq müqaviləsi ləğv edilməlidir. Məhkəmə iddia tələbinin ikinci hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, “Legion Financial" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2025-ci il tarixli, 2025/00144-01 saylı daxili lizinq müqaviləsi vaxtından əvvəl ləğv edildiyindən lizinq obyekti olan nəqliyyat vasitəsinin ona qaytarılmasını tələb etməkdə haqlıdır. Ona görə də lizinq obyekti olan **-YM-*** dövlət qeydiyyat nişanlı, Hyundai Elantra minik markalı, tip: Sedan, buraxılış ili: 2014, ban nömrəsi: 5NPDH4AE8FH559254, rəngi: ağ mirvari, mühərrik həcmi: 1798 sm3 nəqliyyat vasitəsi Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-yə təhvil verilməlidir. Məhkəmə iddia tələbinin üçüncü hissəsinə münasibətdə də qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixli, 2025/00144-01 saylı Daxili Lizinq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, müqavilənin predmeti Lizinq verən tərəfindən təsvir edilmiş lizinq obyektinin satıcıdan əldə edilməsi və Lizinq alanın istifadəsinə verilməsi, Lizinq alan tərəfindən isə bu müqavilədə müəyyənləşdirilmiş ödəmə planı üzrə pul məbləğlərinin ödənilməsidir. Lizinq obyekti minik avtomobili – Hyundai Elantra minik, tip: Sedan, buraxılış ili: 2014, ban nömrəsi: 5NPDH4AE8FH559254, rəngi: ağ mirvari, mühərrik həcmi: 1798 sm3 nəqliyyat vasitəsidir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, bu lizinq müqaviləsinin ümumi məbləği 14600 manat təşkil edir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, müqavilənin müddəti 28 ay müəyyən edilmişdir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, Lizinq predmetindən istifadə zamanı lizinq verən tərəfə dəymiş ziyan və ya bu müqavilə ilə götürdükləri öhdəliklərini yerinə yetirmədikdə və ya lazımi qaydada yerinə yetirmədikdə, təqsirli tərəf digər tərəfə dəymiş bütün zərəri, eləcə də əldən çıxmış faydanı tam həcmdə ödəməlidir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən, Lizinq ödənişi vaxtında edilməzsə, Lizinq alan gecikdirilən hər gün üçün bu Müqavilənin 1.2-ci bəndində qeyd edilmiş ümumi məbləğin 0.1% məbləğində cərimə ödəməlidir. İddiaçı tərəfindən müqavilə şərtləri yerinə yetirilərək müqavilədə adı göstərilən minik avtomobilini cavabdehə lizinqə verilmişdir. Cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və minik avtomobilindən müvəqqəti istifadəyə görə ödənilməli olan borc məbləğini ödənişi vaxtı-vaxtında və tam həcmdə ödəməmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən Cavabdeh lizinq ödənişlərini müqavilə müddəti ərzində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməmiş və nəticədə ödənilməmiş əsas borca görə gecikmə 1016.69 manat, faiz borca görə gecikmə 1066.87 manat borcu yaranmışdır. Bu səbəbdən həmin borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin 300 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 50 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Eyni zamanda iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına əsasən lizinq obyekti olan **-YM-*** dövlət qeydiyyat nişanlı, Hyundai Elantra minik markalı, tip: Sedan, buraxılış ili: 2014, ban nömrəsi: 5NPDH4AE8FH559254, rəngi: ağ mirvari, mühərrik həcmi: 1798 sm3 nəqliyyat vasitəsi saz vəziyyətdə Cavabdeh tərəfindən təhvil alınmışdır. 18 iyun 2025-ci il tarixli qiymətləndirmə haqqında rəydən görünür ki, Cavabdeh müvəqqəti istifadəsinə verilmiş lizinq obyekti olan **-YM-*** dövlət qeydiyyat nişanlı, Hyundai Elantra minik markalı, tip: Sedan, buraxılış ili: 2014, ban nömrəsi: 5NPDH4AE8FH559254, rəngi: ağ mirvari, mühərrik həcmi: 1798 sm3 nəqliyyat vasitəsinə Grand Baku tərəfindən tərtib olunmuş qiymətləndirmə rəyinə əsasən avtomobilə 8120 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdehlizinq müqaviləsi üzrə iddiaçıdan lizinq obyektini təhvil almış, lizinq müqaviləsi üzrə ödənişlərin vaxtında və tam ödənilməsini, həmçinin lizinq obyektini daim saz və istismara yararlı vəziyyətdə saxlamasını təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək lizinq obyektindən istifadə nəticəsində lizinq verənə zərər vurmuşdur. Nəticədə cavabdehin təqsiri nəticəsində iddiaçıya 8120 manat maddi ziyan vurulmuşdur. Bu səbəbdən həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd etməyi zəuri hesab edir ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən təqdim olunan qəbzlərdən göründüyü kimi, cavabdeh tərəfindən məhkəmə icraatı gedişində 24 sentyabr 2025-ci il tarixində 2200 manat, 20 oktyabr 2025-ci il tarixində 717 manat, 22 noyabr 2025-ci il tarixində 717 manat olmaqla, ümumilikdə 3634 manat ödəniş olunmuşdur. Bu səbəbdən iddiaçı haqlı olsa da, cavabdeh tərəfindən ödənilmiş pul məbləği yekun olaraq tutulmalı olan məbləğdən silinməlidir. Məhkəmənin gəldiyi nəticəyə əsasən cavabdehdən əsas borca görə 1016.69 manat, faiz borca görə 1066.87 manat, cərimə borcuna görə 50 manat, xx.xx.2025-ci il tarixli Qiymətləndirmə Aktına əsasən 8120 manat məbləğində dəymiş ziyan olmaqla, ümumilikdə 10253,56 manat borc tutulmalıdır. Cavabdeh tərəfindən ödənilmiş 3634 manat nəzərə alındığı təqdirdə cavabdehin 6619,56 manat borcu qaldığı sübut olunur. Həmin ödəniş əsas, faiz və cərimə borcunu ehtiva etdiyindən cavabdehdən yalnız 6619,56 manat məbləğində dəymiş ziyan iddaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 350 manat məbləğində pul vəkil bürosuna köçürülmüşdür. İddiaçı isə 350 manat məbləğində vəkilə ödənilmiş xidmət haqqının tutulmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hüquqi yardım üçün vəkilə ödənilmiş 350 manat xidmət haqqı da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən 121,51 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2025-ci il tarixli, 2025/00144-01 saylı daxili lizinq müqaviləsi ləğv edilsin. Lizinq obyekti olan **-YM-*** dövlət qeydiyyat nişanlı, Hyundai Elantra minik markalı, tip: Sedan, buraxılış ili: 2014, ban nömrəsi: 5NPDH4AE8FH559254, rəngi: ağ mirvari, mühərrik həcmi: 1798 sm3 nəqliyyat vasitəsi Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-yə təhvil verilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus lizinq obyekti olan “Hyundai Elantra” markalı avtomobilin bərpası üçün tələb olunan 6619,56 manat məbləğində maddi ziyan, hüquqi yardıma görə ödənilmiş 350 (üç yüz əlli) manat və 121,51 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar