Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1446/2023 21.11.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi ilə, İddiaçı “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə 34913 manat, və ödənilmiş dövlət rüsumuna görə 194 manat 74 qəpik olmaqla cəmi 35107 manat 74 qəpik pulun cavabdehdən alınaraq « X4 Kompleksi » MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, alıcı qismində “X4 Kompleksi” MMC, tədarükçü qismində “X4 Kompleksi” MMC-nin “X6 və Tədarük Məntəqəsi” filialı və fermer X2 arasında bağlanmış 2021-ci il mövsümü üzrə xx.xx.2021-ci il tarixli, 167 saylı xampambığın alqı-satqı müqaviləsinə əsəsən cavabdeh öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilələrin icrası ilə əlaqədar cavabdehə iddiaçıdan ümumilikdə 107746 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xampambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh yaranmış borcun 72833 manat dəyərində hissəsini xam pambıqla ödəmişdir. Beləliklə, cavabdeh 2021-ci il mövsümü üzrə xx.xx.2021-ci il tarixli, 167 saylı müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 34913 manat borcu qalmışdır. İddiaçının nümayəndəsi X3 məhkəməyə elektron qaydada ərizə göndərərək iddia tələbini müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılmasını və qətnamə çıxarılmasını xahiş etdiyini bildirmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh ilə “X4 Kompleksi” MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 167 nömrəli 2021-ci il mövsümü üzrə xam-pambığın alqısatqısı müqaviləsindən görünür ki, müqavilə ilə Cavabdeh mülkiyyətində, istifadəsində və ya icarəsində olan 70,00 ha torpaq sahəsində pambıq əkib “X4 Kompleksi” MMC-yə satmağı, iddiaçı isə xam pambığ qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətə Cavabdeh ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş maliyyə arayışında xam-pambığın alqı-satqısı müqaviləsi üzrə Cavabdeh iddiaçı “X4 Kompleksi” MMC-yə 34913 manat 02 qəpik məbləğində borcunun olması qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin X6 və Emalı Zavodu və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli üzləşmə aktından görünür ki, tərəflər arasında üzləşmə aparılmış və borclu Cavabdeh X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin X6 və Emalı Zavoduna 34913 manat 02 qəpik məbləğində qalıq borcunun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmasına dair iddiaçı qarşısında öhdəlik götürmüş, bu məqsədlə iddiaçıdan avans almış, lakin öhdəliklərini yerinə yetirməmiş və iddiaçıya müqavilə üzrə borcu yaranmışdır. Pretenziya məktubundan görünür ki, “X4 Kompleksi” MMC cavabdehə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. xx.xx.2022-ci il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. “X4 Kompleksi” MMC -nin nümayəndəsi X1 mediasiya sessiyasında iştirak etmiş, mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiya xərcini ödəmişdir. İddiaçı mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 194 manat 74 qəpik məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 34913 manat məbləğində borc Cavabdeh iddiaçı “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalı, ödənilməli olan 194 manat 74 qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı tələbində ödənilmiş dövlət rüsümuma görə 194 manat 74 qəpik məbləğində pul tələb etsə də, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Bunun əksi olaraq, iddia ərizəsinin dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan görünür ki, iddiaçı mediasiya xərcini ödədiyi üçün dövlət rüsumu ödəməkdən azad edilmişdir. Odur ki, iddia tələbi qalan hissədə təmin edilə bilməz Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 34913 manat məbləğində borc Cavabdeh iddiaçı “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilməli olan 194 manat 74 qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-1446/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1446/2023
21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver