Məhkəmə qərarları › İş №e-2-2(115)-1477/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1477/2025

25.07.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1477/2025 25.07.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi ilə Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 4679,64 manat məbləğində, İşsizlikdən sığorta fonduna 1,84 manat olmaqla, ümumilikdə 4681,48 manat məbləğində borcu yaranmışdır. Borcun ödənilməsi təmin edilmədiyindən ərizəçi hazırkı tələblə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 4679,64 manat məbləğində, İşsizlikdən sığorta fonduna 1,84 manat olmaqla, ümumilikdə 4681,48 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğlərini ödəməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, ərizəçi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək işə iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, maraqlı şəxs iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin iştirakı olmadan baxmışdır. Ərizəçi tərəfindən elektron qaydada materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara vergi ödəyicisi olan fiziki şəxsin şəxsi hesab vərəqəsi, bildiriş, xəbərdarlıq və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. 77.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. 355-7.4-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. İş materiallarına əlavə edilmiş şəxsi hesab vərəqəsindən görünür ki, Maraqlı şəxs əmlaka yönəldilmiş məbləğ üzrə 4679,64 manat borcu vardır. Məhkəmə qeyd edir ki, ərizəçinin məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, ərizəçi vergi ödəyicisi olan hüquqi şəxsin məhkəmə qərarı ilə təmin edilmiş məbləğ üzrə 4679,64 manat borcunun ödənilməsi məqsədilə onun icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmаsını xahiş etmişdir. Məhkəmə hesab edir ki, həmin borcun ödənilməsi məqsədilə maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması əsaslı hesab edilə bilməz. Belə ki, işdə olan Gəncə İnzibati Məhkəməsinin 04 mart 2025-ci il tarixli e-2-1(114)- 2832/2025 saylı qərarından görünür ki, iddianın təmin edilməsi, Maraqlı şəxs dövlət büdcəsinə ödənilməmiş 6179,64 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdəhə məxsus 9000 manat dəyərində “Lada Vesta” minik, 99UA402 qeydiyyat nişanlı, buraxılışı 2018-ci il olan avtonəqliyyat vasitəsi hərrac vasitəsilə satılması, vəsaitin qalan hissəsi vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılması qərara alınmışdır. Göründüyü kimi adı çəkilən qərarla yaranmış borcun ödənilməsi borclunun siyahıya alınmış əmlakı hesabına ödənilməsi qərara alınmışdır. Eyni borc məbləğinin ödənilməsi üçün maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə də ərizə verilmişdir. Qeyd etmək lazımdır ki, qanunvericilikdə vergi öhdəliyinin təmin edilməsi ilə bağlı vergi orqanlarının səlahiyyətli olduqları məcburiyyət tədbirlərinin birinin seçildiyi təqdirdə digərinin seçilməsinin istisna olunmasına dair hər hansı müddəa nəzərdə tutulmamışdır. Belə müddə olmasa belə borclunun siyahıya alınmış əmlakının satılaraq ödənilməsi nəzərdə tutulan eyni borca görə maraqlı şəxsin müvəqqəti məhdudlaşdırılması tədbirinin seçilməsi hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə zidd olmaqla yanaşı ağlabatan və ədalətli hesab edilə bilməz. Məhkəmə bununla bağlı mövqeyini möhkəmləndirərək qeyd edir ki, dövlətin ali məqsədindən bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1ci hissəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 28-ci maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Konstitusiyanın 60-cı maddəsinin 1-ci hissəsinə və 71-ci maddəsinin 2-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Həmçinin məhkəmə diqqətə çatdırır ki, ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair işlərə baxarkən hər bir halda həmin məhdudiyyət tədbirinin mütənasiblik meyarına cavab verib-verməməsinin araşdırmalıdır. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir. Məhdudiyyətin mütənasib olub-olmaması mütləq müəyyən edilməli, bu zaman vergi ödəyicisinin mübahisəyə qədərki davranışları, vergilərin vaxtı-vaxtında ödənilməsi kimi hallar, bu məcburiyyət tədbiri tətbiq edilmədən vergilərin ödənilməsi imkanları və s. nəzərə alınmalıdır. Təsadüfi deyildir ki, bu yanaşma Konstitusiyanın 71-ci maddəsinin 2-ci hissəsindən qaynaqlanır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında qeyd etmişdir ki, məhkəmələr hakimiyyət və kreditorların borcun ödənməsi üçün gördüyü tədbirlərin kifayətedici olub-olmamasını, borclunun öz kreditorlarına borcu ödəmək imkanının olubolmamasını müəyyən etməli, ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə həmin hüquq arasında mütənasibliyi təmin etməlidirlər. Belə ki, “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsində qeyd edilmişdir ki, dövlətin ərazisində qanuni yerləşən hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ var. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsiszlik və ictimai arayışın maraqları naminə, ictimai qaydanı yaratmaq üçün cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın mühafizəsi üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qoçev Bolqariyaya qarşı” işi üzrə 2009cu il 26 noyabr tarixli qərarında Məhkəmə kredit borcunun ödənilməsinin təmini ilə əlaqədar borclunun ölkəni tərk etmək hüququnun məhdudlaşdırılmasını hüquqauyğun hesab etsə də, 4 saylı Protokolun 2-ci maddəsinin pozuntusu kimi ona əsaslanmışdır ki, tərəflər icra icraatının gedişi haqqında ətraflı məlumat təqdim etməmişlər. Müvafiq olaraq hakimiyyət və kreditorların borcu almaq üçün gördüyü tədbirlərin kifayətedici olubolmamasını, borclunun öz kreditorlarına borcu ödəmək imkanının olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Həmin işdə Məhkəmə qeyd etmişdir ki, işin halları ona dəlalət edir ki, borclunun üzərinə ölkəni tərk etməmək barədə məhdudiyyət avtomatik qoyulmuş, ona şəxsi vəziyyəti, borcu ödəməməsi səbəbləri barədə izahat vermək imkanı yaradılmamış, bununla da ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə həmin hüquq arasında mütənasiblik təmin olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Maraqlı şəxs barədə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Konstitusiyaya və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə ziddir. Ona görə də ərizə təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə ərizəsi rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar