Məhkəmə qərarları › İş №e-2-2(115)-1486/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1486/2023

22.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1486/2023 22.12.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə 6071 manat, cərimə borcuna görə 1214 manat və ödənilmiş dövlət rüsumuna görə 92 manat 85 qəpik olmaqla cəmi 7377 manat 85 qəpik pulun cavabdehdən alınaraq “X4 Kompleksi” MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, alıcı qismində “X4 Kompleksi” MMC, tədarükçü qismində “X4 Kompleksi” MMC-nin “X5 və Tədarük Məntəqəsi” filialı və fermer Cavabdeh arasında bağlanmış 2021-ci il mövsümü üzrə xx.xx.2021-ci il tarixli, 091 saylı xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən cavabdeh öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilələrin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan ümumilikdə 12226 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh yaranmış borcdan 6155 manat dəyərində xam pambıq təhvil verməklə ödəmişdir. Beləliklə, cavabdeh tərəfindən 2021-ci il mövsümü üzrə xx.xx.2021-ci il tarixli, 091 saylı müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 6071 manat borcu qalmışdır. Bundan əlavə müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 1214 manat təşkil edir. Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddiaçının tələbinin əsassız və rədd edilməlidir. Belə ki, o, “X4 Kompleksi” MMC-nin Bərdə rayon filialı ilə 2021-ci mövsüm ili üçün 7.84 ha torpaq sahəsində əkin aparılması məqsədi ilə müqavilə bağlayaraq pambıq əkmiş və bütün aqrotexniki qaydalara əməl edərək pambıq becərmişdir. Lakin “Qarabağ” kanal İdarəsənin Lənbəran kəndinə ayrılan R13 saylı su kanalına ayrılan suyun miqdarının ciddi şəkildə azaldığı üçün ərazidə su qıtlığı yaranmış, buna görə də 7.84 ha torpaq sahəsinin 3.50 ha hissəsində suyun qıtlığından pambığa ciddi ziyan dəymişdir. Bu barədə xx.xx.2021-ci il tarixində akt tərtib edilmiş və aidiyyəti orqan və şəxslərə müraciət edilmişdir. Bundan əlavə 4.34 ha torpaq sahəsini icarəyə götürmüş və pambıq əkilmiş, lakin pambıq toxumu nəzarətsiz və normadan dərin (12 sm) səpildiyindən məhsuldarlıq olmamışdır. İddiaçının nümayəndəsi X1 məhkəməyə elektron qaydada ərizə göndərərək iddia tələbini müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılmasını və qətnamə çıxarılmasını xahiş etdiyini bildirmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, pambığın 2-ci suvarılması zamanı su problemi yarandığı üçün suvarma 25 gün gecikmişdir. Bu yaranmış vəziyyət barədə iddiaçıya məlumat vermiş, lakin onlar tərəfindən heç bir tədbir görülməmişdir. Borcu bu səbəbdən yaranmışdır. 2017-ci ildən pambıq əkini ilə məşğuldur. Qarşı tərəflə müqavilə bağlamışdır. Borcunu qəbul edir. Borcu qarşı tərəfin iddia ərizəsində qeyd etdiyi kimidir. İddiaçının nümayəndəsi səpin vaxtı orada olmalı idi. 4 ha 30 sot ərazidə səpin düzgün həyata keçirilməmişdir. Səpin zavodun texnikası vasitəsi ilə edilmişdir. Həmin ərazidə səpin 3-4 sm dərinlikdə əkilməli olduğu halda, 12 sm dərinlikdə əkilmişdir. Traktoristi zavod göndərmişdir. 3,5 ha ərazini suvara bilməmişdir. İkinci il idi ki, həmin ərazidə pambıq əkmişdir. Bu yaranmış vəziyyətlə əlaqədar aidiyyəti qurumlara müraciət etmiş, lakin ona heç bir köməklik göstərilməmişdir. Ona verilən toxum və digər məhsullar keyfiyyətsiz olduğu üçün yüksək məhsul əldə edə bilməmişdir. Bundan əlavə səpin düzgün aparılmayıb və torpaq sahəsi vaxtlı-vaxtında suvarılmayıb. Suyun verilməsi ilə bağlı Su İdarəsi ilə arasında müqavilə olmamışdır. Bununla bağlı müvafiq akt tərtib edilmişdir. Məhsuldarlığın aşağı olması səbəbindən üzərinə düşən öhdəliyi yerinə yetirə bilməmişdir. Yaranmış borcu ödəmək üçün əlavə kredit götürmüşdür. Həmçinin zavod tərəfindən ona verilən yardım əkinlə bağlı xərcləri tam ödəməmişdir. Hazırda onun təxminən 10000 manata qədər borcu yaranmışdır. Suvarmanın vaxtlı-vaxtında aparılmamasında X2 İdarəsini günahkar hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş alıcı qismində “X4 Kompleksi” MMC, tədarükçü qismində “X4 Kompleksi” MMC-nin “X5 və Tədarük Məntəqəsi” filialı və fermer Cavabdeh arasında bağlanmış 2021-ci il mövsümü üzrə xx.xx.2021-ci il tarixli, 091 saylı xam-pambığın alqı-satqı müqaviləsinə əsasən cavabdeh öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışında xampambığın alqı-satqısı müqaviləsi üzrə Cavabdeh iddiaçı “X4 Kompleksi” MMC-yə 6071 manat 03 qəpik məbləğində borcunun olması qeyd edilmişdir. Pretenziya məktubundan görünür ki, “X4 Kompleksi” MMC cavabdehə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. xx.xx.2021-ci il tarixli aktdan görünür ki, fermer Cavabdeh 2-ci suvarma suyunun vaxtında verilməməsi səbəbindən fermerə 4975 manat ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 598-ci maddəsinə əsasən alqısatqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmasına dair iddiaçı qarşısında öhdəlik götürmüş, bu məqsədlə iddiaçıdan avans almış, lakin öhdəliklərini tam yerinə yetirməmiş və iddiaçıya müqavilə üzrə borcu yaranmışdır. Cavabdeh etirazında ərazidə su qıtlığının yaranması səbəbindən pambığa ciddi ziyan dəyməsi bildirilsə də, tərəflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin 2.1.2-ci bəndində qeyd edildiyi kimi pambıq əkiləcək torpağın şum edilməsindən başlayaraq pambığın yığılmasınadək bütün aqrotexniki tədbirlərin optimal müddətdə və keyfiyyətdə həyata keçirilməsini fermer təmin edir, həmçinin həmin müqavilənin 2.1.12-ci bəndində pambıq sahəsinin təbii fəlakətlərdən və digər zərərlərdən sığorta olunması üçün müvafiq sığorta təşkilatları ilə müqavilə məsuliyyətini fermer üzərinə götürmüşdür. Həmin Müqavilənin 2.2.2-ci bəndində pambıq sahəsində görülən işlərə nəzarət edilməsi alıcının deyil, müqavilənin 3-cü tərəfi olan tədarükçünün öhəliklərinə aid edilmişdir. Məhkəmə hesab edir ki, su qıtlığı və səpinin düzgün həyata keçirilməməsi nəticəsində cavabdehə vurulmuş zərərlə əlaqədar iddiaçı təqsirli olmadığından, cavabdeh ona zərər vurmuş şəxs və ya şəxslərə qarşı müvafiq tələblə məhkəmə müdafiəsindən istifadə edə bilər. Ona görə də, cavabdehin iddia tələbinə etirazı əsassız sayılmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 6071 manat əsas borc, 100 manat cərimə borcu olmaqla, cəmi 6171 manat məbləğində borc Cavabdeh iddiaçı “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalı, ödənilməli olan 81 manat 71 qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 100 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, iddiaçının bütün əsaslı mənafeləri qorunmuş olur. Bundan başqa, iddiaçı tələbində ödənilmiş dövlət rüsümuma görə 92 manat 85 qəpik məbləğində pul tələb etsə də, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Bunun əksi olaraq, iddia ərizəsinin dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan görünür ki, iddiaçı mediasiya xərcini ödədiyi üçün dövlət rüsumu ödəməkdən azad edilmişdir. Odur ki, iddia tələbi qalan hissədə təmin edilə bilməz Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 6071 manat əsas borc, 100 manat cərimə borcu olmaqla, cəmi 6171 manat məbləğində borc Cavabdeh iddiaçı “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilməli olan 81 manat 71 qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar