Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-15/2024 09.02.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Vəkil İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddası üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-nin mənfəətindən nizamnamə kapitalındakı 30% payına uyğun olaraq ona ödənilməli olan 2019-cu ilin sentyabr, oktyabr, noyabr, dekabr ayları üçün hər ay üçün 13500 manat olmaqla, cəmi 54000 manatın, 2020-ci ilin ilk 3 ayı üçün hər ay üçün 13500 manat olmaqla cəmi 40500 manat, 2020-ci ilin 9 ayı üçün pandemiya ilə əlaqədar olaraq mənfəətin artması səbəbi ilə hər ay üçün 25000 manat olmaqla cəmi 225000 manat, 2021-ci il üçün bütövlükdə hər ay üçün 25000 manat olmaqla cəmi 300000 manat, bütövlükdə 2022-ci il üçün hər ay üçün 13500 manat olmaqla cəmi 162000 manat, ümumilikdə 2019-cu ilin dörd ayı və 2020-2022-ci illər üçün cəmi 781500 manat pulun və ödənişin gecikdirilməsi üçün ümumi məbləğin 5% miqdarında, yəni 39075 manat dəbbə pulunun, ümumilikdə 820575 manat pulun, ödənilmiş 400 manat pulun və 711 manat dövlət rüsumunun Cavabdeh MMC-dən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh istehsalat kommersiya firması onun tərəfindən təsis edilərək xx.xx.1997-ci ildə 33793 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. Firmanın təsisçilik payı 100% 2 paydan ibarət olmaqla ona məxsus olmuşdur. Həyat yoldaşı Samir Allahverdiyevlə birlikdə ünvan 1 ünvanda 0.90 ha torpaq sahəsini icarəyə götürərək X10 əmlak kompleksi inşa etmişlər. Həmin əmlaka dair DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri xidmətindən xx.xx.2009-cu il tarixli reyestr nömrəsi 201012000-500-12301, qediyyat nömrəsi ********** olan, ******* seriya nömrəli Çıxarış verilmişdir. 2010-cu ildə X7 həyat yoldaşı Samir Allahverdiyevlə görüşüb Bakı şəhərində yeni inşa edib inşasını bitirmədiyi Astoria Hotelinin binasını cuzi rekonstruksiya edərək birgə klinika yaratmağı təklif etmiş və buna görə ona daimi olaraq gəlirin 10% verəcəyini vəd etmişdir. Bundan sonra qısa müddət ərzində işə başlanılmışdır. Həyat yoldaşı Samir Allahverdiyev 2010-ci ildən 2013-cü ilə qədər heç bir əmək haqqı almadan X14 klinikasının həm tikinti işlərinə bilavasitə nəzarət etmiş, həm də tibbi normativlərə tam uyğun olan bir tibb ocağı yaratmışdır. Bu işlərin gedişatı zamanı, 2010-cu ilin sonlarında İlham Əliyev onların mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yuxarıda adı çəkilən X2masını həyat yoldaşından öyrənmiş və ona investisiya qoyub oraya da ortaq olmaq istədiyini bildirmişdir. Onlar belə qərara gəlmişlər ki, İlham Əliyevə qoyacağı investisiya əvəzində 100% payın 49% qədər hissəsini versinlər. İlham Əliyev isə bildirmişdir ki, yalniz tibbi avadanlığına investisiya qoyacaq və əgər tikintiyə də investisiya qoymasını istəyirlərsə payın daha artıq hissəsini ona verməlidir. Belə qərara gəlmişlər ki, 100% payı 50/50 faiz olmaqla İlham Əliyevlə aralarında bölsünlər. X19 Gəncə şəhərində həyat yoldaşı ilə görüşərkən ümumi payın hər biri 30% olmaqla üç yerə bölünməsini və 10% ibarət bir payın da qardaşı Fikrət Əliyevə güya sonuncunun klinikanın işlərinə köməklik göstərəcəyinə görə verilməsini istəmişdir. Həyat yoldaşı payların 30-30-30-10 nisbətlə bölünməsi barədə ona xəbər verdikdə o, bununla razılaşmamışdır. X17 həyat yoldaşını tanıdığına və onların hər hansı pis niyyətlərinin ola biləcəyinə inanmadığına görə razılaşmışdır. Aralarında bağlanmış Cavabdeh MMC-dəki payın alqı-satqısına dair xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MMC-dəki 100% payının 30% hissəsini özündə saxlayıb, 30% payı X5, 30% payı X12 və 10% payı X8, ümumilikdə 70% hissəsini satmışdır. Bununla bağlı Cavabdeh MMC-nin Nizamnaməsinə xx.xx.2012-ci il tarixli dəyişiklik edilmişdir. Bundan sonra X6 fəaliyyətinin genişləndirilməsi və tam təmir olunmamış qalan hissələrinin, yəni 2 və 3-cü mərtəbələrin təmirinə başlanılmışdır. X15 söz vermişdir ki, payının bir hissəsini onlara satacağı təqdirdə həyat yoldaşı Samir Allahverdiyev X6 direktoru təyin ediləcək. Lakin həyat yoldaşı bir müddət X6 direktoru kimi fəaliyyət göstərsə də, sonradan o, X7 tərəfindən Mərkəzə buraxılmamış, hətta rəsmi əmr olmadan onunla əmək müqaviləsinə xitam verildiyi bildirilmişdir. Eyni zamanda həyat yoldaşı işdən kənarlaşdırılmadan onun vəzifəsinə İlham Əliyev tərəfindən başqa kənar şəxs təyin edilmişdir. Cavabdeh MMCnin mənfəətindən nizamnamə kapitalındakı payına uyğun dividend almalı olduğu halda aralarında müqavilə bağlandığı vaxtdan, yəni xx.xx.2011-ci ildən hal-hazıradək o yalnız 2015-2016-cı illərin 8 ayı üçün cəmi 80000 manat məbləğində pay haqqı almışdır. 2015-2018-ci illər üçün MMC-nin mənfəətindən payına düşən haqqın Cavabdeh MMCdən tutularaq ona ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmışdır. Cavabdeh tərəfindən 2019-cu ilin sentyabr, oktyabr, noyabr, dekabr ayları və bütövlükdə 2020, 2021 və 2022-ci illər üçün mənfəətdən payına düşən vəsait ona ödənilməmişdir. 2019cu ilin sentyabr, oktyabr, noyabr, dekabr aylarında və 2020-ci ilin yenvar, fevral və mart aylarında MMC-nin gəliri hər ay üçün 13500 manat təşkil etmişdir. Pandemiya ilə əlaqədar olaraq aprel ayı da daxil olmaqla 2020-ci ilin 9 ayı ərzində və bütövlükdə 2021-ci il ərzində MMC-nin gəliri artaraq hər ay üçün 25000 manat təşkil etmişdir. Həmçinin bu illər ərzində MMC-nin ümumi yığıncaqlarına dəvət edilməmişdir. Cavabdeh mənfəətdən ona düşən hissəni könüllü olaraq ödəmədiyi üçün o hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 29919 manat pulun və ödənilmiş 180 manat dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaçı əsassız yerə Cavabdeh MMCyə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçının pul tələb etdiyi dövrdə Cavabdeh MMC-nin verdiyi mənfəət vergisi, əlavə dəyər vergisi və maliyyə sanskiyaları nəticəsində zərər etmişdir. İddiaçı əlində heç bir sübut olmadığı halda əldən çıxmış fayda tələb edirsə, cavabdeh təşkilat olaraq MMC-yə dəymiş olan zərəri qarşılıqlı cavabdehdən tələb edirik. Bundan başqa 2019-2021-ci illər üzrə hesabat təqdim edilmişdir. 2019-2021-ci illər üzrə vergi hesabatı verilmişdir. 2022ci il üçün vergi hesabatı hələ ki, vergi orqanına təqdim edilməmişdir. İllər üzrə Cavabdeh MMC-nin verdiyi mənfəət vergisi, əlavə dəyər vergisi və maliyyə sanskiyaları aşağıdakı kimidir. 1. 2019-cu il üçün mənfəət vergisi 63.627.96 manat, maliyyə sanksiyası 31.813.98 manatdır. 2. 2020-ci il üçün mənfəət vergisi 62.668.69 manat, maliyyə sanksiyası 31.334.35 manatdır. 3. 2020-ci il üçün mənfəət vergisi 73.163.40 manat, maliyyə sanksiyası 36.581.70 manatdır. (cəmi mənfəət vergisi 199.460.05 manat+ maliyyə sanksiyası 99730.03 manat= 299.190.08 manat) Yuxarıda göstərildiyi kimi Cavabdeh MMC-tərəfindən 299.190.08 manat vergi orqanına pul ödənilmişdir. Həmin məbləğdən görünür ki, Cavabdeh MMC-nin gəliri 199.460.05 manat olmuşdur. Maliyyə sanksiyasının 99730.03 manat olmasını və İddiaçı Cavabdeh MMC-də olan 30% olmasını da nəzərə alaraq onun payına uyğun olaraq 29919 manat pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək iddianın baxılmamış saxlanılmasını barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı 2015-2018-ci illər üzrə Cavabdeh MMC-dən təsisçilərinə ödənilməli olan və ona ödənilməyən cəmi 389023 manat 15 qəpik təsisçi payının tutulub ona ödənilməsi barədə Cavabdeh MMC-yə qarşı dividendlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 29 mart 2022-ci il tarixli 2-2(115)-14/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(104)-14/2023 nömrəli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 29 mart 2022-ci il tarixli 2-2(115)-14/2022 nömrəli qətnaməsi ləğv edilmiş, dividendlərin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmış, iddiaçıya məhdud məsuliyyətli cəmiyyətdə mənfəətin bölüşdürülməsi üçün cəmiyyətin ümumi yığıncağına müraciət etmək hüququnun oldğuğu izah edilmişdir. qeyd olunan qərardad dərhal qanuni qüvvəsini almışdır. Buna baxmayaraq, İddiaçı mənfəətin bölüşdürülməsi üçün cəmiyyətin ümumi yığıncağına müraciət etməmiş, heç bir bildiriş göndərməmişdir. Bununla bağlı isə Cavabdeh MMC-də isə heç bir ümumi yığıncaq keçirilməmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X4 vəsatətin təmin edilməsini xahiş edərək bildirdi ki, qarşı tərəf iddia ərizəsində qeyd edilənlərlə bağlı cəmiyyətə müraciət etməmiş, ümumi yığıncaq tərəfindən hər hansı qərar qəbul edilməmişdir. Eyni tərəflər arasında apellyasiya məhkəməsində olan iş ilk növbədə cəmiyyətin özünə müraciət edilmədiyi üçün baxılmamış saxlanılmışdır. Həmçinin bildirir ki, dividend olmamış, hər hansı qazanc əldə edilməmişdir. Tərəflərindən Nərminə xanıma 2 dəfə ümumi yığıncağın keçirilməsi ilə əlaqədar olaraq bildiriş göndərilmişdir, lakin o ümumi yığıncağın iclasına gəlməmişdir. İclasa xanımın əvəzinə yoldaşı gəlmişdir, lakin onun da etibarnaməsi olmamışdır. Ümumi yığıncaqda xəstəxananın satılması, yanvar ayında əmlakın qiymətləndirilməsi barədə razılığa gəlmişlər. Lakin 2 gün əvvəl digər təsisçi hər hansı razılığa gəlmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Vəkil izahat verərək bildirdi ki, xəstəxananın satılmasının dividendlə heç bir əlaqəsi yoxdur, bu əmlakın bölüşdürülməsidir. Bu mübahisə 2015-ci ildən başlamışdır. Hər il cəmiyyət ümumi yığıncaq keçirməlidir. Lakin qarşı tərəf bu barədə qanunverciliyin tələbinə riayət etməmişdir. 2023-cü ildə formal olaraq bildiriş göndərilsə də orada dividenlərlə bağlı hər hansı məsələ gündəliyə çıxarılmamışdı. Qarşı tərəf ümumi yığıncağın keçirilməsini istəyirdisə Nərminə xanım tərəfindən mübahisə ilə əlaqədar pretenziya təqdim edilərkən ona ümumi yığıncağın keçiriləcəyini bildirərdilər. Qarşı tərəf onlar tərəfindən prosedual qaydalara riayət edilmədiyinə görə işin baxılmamış saxlanılmasını xahiş etsə də, özləri cəmiyyətin idarə edilməsində heç bir qaydaya riayət etməmişdir. 2023-cü ildə göndərilən bildirişdə isə iclasın gündəliyində məhkəmənin icraatında olan işlə əlaqədar hər hansı məsələ qoyulmamışdır. İş üzrə ekspertiza da keçirilmişdir, rəydən cəmiyyət tərəfindən gəlir əldə edildiyi də görünür, hesab edir ki, işi davam etdirmək olar. Odur ki, iş üzrə məhkəmə baxışının təyin edilməsini xahiş edir. Məhkəmə ilkin və qarşılıqlı iddia ərizəsinə və işdə olan sənədlərə hüquqi qiymət verərək belə hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasındakı mübahisə məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin (dividend) və zərərin iştirakçılar arasında bölüşdürülməsi ilə bağlıdır. Məhkəmənin qənaətinə görə mübahisə qanunvericiliyin həmin münasibətləri hüquqi baxımdan tənzim edən normaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyanın azad sahibkarlıq hüququnu təsbit edən 59-cu maddəsinə əsasən, hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Bu konstitusiya norması hər hansı bir fərdin qanunla qadağan olunmayan iqtisadi fəaliyyətinin sərbəstlik prinsipini inkişaf etdirir. Hüquqi şəxsin yaradılmasının və müvafiq fəaliyyətinin həyata keçirilməsinin konstitusiya əsaslarını Konstitusiyanın 58-ci (birləşmək hüququ) və 59-cu (azad sahibkarlıq hüququ) maddələrinin müddəaları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 90.1-ci maddəsinə görə, məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Cəmiyyətin nizamnamə kapitalının miqdarı onun kreditorlarının mənafelərinə təminat verən məbləğdən az ola bilməz. Həmin Məcəllənin 90-1.1 və 90-1.2-ci maddələrinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. Məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmamışdırsa, xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir. Bu normaların məzmunundan görünür ki, iştirakçılar arasında cəmiyyətin yalnız xalis mənfəəti bölüşdürülür. Xalis mənfəət isə cəmiyyətin təsərrüfat fəaliyyəti ilə əlaqədar bütün zəruri xərclər çıxıldıqdan sonra alınır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı nizamnamə kapitalındakı mayasına uyğun olaraq mənfəətdən pay alır. Qeyd etmək lazımdır ki, cəmiyyətin təsisçiləri cəmiyyət yaradılarkən cəmiyyətin nizamnamə kapitalına maya qoyurlar. Həmin Məcəllənin 90.4-cü maddəsinə əsasən isə məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı yalnız onun tam ödənilməsindən sonra bu Məcəllədə və cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin əmlakı hesabına iştirakçıların nizamnamə kapitalındakı mayalarının dəyərinə mütənasib şəkildə artırılması və (və ya) iştirakçılar tərəfindən əlavə mayaların qoyulması vasitəsi ilə və (və ya) cəmiyyətə qəbul edilən yeni iştirakçıların mayaları hesabına artırıla bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinə əsasən, dividend -hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir. “M.Muradov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 12 iyun 2017-ci il tarixli qərarında qeyd etmişdir ki, mənfəətin bölüşdürülməsi yalnız ümumi yığıncağın qərarı ilə həyata keçirilir. Ümumi yığıncaq mənfəətin həm tam, həm də qismən bölüşdürülməsini müəyyən edə bilər. Bu isə Məcəllənin yuxarıda göstərilən normasına görə mənfəətin bölüşdürülməsi üçün bilavasitə məhkəməyə müraciət olunmasını mümkünsüz edir. Məhkəmə qeyd edir ki, qanunvericilik məhdud məsuliyyətli cəmiyyətin xalis mənfəətinin (dividend) bölüşdürülməsini cəmiyyətin ümumi yığıncağının səlahiyyətinə aid etmişdir. İlkin iddia üzrə iddiaçı 2019-2022-ci illər üzrə cavabdehdən dividendin, qarşılıqlı iddia üzrə iddiaçı isə zərərin bölüşdürülməsini məhkəmədən xahiş etsələr də 2019-2022-ci illər üzrə Cavabdeh MMC-də xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi barədə cəmiyyətin ümumi yığıncağı tərəfindən qərar qəbul edilməmişdir. Habelə ilkin iddiaçı tərəfindən bu barədə cavabdehə hər hansı müraciət edilməmişdir. Qeyd olunan hal iş materiallarındakı sənədlərlə öz təsdiqini tapır. Bundan başqa 2019-2022-ci illər üzrə Cavabdeh MMC-nin xalis mənfəətinin iştirakçılar arasında bölüşdürülməsi də öz təsdiqini tapmır. Mənfəətin (dividendin) bölüşdürülməsi ilə bağlı ümumi yığıncağın keçirilməsi və ya onun qərarına dair tələb irəli sürülmədən birbaşa 2019-2022-ci maliyyə illəri üzrə dividendin cəmiyyətdən tutulması xahiş edilmişdir. Həmçinin zərərlə bağlı məhkəməyə müraciət edilmişdir. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, hazırkı tələblərə bu məqamda, yəni 2019-2022-ci illər üzrə Cavabdeh MMC-də xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi barədə cəmiyyətin ümumi yığıncağı keçirilmədən məhkəmədə baxılması istisnadır. Ona görə də məhkəmə hesab edir ki, həm ilkin, həm də qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmənin hazırlıq iclasında iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və müvafiq rəy məhkəməyə təqdim edilmişdir. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/4792 saylı rəyindən görünür ki, məhkəmə-mühasibatlıq ekspertizasının aparılması ilə tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə bildirir ki, ilkin və qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanıldığından 50 manat ekspertiza xərcinin 25 manatı ilkin iddia üzrə iddiaçıdan, 25 manatı isə qarşılıqlı iddia üzrə iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Bundan başqa ilkin və qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanıldığından 14 fevral 2023-cü il tarixli ********** nömrəli qəbzə əsasən ilkin iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 711 manat məbləğində dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya, 13 mart 2023-cü il tarixli ********** nömrəli qəbzə əsasən qarşılıqlı iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 180 manat məbləğində dövlət rüsumu isə qarşılıqlı iddia üzrə iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələblərinə əsasən isə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1, 260, 266-268-ci maddələrinin tələblərinə əsasən, məhkəmə QƏRARA ALDİ: İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəsatəti təmin edilsin. İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddası baxılmamış saxlanılsın. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 50 manat ekspertiza xərcinin 25 (iyirmi beş) manatı ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, 25 (iyirmi beş) manatı isə qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə isə cavabdeh olan Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X3, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. Hökumət ödəniş portalı vasitəsilə ödənilmiş 711 (yeddi yüz on bir) manat məbləğində dövlət rüsumu ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (qəbzin nömrəsi: **********) geri qaytarılsın. Hökumət ödəniş portalı vasitəsilə ödənilmiş 180 (bir yüz səksən) manat məbləğində dövlət rüsumu ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə (qəbzin nömrəsi: **********) geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-15/2024
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-15/2024
09.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver