Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1523/2024 15.11.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı «Arkoz X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı «Arkoz X5” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18692,53 manat (ƏDV daxil) qalıq borcun, müqavilə üzrə hesablanmış 1869,25 manat cərimənin və iddia ərizəsinin verilməsinə görə ödənilən 151,69 manat dövlət rüsumunun əvəzinin, cəmi 20713,47 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (əvvəlki adı: “X5” MMC) ilə Cavabdeh arasında QSZ S 015/1221 saylı, 21 dekabr 2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı həmin müqavilə üzrə öhdəliyini yerinə yetirərək, öz istehsalı olan müxtəlif növdə sement məhsulunu cavabdehə təhvil vermişdir. Lakin cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuşdur. Belə ki, cavabdeh iddiaçıdan aldığı malların dəyərini bu günə kimi tam şəkildə ödəməli olduğu halda, onun müqavilə üzrə iddiaçıya 18692,53 manat (ƏDV daxil) ödənilməyən borcu qalmışdır. İddiaçı cavabdehə pretenziya göndərərək, verilmiş mallara görə qalıq borcun ödənilməsini xahiş etsə də, cavabdeh bu istiqamətdə hər hansı addım atmamışdır. Odur ki, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 18692,58 manat (ƏDV daxil) qalıq borcun, müqavilə üzrə hesablanmış 1869,25 manat cərimənin və iddia ərizəsinin verilməsinə görə ödənilən 151,69 manat dövlət rüsumunun əvəzinin, cəmi 20713,52 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, cavabdehə barışıq təklif etmişlər, çünki onlarında da qarşı tərəfə borcu var. Onlara olan borcu çıxdıqdan sonra qalan borcu ödəməyi təklif etdilər, lakin cavabdeh tərəf bununla razılaşmamışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh isə gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: alqı-satqı müqaviləsi, alqı-satqı müqaviləsinə əlavələr, üzləşmə aktı, elektron qaimələr və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 10.1-ci maddəsinə sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “X5” MMC (hazırda İddiaçı MMC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı müqavilənin 2-ci bəndində göstərilən müvafiq sement növlərini alıcıya satmağı, alıcı isə malı alıb dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən alıcı aldığı malın dəyərini ödəməyi gecikdirərsə, satıcı alıcıya malın verilməsini dayandıra və ödənişini tələb edə bilər. Həmin müqavilənin 6.6-cı bəndinə əsasən satıcı ödənişin bu müqavilə ilə nəzərdə tutulmuş müddətdən artıq gecikdirildiyi hər gün üçün ödənilməyən borcun 0,1 həcmində cərimə və cərimənin məbləği müqavilənin 5%-dən artıq olmamaq şərtilə yaranan müvafiq xərcləri tələb edə bilər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşdirmə aktından görünür ki, alıcı Cavabdeh satıcı İddiaçı MMC-yə olan borcu 14492,53 manat təşkil edir. Üzləşdirmə aktından sonra xx.xx.2021-ci il tarixdə tərtib edilmiş 735500 nömrəli elektron qaiməfakturaya əsasən isə 4200 manat məbləğində məhsul da alıcıya təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-21-2/2-C-1xx-xx/2024 nömrəli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixli, EBHH seriyalı 735500 nömrəli elektron qaimənin cari tarixə təsdiqlənmiş vəziyətdə olduğu müəyyən edilmişdir. İş materiallarında olan elektron qaimə-fakturalardan görünür ki, satıcı İddiaçı MMC tərəfindən alıcıya 18692,58 manat məbləğində mal təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 17 nömrəli maliyyə arayışından görünür ki, alıcı Cavabdeh satıcı İddiaçı MMC-yə olan borcu ƏDV daxil 18692,58 manat təşkil edir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə onun 18692,58 manat borcu yaranmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması tərəflər arasında bağlanmış müqavilə, üzləşdirmə aktı, elektron qaimələr ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, 18692,58 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Elektron qaimə fakturalara münasibətdə məhkəmə onu qeyd edir ki, həmin elektron qaimə fakturalar borcun olmasını birbaşa təsdiq etməsə də, iş materiallarında olan üzləşmə aktı ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, cavabdehin qeyd olunan borcu mövcuddur. Məhkəmə eyni zamanda üzləşmə aktından sonra tərtib olunmuş xx.xx.2021-ci il tarixli elektron qaimə fakturaya münasibətdə qeyd edir ki, iş materiallarından göründüyü kimi tərəflərin qarşılıqlı münasibətlərində yaranmış işgüzar adətlərə əsasən ödənişlər elektron qaimə-faktura əsasında həyata keçirilir. xx.xx.2021-ci il tarixli Üzləşmə aktında cavabdeh həmin tarixə olan bütün elektron-qaimə fakturalarda qeyd olunan sement məhsullarını aldığını və onun dəyərini ödəmədiyi üçün borcunun olduğunu qəbul etmişdir. Ona görə məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli elektron qaimə-fakturada qeyd olunan 4200 manat məbləğində sement məhsulları cavabdehə təhvil verilmiş, lakin cavabdeh həmin məhsulların da dəyərini ödəməmişdir. Həmçinin cavabdeh heç bir məhkəmə iclasında iştirak etməmiş və iddia tələbinə qarşı hər hansı etirazını məhkəməyə bildirməmişdir. Məhkəmə iddia tələbinin 1869,25 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 100 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. İş materiallarında olan **********88 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmaq üçün 151,69 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 146,83 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən cavabdehdən tutularaq ona ödənilməli, 4,86 manat ödənilmiş dövlət rüsumu isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 18692,58 manat borc və 100 manat cərimə olmaqla, ümumilikdə 18792,58 manat məbləğində pul və 146,83 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilməli, ödənilmiş 4,86 manat dövlət rüsumu iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 18692,58 manat borc və 100 manat cərimə olmaqla, ümumilikdə 18792,58 manat məbləğində pul və 146,83 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş 4,86 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-1523/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1523/2024
15.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver