Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1576/2024 04.12.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X2 iclas katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 2222,40 manat dəyərində borcun və 60,00 manat məbləğində ödənilmiş mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Ağdam Filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 113 saylı alğı-satqı müqaviləsinə əsasən Ağdam rayonu, Xındırıstan kəndi ərazisində 6.0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 1852 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 232 manat məbləğində aqrotexniki işlər, 1620 manat məbləğində arat, icarəyə ödənilən avans vəsait, cəmi 1852 manat məbləğində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq, mövsüm başa çatsa da xam-pambıq təhvil verməmiş, bununla da iddiaçıya 1852.00 manat məbləğində borcu qalmışdır. Həmçinin, cavabdeh 2021-ci il üçün tərtib olunmuş üzləşmə aktına imza etməkdən imtina etmişdir. Müqavilənin 8.2.bəndinə əsasən “Bu müqavilə üzrə pambıq becərilməsi ilə bağlı “Alıcı” tərəfindən “Satıcı”ya verilən avans pul vəsaitinin başqa məqsədlərə xərclənməsi, yetişdirilmiş xam-pambığın başqa məqsədlərə yönəldilməsi halları müəyyən edildikdə “Satıcı” ona verilən borcun ümumi məbləğinin (1852 manatın) 20%-i həcmində (370.40 manat) Alıcıya cərimə ödəyir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, iddiaya etiraz edir. Belə ki, 2021-ci ildə İddiaçı ilə deyil, MTK ilə müqavilələri olmuşdur. 2021-ci ildə İddiaçı MMC ilə heç bir müqaviləsi olmayıb, iş materiallarına əlavə olunmuş müqavilədəki imza onun deyidir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xam-pambığın alqı-satqısına dair müqavilə, qiymətlərin razılaşdırılması protokolu, iş və xidmətlərin görülməsinə dair aktlar, iş və xidmətlərin yerinə yetirilməsi aktları, ödəniş tapşırıqları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər.Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İşdən müəyyən olunur ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 113 saylı xam-pambığın alqı-satqısına dair müqavilələrin məzmunundan göründüyü kimi həmin müqavilə qarışıq müqavilə olmaqla özündə podrat, xidmət və alğı-satqı müqavilələrinin əlamətlərini ehtiva edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Ağdam filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 113 saylı müqaviləyə əsasən “alıcı” qismində İddiaçı Ağdam filialı satıcı qismində Cavabdeh məxsus Ağdam rayonu, Xındırıstan kəndi ərazisində 6 hektar sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirməyi, satıcı yetişdirdiyi yüksək keyfiyyətli xam pambığı bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə alıcıya təhvil verməyi, alıcı isə məhsulu qəbul etməyi və onun dəyərini satıcının borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla ona ödəməyi öhdəsinə götürmüşdür. Müqavilələrin icrası ilə əlaqədar iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında 232 manat məbləğində aqrotexniki işlər, 1620 manat məbləğində arat, icarəyə ödənilən avans vəsait, cəmi 1852 manat məbləğində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq, mövsüm başa çatsa da xampambıq təhvil verməmiş, bununla da iddiaçıya 1852 manat məbləğində borcu qalmışdır. Cavabdehin qeyd olunan məbləğdə avans götürməsi, ona yuxarıda qeyd olunan adlarda və məbləğdə işlər görülməsi, xidmətlər göstərilməsi, eyni zamanda 1852 manat borcunun olması iş və xidmətlərin görülməsi barədə aktlar, ödəniş tapşırıqları ilə öz təsdiqini tapır. İddiaçı öz ərizəsində xx.xx.2021-ci il tarixli 113 saylı alğı-satqı müqaviləsinin 8.3. bəndinə əsasən Pambıq becərilməsi ilə bağlı alıcı tərəfindən satıcıya verilən avans pul vəsaitinin başqa məqsədlərə xərclənməsi, yetişdirilmiş xam-pambığın başqa məqsədlərə yönəldilməsi halları müəyyən edildikdə Satıcı ona verilən borcun ümumi məbləğinin 20% həcmində Alıcıya cərimə ödəyir. Bununla, bağlı cavabdeh verilmiş 1852 manat avans vəsaitin 20% həcmində 370,40 manat cərimə tətbiq olunmaqla iddaçıya 2222,40 manat borcu qalmasını qeyd etsə də, verilən avans pul vəsaitinin başqa məqsədlərə xərclənməsi, yetişdirilmiş xam-pambığın başqa məqsədlərə yönəldilməsi hallarını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan halla bağlı sübut təqdim edilmədiyindən cavabdehə qarşı həmin cərimə məbləği həddində tələb irəli sürməsi əsassızdır. İddia tələbinin qalan hissəsinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh xx.xx.2021-ci il tarixli müqavilədəki imzanın ona məxsus olmamasını iddia etsə də, məhkəmə tərəfindən həmin halın araşdırılması üçün dəfələrlə məhkəmə hazırlıq iclası təxirə salınmış, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və etirazını müdafiə etməmişdir. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, lakin İddiaçı nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat mediasiya xərcini ödəmişdir. Eyni zamanda iddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 60 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 38,52 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1852 manat məbləğində borc, 60 manat məbləğində mediasiya xərci tutularaq İddiaçınə ödənilməli, Cavabdeh 38,52 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1852 manat məbləğində borc, 60 manat məbləğində mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. Cavabdeh 38,52 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-1576/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1576/2024
04.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver