Məhkəmə qərarları › İş №e-2-2(115)-1579/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1579/2022

29.07.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1579/2022 29.07.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, X1 iclas katibliyi, Maraqlı şəxs iştirakı ilə Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasınа dаir ərizəsi üzrə mülki işə məhkəmənin inzibаti binаsındа аçıq məhkəmə iclаsındа bаxаrаq, MÜƏYYƏN ETDİ: Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə mürаciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs Gəncə şəhəri İcra Hakimiyyəti Başçısının Hacıkənd qəsəbəsi üzrə nümayəndəliyinin Dövlət Sosial Müdafiə Fonduna 4283,92 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini оnunlа əsаslаndırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan Gəncə şəhəri İcra Hakimiyyəti Başçısının Hacıkənd qəsəbəsi üzrə nümayəndəliyinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 4283,92 manat məbləğində vergi borcu vardr. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Odur ki, ərizənin təmin edilməsi bаrədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. Maraqlı şəxs ərizəyə etiraz verərək göstərmişdir ki, nümayəndəlik büdcə təşkilatı olduğuna görə hər ay hesabladığı əmək haqqına görə 25% məcburi dövlət sosial sığorta haqqını, işsizliyə görə 1% sığorta haqqını və digər tələb olunan ödənişləri vaxtlı-vaxtında aparmış, ödəniş sənədləri tərəflərindən Gəncə şəhəri üzrə Maliyyə idarəsinə təqdim edilmiş və icrası aparılmışdır. Ödənişlər əmək haqqı ilə birlikdə aparıldığından qeyd edilən ödənişlər aparılmadığı təqdirdə əmək haqları ödənilməzdi. Nümayəndəlik bütün ödənişləri aparsa da Dövlət Sosial Müdafiə Fondunun Kəpəz rayon şöbəsi tərəflərindən ödənilən məbləğlərin hamısını nümayəndəliyin məcburi dövlət sosial sığorta haqqı üzrə hesabat gəlirlərinə düzgün işlənməmişdir. Ona görə həmin borc yaranmışdır. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs etirazın dəlillərinə uyğun izahat verdi, göstərdi ki, Gəncə şəhəri İcra Hakimiyyəti Başçısının Hacıkənd qəsəbəsi üzrə nümayəndəliyi 4283,92 manat məbləğində hesablanan vergi borcunu ödəmişdir. Həmin borcun ödənilməsi istər Dövlət Sosial Müdafiə Fondunun Kəpəz və Nizami rayon şöbələrinin, istərsə də Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin sənədləri ilə təsdiq edilir. Qeyd edilən halların nəzərə alınmasını və ərizənin təmin edilməməsini xahiş etdi. Ərizəçiyə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq ərizəyə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş mаteriаllаrını аrаşdırıb hesаb edir ki, ərizə əsаssız оlduğundаn rədd edilməlidir. İş materiallarına əlavə edilmiş hüquqi şəxs haqqında məlumat cədvəlindən görünür ki, hüquqi şəxs Gəncə şəhəri İcra Hakimiyyəti Başçısının Hacıkənd qəsəbəsi üzrə nümayəndəliyinin rəhbəri Maraqlı şəxsdur. İş materiallarına əlavə edilmiş ərizəçi tərəfindən təqdim оlunmuş sənədlərdən görünür ki, vergi ödəyicisi olan hüquqi şəxs Gəncə şəhəri İcra Hakimiyyəti Başçısının Hacıkənd qəsəbəsi üzrə nümayəndəliyinin (VÖEN: **********) ümumilikdə Dövlət Sosial Müdafiə Fonduna 4283,92 manat manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli **********095500 nömrəli bildirişdən görünür ki, vergi ödəyicisinə borcunun ödənilməsi barədə bildiriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsi haqqında elektron portaldan çıxarışdan görünür ki, Maraqlı şəxs xx.xx.1968-ci ildə Ermənistan, Krasnoselo rayonunda doğulmuşdur. Qeydiyyat yeri Gəncə şəhəri Kəpəz rayonu Hacıkənd qəsəbəsi 1 May küçəsi ev 25-dir. İş materiallarına əlavə edilmiş maraqlı şəxs tərəfindən təqdim edilmiş Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 20 saylı regional xəzinədarlıq idarəsinin xx.xx.2020-ci il tarixli 01/04-02-24 saylı Hacıkənd qəsəbəsi İcra Hakimiyyəti nümayəndəliyinə ünvanlanmış məktubundan görünür ki, xx.xx.2015-ci il tarixdə tərəflərindən ödənilən 133 manat 72 qəpik, 41 manat 97 qəpik, 37 manat 33 qəpik, 980 manat 62 qəpik, 307 manat 64 qəpik, 273 manat 81 qəpik, cəmi 1775 manat 9 qəpik vəsait Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Kəpəz rayon şöbəsinin hesabına ödənilmişdir. İş materiallarına əlavə edilmiş maraqlı şəxs tərəfindən təqdim edilmiş DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********3 saylı məktubundan görünür ki, Gəncə şəhəri İcra Hakimiyyəti Başçısının Hacıkənd qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2013-cü il tarixdə MDSS haqqı üzrə 1842,91 və xx.xx.2016-cı il tarixdə 551,97 manat vəsait Nazirlik yanında DSMG-nin Nizami rayon şöbəsinin yığım hesabına daxil olmuşdur. Məktuba əlavə olunmuş siyahıdan görünür ki, xx.xx.2013-cü il tarixdə 942 manat 3 qəpik, 241 manat 92 qəpik, 77 manat 37 qəpik, 117 manat 92 qəpik, 224 manat 73 qəpik, 141 manat 56 qəpik, 36 manat 84 qəpik, 11 manat 78 qəpik, 17 manat 85 qəpik, 30 manat 64 qəpik, xx.xx.2016-cı il tarixdə 288 manat 11 qəpik, 263 manat 86 qəpik vəsait daxil olmuşdur. İş materiallarına əlavə edilmiş maraqlı şəxs tərəfindən təqdim edilmiş DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********8 saylı məktubundan görünür ki, Gəncə şəhəri İcra Hakimiyyəti Başçısının Hacıkənd qəsəbəsi üzrə nümayəndəliyi xx.xx.2018-ci ilə şöbəyə məcburi dövlət sosial sığorta haqları üzrə 4098,88 manat və həmin məbləğə hesablanmış 987,72 manat penya borcu yaranıb. Belə ki, 2013cü ildə müəssisə 1842,91 manat, 2016-cı ildə isə 551,97 manat ödədiyi məcburi dövlət sosial sığorta haqları ƏƏSMN yanında DSMF-in Gəncə şəhəri Nizami rayon şöbəsinin hesablaşma hesabına köçürülüb. Nizami rayon şöbəsinin hesablaşma hesabına düşən 2394,88 manat müəssisənin hesabına əlavə edilməyib və hesabdan silinməyib. Bundan başqa 2015-ci ilin İİ rübündə müəssisə tərəfindən Kəpəz rayon şöbəsinin hesablaşma hesabına ödənilmiş 1775,09 manat məcburi dövlət sosial sığorta haqları hesabata əlavə edilməyib və hesabdan silinməyib. Ümumilikdə müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə 4169,97 manat ödənilməsinə baxmayaraq müəssisənin hesabına əlavə edilməyib və hesabdan silinməyib. Bu səbəbdən müəssisənin xx.xx.2018-ci ilə şöbəyə əsas borc kimi 4098,88 manat və 987,72 amnat penya borcu yaranıb. Məhkəmə işdə olan sənədləri nəzərdə keçirərək qeyd edir ki, ərizəçi hüquqi şəxs Gəncə şəhəri İcra Hakimiyyəti Başçısının Hacıkənd qəsəbəsi üzrə nümayəndəliyinin Dövlət Sosial Müdafiə Fonduna borcunun olmasını göstərmiş və həmin borcun ödənilməməsi səbəbindən hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Lakin ərizənin hüquqi əsasını təşkil edən vergi borcunun olub-olmaması iş materialları ilə dəqiq müəyyən edilmir. Belə olan halda qeyd edilən hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədəmüvafiq deyildir. Məhkəmə bununla bağlı mövqeyini fundamental hüquqların real olaraq təmin edilməsindən ibarət əsaslandırma ilə möhkəmləndirmək istəyir. Belə ki, dövlətin ali məqsədindən bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1ci hissəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 28-ci maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 60-cı maddəsinin 1-ci hissəsinə və 71-ci maddəsinin 2-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Məhkəmə diqqətə çatdırır ki, nə qədər ki, vergi borcunun real olaraq olması, habelə maraqlı şəxsin qərəzli olaraq önu ödəməkdən yayınması barədə iş üzrə ziddiyyət təşkil etməyən sübutlar mövcud deyildir, bu zaman şəxsin hüququnun məhdudlaşdırılması üzrə mütənasiblikdən söhbət gedə bilməz. Əksinə işdə olan DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********8 saylı məktubu ilə müəyyən edilir ki, ümumilikdə müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə 4169,97 manat ödənilməsinə baxmayaraq müəssisənin hesabına əlavə edilməyib və hesabdan silinməyib. Bu səbəbdən müəssisənin xx.xx.2018-ci ilə şöbəyə əsas borc kimi 4098,88 manat və 987,72 manat penya borcu yaranıb. Həmçinin məhkəmə qeyd edir ki, diqqətə çatdırır ki, ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair işlərə baxarkən hər bir halda həmin məhdudiyyət tədbirinin mütənasiblik meyarına cavab verib-verməməsinin araşdırmalıdır. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir. Məhdudiyyətin mütənasib olub-olmaması mütləq müəyyən edilməli, bu zaman vergi ödəyicisinin mübahisəyə qədərki davranışları, vergilərin vaxtı-vaxtında ödənilməsi kimi hallar, bu məcburiyyət tədbiri tətbiq edilmədən vergilərin ödənilməsi imkanları və s. nəzərə alınmalıdır. Təsadüfi deyildir ki, bu yanaşma Konstitusiyanın 71-ci maddəsinin 2-ci hissəsindən qaynaqlanır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında qeyd etmişdir ki, məhkəmələr hakimiyyət və kreditorların borcun ödənməsi üçün gördüyü tədbirlərin kifayətedici olub-olmamasını, borclunun öz kreditorlarına borcu ödəmək imkanının olubolmamasını müəyyən etməli, ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə həmin hüquq arasında mütənasibliyi təmin etməlidirlər. Belə ki, “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsində qeyd edilmişdir ki, dövlətin ərazisində qanuni yerləşən hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ var. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsiszlik və ictimai arayışın maraqları naminə, ictimai qaydanı yaratmaq üçün cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın mühafizəsi üçün və ya digər şəxsləriun hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. İHAM-ın “Qoçev Bolqariyaya qarşı” iş üzrə 2009-cu il 26 noyabr tarixli qərarında İHAM kredit borcunun ödənilməsinin təmini ilə əlaqədar borclunun ölkəni tərk etmək hüququnun məhdudlaşdırılmasını hüquqauyğun hesab etsə də, 4 saylı Protokolun 2-ci maddəsinin pozuntusu kimi ona əsaslanmışdır ki, tərəflər icra icraatının gedişi haqqında ətraflı məlumat təqdim etməmişlər. Müvafiq olaraq hakimiyyət və kreditorların borcu almaq üçün gördüyü tədbirlərin kifayətedici olub-olmamasını, borclunun öz kreditorlarına borcu ödəmək imkanının olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Həmin işdə Məhkəmə qeyd etmişdir ki, işin halları ona dəlalət edir ki, borclunun üzərinə ölkəni tərk etməmək barədə məhdudiyyət avtomatik qoyulmuş, ona şəxsi vəziyyəti, borcu ödəməməsi səbəbləri barədə izahat vermək imkanı yaradılmamış, bununla da ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə həmin hüquq arasında mütənasiblik təmin olunmamışdır. Eyni mövqeyi Məhkəmə “Rosenqren Rumıniyaya qarşı” iş üzrə 2008-ci il 24 aprel tarixli qərarda da təkrarlamışdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Maraqlı şəxs barədə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Konstitusiyaya və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə ziddir. Ona görə də ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci mаddəsində göstərilir ki, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Həmin Məcəllənin 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Оdur ki, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 238-253, 355-5, 357-362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs barədə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasınа dаir ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar