Məhkəmə qərarları › İş №e-2-2(115)-1596/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1596/2024

10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1596/2024 10.12.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 4931,88 manat dəyərində borcun və 60 manat məbləğində ödənilmiş mediasiya xərcinin və 9,31 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Ağdam Filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23 saylı alğı-satqı müqaviləsinə əsasən Ağdam rayonu, Təzəkənd kəndi ərazisində 5.0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu İddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar Cavabdeh İddiaçıdan 4109.90 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 765.50 manat məbləğində aqrotexniki işlər, 2331.0 manat məbləğində arat, pambığın becərilməsinə görə ödənilən avans vəsait, 501.41 manat məbləğində dərman, 512 manat məbləğində çiyid, cəmi 4109.90 manat məbləğində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq, mövsüm başa çatsa da xam-pambıq təhvil verməmiş, bununla da iddiaçıya 4109.90 manat məbləğində borcu qalmışdır. Həmçinin, cavabdeh 2022-ci il üçün tərtib olunmuş üzləşmə aktına heç bir səbəb göstərmədən, imza etməkdən imtina etmişdir. Müqavilənin 8.3-cü bəndinə əsasən “Bu müqavilə üzrə pambıq becərilməsi ilə bağlı “Alıcı” tərəfindən “Satıcı”ya verilən avans pul vəsaitinin (2331.00 manat avans verilmişdir) başqa məqsədlərə xərclənməsi, yetişdirilmiş xam-pambığın başqa məqsədlərə yönəldilməsi halları müəyyən edildikdə “Satıcı” ona verilən borcun ümumi məbləğinin (4109.90 manatın) 20% həcmində (821.98 manat) “Alıcı”ya cərimə ödəyir” tələbinə əsasən çəkilmiş 4109.90 manat ümumi xərcin 20%-821.989 manat cərimə tətbiq olunmaqla ümumi borc 4931.88 manat təşkil edir. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt (üzləşmə aktları-2022), qaimə və ödəmə tapşırıqları və digər sənədlərlə təsdiq edilir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, avans ödənişi təxminən 750 manat almışdır. Müqavilədəki imza onun deyil, onun adından saxta müqavilə bağlanıb. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xam-pambığın alqı-satqısına dair müqavilə, iş və xidmətlərin görülməsinə dair aktlar, iş və xidmətlərin yerinə yetirilməsi aktı, malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası, ödəniş tapşırıqları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər.Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İşdən müəyyən olunur ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23 saylı xam-pambığın alqı-satqısına dair müqavilələrin məzmunundan göründüyü kimi həmin müqavilə qarışıq müqavilə olmaqla özündə podrat, xidmət və alğı-satqı müqavilələrinin əlamətlərini ehtiva edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Ağdam filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23 saylı müqaviləyə əsasən “alıcı” qismində İddiaçı Ağdam filialı “satıcı” qismində Cavabdeh məxsus Ağdam rayonu, Təzəkənd kəndi ərazisində 5 hektar sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirməyi, “satıcı” yetişdirdiyi yüksək keyfiyyətli xam pambığı bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “alıcı”ya təhvil verməyi, “alıcı” isə məhsulu qəbul etməyi və onun dəyərini “satıcının” borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla ona ödəməyi öhdəsinə götürmüşdür. Müqavilələrin icrası ilə əlaqədar iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında 765.50 manat məbləğində aqrotexniki işlər, 2331.0 manat məbləğində arat, pambığın becərilməsinə görə ödənilən avans vəsait, 501.41 manat məbləğində dərman, 512.00 manat məbləğində çiyid, cəmi 4109.90 manat məbləğində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq, mövsüm başa çatsa da xam-pambıq təhvil verməmiş, bununla da iddiaçıya 4109.90 manat məbləğində borcu qalmışdır. Cavabdehin qeyd olunan məbləğdə avans götürməsi, ona yuxarıda qeyd olunan adlarda və məbləğdə işlər görülməsi, xidmətlər göstərilməsi, eyni zamanda 4109.90 manat borcunun olması xam-pambığın alqı-satqısına dair müqavilə, iş və xidmətlərin görülməsi barədə aktlar, ödəniş tapşırıqları ilə öz təsdiqini tapır. İddiaçı öz ərizəsində xx.xx.2021-ci il tarixli 23 saylı alğı-satqı müqaviləsinin 8.3. bəndinə əsasən” Pambıq becərilməsi ilə bağlı “Alıcı” tərəfindən “Satıcıya” verilən avans pul vəsaitinin başqa məqsədlərə xərclənməsi, yetişdirilmiş xam-pambığın başqa məqsədlərə yönəldilməsi halları müəyyən edildikdə “Satıcı” ona verilən borcun ümumi məbləğinin 20% həcmində “Alıcıya” cərimə ödəyir”. Bununla, bağlı “cavabdeh” verilmiş 4109,90 manat avans vəsaitin 20% həcmində 821,98 manat cərimə tətbiq olunmaqla iddaçıya 4931,88 manat borcu qalmasını qeyd etsə də, verilən avans pul vəsaitinin başqa məqsədlərə xərclənməsi, yetişdirilmiş xam-pambığın başqa məqsədlərə yönəldilməsi hallarını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan halla bağlı sübut təqdim edilmədiyindən cavabdehə qarşı həmin cərimə məbləği həddində tələb irəli sürməsi əsassızdır. İddia tələbinin qalan hissəsinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak etmiş cavabdeh xx.xx.2021-ci il tarixli xam pambığın alğı-satqısına dair müqavilədə “satıcı” qrafasında olan imzanın ona məxsus olmamasını iddia etsə də, məhkəmə tərəfindən həmin halın araşdırılması üçün və eyni zamanda iddiaçının nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin olunması üçün məhkəmə hazırlıq iclası təxirə salınmış, cavabdeh heç bir məhkəmə iclaslarına gəlməmiş və etirazını müdafiə etməmişdir. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, lakin İddiaçı nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat mediasiya xərcini ödəmişdir. Eyni zamanda iddiaçı tərəfindən 60 manat mediasiya xərci və 9,31 manat dövlət rüsumu ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 60 manat mediasiya xərci və 9,31 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 51,79 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 4109,90 manat məbləğində borc, 60 manat məbləğində mediasiya xərci və 9,31 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilməli, Cavabdeh 51,79 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4109,90 manat məbləğində borc, 60 manat məbləğində mediasiya xərci və 9,31 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Cavabdeh 51,79 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar