Məhkəmə qərarları › İş №e-2-2(115)-1597/2025

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-1597/2025

22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-1597/2025 22.07.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızı, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh malların alqı-satqısına görə 9970 manat 85 qəpik borc, hüquqi yardıma görə 350 manat və 121 manat dövlət rüsumu olmaqla, ümumilikdə 10441 manat pul məbləğinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh xx.xx.2023-cü il tarixinə yaranmış 12745 manat 35 qəpik məbləğində borc, ödənilmiş 132 manat dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 1250 manat xidmət haqqı olmaqla, cəmi 14127 manat 35 qəpik məbləğində pulun iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı direktoru X1 ilə Cavabdeh arasında bağlanmış barışıq sazişi məhkəməyə təqdim edilmiş və iddiaçının nümayəndəsi Vəkil və cavabdehin vəkili X2 məhkəməyə ayrı-ayrılıqda ərizə göndərərək qanunvericiliyin tələblərinin onlara aydın olduğunu bildirmiş, barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-71/2025 saylı, qərardadı ilə İddiaçı direktoru X1 ilə Cavabdeh arasında bağlanmış barışıq sazişi sazişdə göstərilən şərtlərlə təsdiq edilmiş, iş üzrə icraata xitam verilmişdir. İddiaçı cavabdeh tərəfindən barışıq sazişinin şərtləri pozulduğunu qeyd etməklə yenidən eyni cavabdehə qarşı, eyni predmet barəsində və eyni əsaslar üzrə iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qərardadı vardır. Belə olan halda iddia ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Həmçinin məhkəmə iddiaçıya izah edir ki, cavabdeh tərəfindən barışıq sazişinin şərtləri pozulduğu təqdirdə məhkəmənin qanuni qüvvəsini almış barışıq sazişinin icraya yönəldilməsi ilə bağlı ərizə verə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Hökumət ödəniş portalı vasitəsilə ödənilmiş 121 (bir yüz iyirmi bir) manat məbləğində dövlət rüsumu İddiaçınə (qəbzin nömrəsi: **********) geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar