Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-16/2024 08.02.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, Cavabdeh və nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 9082.60 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10.83 manat və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 100 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-480/2023 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə həmin qərardaddan şikayət verərək, qərardadının ləğv edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-480/2023 saylı qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)- 480/2023 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin iş materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(104)-189/2023 saylı qərardadı ilə şikayət təmin edilmiş, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-480/2023 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmış, iş mahiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Bundan sonra Cavabdeh vəsatət verərək, işin aidiyyatı üzrə Samux Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin e-2- 2(115)-480/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Cavabdeh və vəkili Vəkil Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-480/2023 saylı şikayət verərək, həmin qərardadın ləğv edilməsini və işin aidiyyəti üzrə qeydiyyatda olduğu yer üzrə ümumi məhkəməyə göndərilməsini xahiş etmişlər. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-480/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(102)- 627/2023 saylı qərarı ilə şikayət təmin edilməmiş, Gəncə Kommersiya Məhkəməsinin e-2- 2(115)-480/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iş Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış “məhsulların nisyə alqı-satqısı barədə” xx.xx.2019-ci il tarixli, 035/2019 saylı müqavilənin 1-ci bəndinə əsasən, İddiaçı MMC cavabdehə ümumi dəyəri 30.000 manat olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə müqavilənin 2-ci bəndinə əsasən həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən, malların dəyərini pul şəklində 3 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh İddiaçı MMC-nin rəhbərliyinə yazdığı xx.xx.2019-ci il tarixli ərizədə borcunu etiraf etmiş və üç ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-yə olan borcunun 9082.60 manat hissəsini bu günədək ödəməmişdir. Cavabdehə dəfələrlə rəsmi və şifahi formada xəbərdarlıq etsələr də, o, xəbərdarlıqlara məhəl qoymamış və İddiaçı MMC-yə olan borcunu ödəməkdən yayınmışdır. Cavabdeh və nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahat verərək iddia tələbinin əsassız olduğundan rədd olunmasını xahiş etdilər. İddiaçının nümayəndəsi X2 xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məhkəmə iclaslarında iştirak etmiş və izahat verərək bildirmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Həmçinin, tərəflər arasında mediasiya prosesi tətbiq edildiyindən iddia müddətinin axımı dayandırılmış və ona görə də iddia müddəti ötürülməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid qismində ifadə verən X5 bildirmişdir ki, 2019-cu ilin sentyabr ayından "xxxx" MMC-dən müqavilə üzrə İddiaçınə keçmiş və orada rəsmi qaydada satış təmsilçisi işləmişdir. Həmin müəssisədən əmək haqqı və satılmış mallara uyğun əlavə faiz almışlar. Cavabdeh satış təmsilçisi olub və ona mal verilməyibdir. Onlara verilən mallar fakturalarla çıxılırdı. Mallar anbara gəlir, anbardan birbaşa mağazalara çatdırılırdı, sonradan həmin malların pulunu yığıb kassaya ödəyirdilər. Onlar işə girən zaman ərizə yazdırıblar və bildiriblər ki, kim işləmək istəyirsə ərazidə olan otuz min borca görə müqavilə bağlanmalıdır. Hazırda onun özünün də borcu vardır və borcun tutulması ilə bağlı məhkəmə mübahisəsi gedir. Şahid qismində ifadə verən X3 bildirmişdir ki, rəsmi qaydada İddiaçındə bölgə müdiri işləmişdir. 2020-ci ilin avqust ayında işi dayandırmışlar, aralarında təhvil-təslim olmuşdur. Dekabr ayında ərazini təhvil verərək işdən çıxmışlar. Otuz minlik malın götrülməsi üçün böyük bir anbar lazım idi və bu mümkün olan bir hal deyildir. Şirkətin kampanyaları olurdu və sonradan kampanyalar ləğv edildiyindən borclar ekspeditellərin üzərində qalırdı. Şahid qismində ifadə verən X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, həmin şirkətin işçisi olmuşdur. Şirkət tərəfindən onlara 30 min manatlıq mal verilməsi bildirilmiş, lakin onlara heç bir mal verilməmişdir. Onlara otuz minə imza çəkdiriblər və bildiriblər ki, heç bir məsuliyyət daşımayacaqlar, onlara işlərinə görə sənədə imza çəkmişdirlər. Elnur şirkətdən mal götürsəydi onların da məlumatları olardı. Onlara mal götürməyə icazə yox idi. Borcla bağlı İddiaçı ilə məhkəmə mübahisəsi olmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: “Məhsulların nisyə alğı-satqısı barədə” xx.xx.2019-cu il tarixli, 035/2019 saylı müqavilədən görünür ki, satıcı İddiaçı MMC alıcıya nisbi olaraq ümumi dəyəri 30 000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmağı, alıcı Cavabdeh isə həmin məhsulları qəbul edib və malların dəyərini pul şəklində 3 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 30.000 manat dəyərində məhsullar satıcı-İddiaçı MMC tərəfindən alıcıya təhvil verilmiş, alıcı-Cavabdeh tərəfindən isə həmin malları təhvil almışdır. Həmin akt tərəflərin imzaları ilə təsdiq edilmişdir. xx.xx.2019-cu il tarixdə Cavabdeh tərəfindən yazılaraq imzalanmış ərizədən görünür ki, cavabdeh İddiaçı MMC-yə olan 30.000 manat borcunu etiraf etmiş və üç aya qədər tam şəkildə ödəyəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 60 manat mediasiya xərci ödənilmişdir. İş üzrə təyin edilmiş məhkəmə xətşünaslıq ekspertizasında dair xx.xx.2024-cü il tarixli, 4/2098 nömrəli ekspert rəyində “Məhkəmə Ekspertizası Mərkəzi” tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli “Məhsulların nisyə alğı-satqısı” müqavilə üzrə xx.xx.2019-cu il tarixli təhvil-təslim aktının aşağı hissəsinin “Təhvil aldı” bölməsində “İmza” qrafasındakı imza, xx.xx.2019-cu il tarixli 03512019 nömrəli müqavilənin aşağı hissəsində “alıcı” bölməsinin “İmza” qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Beləliklə, işin faktiki hallarından görünür ki, xx.xx.2019-cu il tarixli 035/2019 saylı “Məhsulların nisyə alğı-satqısı barədə” müqaviləyə əsasən satıcı İddiaçı MMC alıcıya nisbi olaraq ümumi dəyəri 30 000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmağı, alıcı Cavabdeh isə həmin məhsulları qəbul edib və malların dəyərini pul şəklində 3 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Borcun mövcudluğunu təsdiq edən xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı cavabdeh tərəfindən imzalanmışdır. Həmçinin satıcıya yazılı ərizə təqdim edərək borcu etiraf etmişdir. Hər iki sənəd borcun mövcudluğunu təsdiq edən yazılı sübutlardır. Məhkəmə şahid ifadələrinə münasibət olaraq qeyd edir ki, həmin şəxslər əvvəllər iddiaçı təşkilatın işçiləri olmuşlar, hazırda onlarla İddiaçı MMC arasında narazılığın olduğunu bildirirlər. Həmçinin, onlar ifadələrində borcun olmasını istisna edən faktlara deyil, təcrübə və fikirlərinə əsaslanmışlar. Cavabdeh imza etdiyi yazılı sübutlar daha konkret və dolğun məzmuna malik olmaqla şahid ifadələri ilə müqayisədə daha üstün sübutetmə qüvvəsinə malikdir. Beləliklə, mübahisəyə məhkəmədə baxılarkən cavabdeh etirazının əsasını təşkil edən halları sübut edə bilməmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi iddia müddəti ötürülməklə verildiyindən iddianın rədd edilməsini xahiş etmişdir. Bu məsələ də məhkəmə tərəfindən araşdırılmışdır. Belə ki, xx.xx.2019-cu il tarixli “Məhsulların nisyə alğı-satqısı barədə” müqaviləyə əsasən alıcı Cavabdeh məhsulları qəbul edib dəyərini 3 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 30.000 manat dəyərində məhsulları qəbul etmişdir. Belə olan vəziyyətdə üç illik iddia müddəti 25 fevral 2020-ci il tarixdən başlanır. İddiaşı 13 mart 2023-cü il tarixdə məhkəməyə iddia vermişdir. Lakin bundan əvvəl, yəni xx.xx.2021-ci il tarixli məktubla iddiaçı mediasiya prossesinin tətbiqi barədə cavabdehə təklif göndərmiş, həmin məktub xx.xx.2021-ci il tarixdə cavabdehə çatdırılmışdır. Bundan sonra iddiaçı xx.xx.2021-ci il tarixdə mediasiya şurasına müraciət etmişdir. xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, ilkin nediasiya sessiyasının keçirilməsi 29.11. 2021-ci li tarixə təyin edilmişdir. Bu müddətlər nəzərə alınmaqla iddia müddəti ötürülməmiş sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borcun qaytarılması ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş borcun qaytarılması məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Dövlət Rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 379.1.6-cı maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır. 379.4-1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 9082.60 manat məbləğində borc, 100 manat mediasiya xərci və 10.83 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 9082.60 manat məbləğində borc, 100 manat mediasiya xərci və 10.83 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Cavabdeh 100 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə 110 manat ekspertiza xərci Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-16/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-16/2024
08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver