Məhkəmə qərarları › İş №e-2-2(115)-1611/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1611/2022

17.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1611/2022 17.11.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı pul tələbinə dair kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 30 mart 2017-ci il tarixli, 41 saylı avans müqaviləsi üzrə yaranmış 63750 manat məbləğində pulun, həmin müqavilə üzrə öhdəliklərin vaxtında və lazımınca yerinə yetirməməsi nəticəsində Cəmiyyətə dəymiş 3187,50 manat məbləğində zərərin, cəmi 66937,50 manat məbləğində pul vəsaitinin, həmçinin mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 290.81 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, X4 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ərizə ilə müraciət edərək 1 (bir) adda məhsulun əkinini aparacağını və nəticədə götürəcəyi 500 ton kartof məhsulunun 31 dekabr 2017-ci il tarixədək Cəmiyyətimizə satılmasını öz öhdəsinə götürmüşdür. Bunun üçün Cəmiyyətimizdən alınacaq məhsulun dəyərinin 25%-dək avans məbləğinin, yəni 63750 (altmış üç min yeddi yüz əlli) manat məbləğində avansın X3 ödənilməsi xahiş olunmuşdur. Müraciət əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında 1 (bir) adda kənd təsərrüfatı məhsulunun istehsalına dair 30 mart 2017-ci il tarixli, 41 saylı avans müqaviləsi bağlanaraq imzalanılmışdır. Borclu, X4 avans müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, avans məbləğini vaxtında geri qaytarmamışıdr. Borclu müqavilə bağlanılan vaxtdan hal-hazırki günə qədər Cəmiyyətə mal təqdim etməmişdir. Hazırda borclunun Cəmiyyətə ödənilməmiş pul öhdəliyi 63750 (altmış üç min yeddi yüz əlli) manat təşkil edir. Həmçinin məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Prezidentinin 400 saylı 2018-ci il 14 dekabr tarixli Fərmanına əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir. Müqavilənin 2.4-cü maddəsinə əsasən "avans vəsaitindən istifadə müddətinin son tarixi bu müqavilənin müddətini aşmamalıdır”. Müqavilənin 10.2-ci maddəsinə əsasən, “Bu müqavilə imzalandığı gündən qüvvəyə minir və 31 dekabr 2017-ci il tarixədək qüvvədədir”. Eyni zamanda cavabdeh Müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca yerinə yetirmədiyi üçün cəmiyyətə zərər vurmuşdur. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə və cavabdeh X3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi və cavabdehin vəkili məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdirlər. Cavabdeh X2 vəkili Vəkil iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: 30 mart 2017-ci il tarixli 41 saylı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə istehsalçı X4 arasında bağlanmış avans məbləğinin ödənilməsinə dair müqavilədən görünür ki, istehsalçı mülkiyyətində olan Tovuz rayonu, Hunanlar kəndində yerləşən 25 ha torpaq sahəsində əkdiyi kartofu və götürəcəyi 500 ton məhsulu Cəmiyyətə Ərzaq məhsullarının hər bir növü üzrə satınalma qiymətini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tədarük edilən dövr üçün müəyyən edilmiş qiymətlə tədarük edəcəyini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilməsi nəzərdə tutulan cəmiyyət tərəfindən təsdiq olunmuş aqrotexniki plan üzrə istehsalçıya hissə-hissə ayrılacaq təsərrüfat xərclərinin məbləğini müəyyən edir və Azərbaycan Respublikasının valyutası olan manatla ödənilir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, avans məbləği 63750 manat olmaqla bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli cədvələ əsasən, hissə-hissə istehlakçının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 10.2-ci maddəsinə əsasən bu müqavilə imzalandığı gündən qüvvəyə minir və 31 dekabr 2017-ci il tarixədək qüvvədədir. 18 may 2017-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X3 63750 manat məbləğində vəsait ödənilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2018-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyəti ləğv edilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti yaradılmış, İddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisi olmaqla, onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə keçmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, cavabdeh X4 iddiaçı "xxxx" ASC-dən avans məbləğinin ödənilməsinə dair müqavilə üzrə 63750 manat məbləğində avans alaraq, 1 adda məhsulun əkinini aparacağını və nəticədə götürəcəyi 500 ton kartof məhsulunun 31 dekabr 2017-ci il tarixədək iddiaçı təşkilata satmasına dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin müqavilənin tələblərini yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 63750 manat avans məbləği və ödənilmiş 290.81 manat dövlət rüsumu cavabdeh X1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı zərərə məruz qalması ilə bağlı məhkəməyə sübut təqdim edə bilmədiyindən məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilə bilməz. Məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsinə dair aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 373.2-ci maddsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Qanunvericiliyin tələbindən göründüyü kimi müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə iddia müddətinin axımı kəsilir. Bu şərtlə ki, iddia müəyyənləşdirilmiş qaydada verilmiş olsun. Məhkəmənin qənaətinə görə iddia müddəti o halda ötürülmüş sayılmalıdır ki, iddiaçı ixtiyarında olan müddət ərzində müəyyənləşdirilmiş qaydada məhkəməyə müraciət etməli olduğu halda bunu etməmiş olsun. Ş.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında göstərilir ki, müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. İddiaçı hazırkı tələblə bağlı ilk dəfə Tovuz Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2019-cu il tarixdə həmin məhkəmənin icraatına daxil olmuşdur. xx.xx.2020-ci il tarixdə qətnamə çıxarılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Tovuz Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, işə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və ərizə baxılmamış saxlanılmışdır. Göründüyü kimi hazırkı iş üzrə iddia ərizəsi geri qaytarılmamış və xx.xx.2015-ci il tarixdə icraata qəbul edilməklə mahiyyəti üzrə baxılmışdır. İşin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən iş digər məhkəmənin icraatına verilmişdir. İşin məhkəmədə baxıldığı müddətlə eyni vaxtda iddia müddətinin axımı davam edə bilməzdi. Pretenziya qaydasına əməl olunmaması məsələsi isə, iş üzrə son məhkəmə aktı olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadında göstərilmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, həmin qərardad çıxarılana qədər iddia müəyyənləşdirilmiş qaydada verilmiş hesab edilmişdir. Belə olan vəziyyətdə xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan müddət iddia müddətinin axımının davam etmədiyi dövr kimi qəbul edilməlidir. İddiaşı xx.xx.2022-ci il tarixdə yenidən məhkəmədə iddia qaldırdığından üç illik iddia müddəti ötürülməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X1 30 mart 2017-ci il tarixli, 41 saylı avans müqaviləsi üzrə yaranmış 63750 (altmış üç min yeddi yüz əlli) manat məbləğində pul və ödənilmiş 290.81(iki yüz doxsan manat səksən bir qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı “Aqrar Tədarük və Təchizat“ Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar