Məhkəmə qərarları › İş №e-2-2(115)-1617/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1617/2025

22.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1617/2025 22.10.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 145-SCİ-RMM-24 saylı alqı-satqı müqaviləsinə əsasən yaranmış 16991 manat 86 qəpik manat əsas borcun, 1699 manat 10 qəpik cərimə borcunun, 320 vəkil xərcinin, 148 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli 145-SCİRMM-24 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müvafiq alqı-satqı müqaviləsi çərçivəsində cavabdehə ümumi dəyəri 310000 manat olan “Develon DX210WA” markalı təkərli ekskavator satılmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən, cavabdeh əmlakın dəyərindən 47288,14 manat ƏDV məbləğini və 107711,86 əsas məbləğ hissəsini müqavilə imzalandıqdan sonra 3 iş günü ərzində, qalan 155000 manat məbləği isə 6 ay ərzində müəyyən edilmiş qrafik üzrə satıcıya ödəməyi öhdəsinə götürmüş, lakin bu öhdəlikləri pozaraq müəyyən edilmiş qaydada və müddətdə ödənişi həyata keçirməmişdir. Hazırkı vəziyyətdə isə iddiaçı üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməyinə baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə ödənişlər bu günə kimi tam şəkildə həyata keçirilməmişdir. Hazırda müqaviləyə əsasən Cavabdeh iddiaçıya ƏDV daxil olmaqla 16991 manat 86 qəpik manat məbləğində ödənilməmiş borcu vardır. Göstərilən borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə elektron qaiməfakturalar və pretenziya məktubu göndərilmiş, borcun ödənilməsi üçün ona müvafiq müddət təyin edilməsinə baxmayaraq, cavabdeh tərəfindən qeyd olunan borc məbləğindən bu günədək heç bir ödəniş edilməmişdir. Bundan başqa cavabdeh tərəflərindən göndərilən pretenziyaya heç bir rəsmi etirazı da olmamışdır. Əlavə olaraq bildiririk ki, cavabdeh tərəfindən pretenziya məktubuna təqdim edilmiş cavab məktubunda borcun əsas hissəsinin xx.xx.2025-ci il tarixinədək, qalan hissəsinin isə xx.xx.2025-ci il tarixinədək tam şəkildə ödəniləcəyinə dair öhdəlik götürülmüşdür. Lakin cavabdeh həmin öhdəliyi də yerinə yetirməmiş, müəssisəyə heç bir ödəniş etməmişdir. Müqaviləsi 4.1-ci maddəsinə əsasən alıcı bu müqavilənin 2.2-ci bəndində göstərilən öhdəliklərini vaxtında yerinə yetirmədikdə öhdəliklərin icrasının hər gecikdirilmiş günü üçün bu müqavilənin 1.2ci bəndində göstərilən ümumi qiymətindən 0,1-% məbləğində dəbbə ödəməyi öhdəsinə götürür. Bu əsas üzrə cavabdehin müəssisəyə əlavə olaraq 1699 manat 10 qəpik məbləğində cərimə borcu da yaranmışdır. İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 145-SCİRMM-24 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı alıcı tərəfindən seçilmiş 1 ədəd “Develon DX210WA” markalı təkərli ekskavatoru satmağı, alıcı isə əmlakın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləni 1.2 və 2.2-ci bəndinə əsasən müqavilənin ümumi məbləği ƏDV ilə birgə 310000 manat təşkil edir. Satıcının təqdim etdiyi hesab əsasında alıcı əmlakın dəyərinin ƏDV hissəsi tam (yəni. 47288,14 manat) əsas hissəsindən isə 107711,86 manat məbləği müqavilə bağlandıqdan sonra 3 iş günü ərzində satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Qalıq 155000 manat məbləği isə alıcı müqavilə bağlandıqdan sonra 6 ay ərzində cədvəl üzrə hissə-hissə satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqaviləsi 4.1-ci maddəsinə əsasən alıcı bu müqavilənin 2.2-ci bəndində göstərilən öhdəliklərini vaxtında yerinə yetirmədikdə öhdəliklərin icrasının hər gecikdirilmiş günü üçün bu müqavilənin 1.2-ci bəndində göstərilən ümumi qiymətindən 0,1-% məbləğində dəbbə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 433710 nömrəli elektron qaimədən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh 310000 manat məbləğində qaimə göndərilmiş və qaimə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli malların təhvil verilməsi haqqında aktdan görünür ki, İddiaçı QSC tərəfindən 1 ədəd “Develon DX210WA” markalı texnika Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh müqavilə üzrə 16991,86 manat qalıq borcu qalmışdır. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı QSC ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı tərəfindən alıcıya məbləği 310000 manat olan texnika satılması nəzərdə tutulmuşdur. Satıcı üzərinə düşən öhdəliyini yerinə yetirmiş, satdığı malı alıcıya vermiş, alıcı müqavilə üzrə üzərinə düşən öhdəliyi, yəni ödənişi tam olaraq icra etməmiş və bunun nəticəsində cavabdehin iddiaçıya 16991,86 manat borcu yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması satıcının əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, satıcı malı alıcıya verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 1699,10 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 500 manat məbləğində müəyyən edilməlidir. Odur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 16991,86 manat borc, 500 manat cərimə borcu olmaqla cəmi 17491,86 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 148 manat dövlət rüsumu, vəkil xidmət haqqı olaraq 320 manat pul ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 142,48 manat dövlət rüsumu və 320 manat vəkil xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 02 fevral 2024cü il tarixli 145-SCİ-RMM/24 saylı alqı-satqı müqaviləsinə əsasən 16991 manat 86 qəpik əsas borc, 500 manat cərimə borcu olmaqla cəmi 17491 (on yeddi min dörd yüz doxsan bir) manat 86 (səksən altı) qəpik borc, 320 (üç yüz iyirmi) manat vəkil xərci, 142 (bir yüz qırx iki) manat 48 (qırx səkkiz) qəpik dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar