Məhkəmə qərarları › İş №e-2-2(115)-1619/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1619/2024

10.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1619/2024 10.09.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızı, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, sadələşdirilmiş məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəflər arasında bağlanılmış malların alqı-satqısı haqqında 25 oktyabr 2021-ci il tarixli 028/21 nömrəli müqaviləyə əsasən yaranmış və ödənilməmiş 5602,62 manatın, gecikdirməyə görə həmin məbləğin illik 5% = 280,131 manat, üç ilə üzrə 840 manatın, habelə ödənilmiş dövlət rüsumuna görə 88 manat və hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 300 manat, ümumilikdə 6831 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh Rovziq oğlu arasında malların alqı-satqısına dair 25 oktyabr 2021-ci il tarixdə 028/21 nömrəli müqavilə bağlanmışdır. Qeyd olunan müqavilənin şərtlərinə ümumilikdə ƏDV daxil olmaqla 46731,09 dəyərində mallar satılmış, satılmış mallardan ümumilikdə ƏDV daxil olmaqla 41128,47 manat vəsait ödənilmişdir. Satılmış malların kəmiyyəti və keyfiyyəti barədə heç bir iddia irəli sürülməmişdir. Bu günkü günə cavabdehin bu satılmış malların dəyəri üzrə iddiaçıya ƏDV daxil olmaqla 5602,62 manat borcu qalmaqdadır. Bu borcun ödənilməsi üçün dəfələrlə edilmiş müraciətlərə baxmayaraq borc məbləğinin ödənilməsindən alıcı müxtəlif bəhanələrlə yayınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 20 avqust 2024-cü il tarixli e-2-2(115)-1619/2024 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 25 oktyabr 2021ci il tarixli 028/21 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən spesifikasiyada göstərilən tərkibdə həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan elektron qaimələrdən görünür ki, xx.xx.2021-ci il tarixdə 10104,60 manat, xx.xx.2021-ci il tarixlərdə 462,69 manat, 23243,14 manat, 5704,71 manat, xx.xx.2021-ci il tarixdə 253,95 manat, xx.xx.2021-ci il tarixdə 6962 manat dəyərində malların qaimələri İddiaçı MMC tərəfindən Cavabdeh ötürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzə əsasən 9000 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 8000 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 10000 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 7000 manat məbləğində pul Cavabdeh tərəfindən İddiaçı MMC-nə ödənilmişdir. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 25 oktyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən spesifikasiyada göstərilən tərkibdə həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş və nəticədə onun iddiaçıya 5602,62 manat borcu qalmışdır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Bundan başqa iddiaçı iddia tələbində əsas borc məbləğinin gecikdirilməsinə görə illik 5% olmaqla 280,131 manat, üç il üzrə 840 manat faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh iddiaçı ilə bağlamış olduğu alqı-satqı müqaviləsi üzrə yaranmış borcundan sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 7000 manat ödəniş etmişdir. Qanunvericiliyin tələbinə əsasən cavabdehin müqavilə üzrə ödənilməli olan borcunu gecikdirmə müddəti 30 avqust 2022-ci il tarixdən başladığı üçün cavabdehdən müqavilə üzrə əsas borcun gecikdirilməsi üçün illik 5 faizlə faiz borcunun hesablanması həmin tarixdən hesablanmalı, yəni iki illik gecikməyə görə 560 manat məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 5602,62 manat əsas borc, illik 5 faizlə hesablanmış 560 manat faiz borcu olmaqla, cəmi 6162,62 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 88 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 81,63 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 300 manat məbləğində hüquqi yardımla bağlı olaraq vəkil xidməti haqqı ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 300 manat hüquqi yardımla bağlı ödənilmiş vəkil xidməti haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 25 oktyabr 2021-ci il tarixli 028/21 saylı alğısatqı müqaviləsi üzrə yaranmış 5602,62 manat əsas borc, illik 5 faizlə hesablanmış 560 manat faiz borcu olmaqla, cəmi 6162 (altı min yüz altmış iki) manat 62 (altmış iki) qəpik məbləğində pul, 81 (səksən bir) manat 63 (altmış üç) qəpik dövlət rüsumu və 300 (üç yüz) manat vəkilə ödənilmiş xidmət haqqı Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar