Məhkəmə qərarları › İş №e-2-2(115)-164/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-164/2025

13.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-164/2025 13.08.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə3, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilk iddiası, iddiaçı Cavabdeh İddiaçınə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 sentyabr 2023- cü il tarixli B/97 nömrəli alqı-satqı müqaviləsinə əsasən yaranmış və ödənilməmiş 63090,60 manat əsas borc, 18900 manat cərimə borcu, ödənilmiş dövlət rüsumu 336 manat, hüquqi yardım göstərilməsinə dair 1529 saylı müqaviləyə əsasən ödənilmiş 1500 manat məbləğində pul olmaqla, ümumilikdə 83916,60 manatın Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 07 sentyabr 2023-cü il tarixli B/97 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə uyğun olaraq, satıcı İddiaçı alıcı Cavabdeh sifarişi əsasında müxtəlif adlarda avtomobil şinlərinin müqavilənin qiymət razılaşması protokoluna uyğun olaraq satılmasını öhdəsinə götürmüşdür. Ümumulikdə ƏDV daxil olmaqla 167611,44 manat dəyərində mallar alıcıya satılmışdır. Satılmış malların keyfiyyəti və kəmiyyəti barədə alıcı Cavabdeh heç bir pretenziya daxil olmamışdır. 24 sentyabr 2024-cü il tarixə Cavabdeh 63090,60 manat borcu qalmaqdadır. Tərəflər arasında təsdiq edilmiş 27 iyul 2024-cü il tarixli üzləşmə aktına əsasən borc məbləği təsdiq olunmuşdur. Borcun ödənilməsinə dair 09 oktyabr 2024-cü il tarixdə poçt vasitəsi ilə pretenziya məktubu göndərilməsinə və Cavabdeh tərəfindən 14 oktyabr 2024-cü il tarixdə alınmasına baxmayaraq, qeyd olunan borc məbləği ödənilməşmidir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsinə, 07 sentyabr 2023-cü il tarixli B/97 nömrəli alqı-satqı müqaviləsinin etibarsız sayılmasına və ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçındən alınıb ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə onun arasında 07 sentyabr 2023-cü il tarixli B/97 nömrəli alqı-satqı müqaviləsi bağlanmamışdır. Həmin müqavilə onun tərəfindən imzalanmamışdır və bu müqavilədən xəbəri yoxdur. Həmçinin İddiaçı ilə onun arasında 27 iyul 2024-cü il tarixli üzləşmə aktı tərtib olunmamış və onun tərəfindən imzalanmamışdır. Qiymətlərin razılaşdırma protokollarında onun soyadının qarşısında olan biri-birindən fərqli imzalar da ona məxsus deyildir. Ona görə də 07 sentyabr 2023-cü il tarixli B/97 nömrəli alqı-satqı müqaviləsi etibarsız sayılmalıdır. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbinə uyğun izahat verib bildirdi ki, satılan mallar Bakı şəhərindən göndərilmiş, mallar çatan zaman Gəncə şəhərində mağazada olan şəxs onları təhvil alıb sənədə imza etmişdir. Təhvil-təslim aktlarında vizual olaraq da imzaların müxtəlif olduğu görünür, lakin Şirkət tərəfindən mallar Cavabdeh onlara təqdim etdiyi ünvana göndərilmiş və həmin vaxt ünvanda olan, yəni malları qəbul edən şəxs təhviltəslim aktlarına imza etmişdir. İmzalar Cavabdeh məxsus olmas da, mallara uyğun elektron qaimələr verilmiş, həmin qaimələrə uyğun ödənişlər onun bank hesabından edilmişdir. Mallar Cavabdeh tərəfindən alındığından, pulları da müvafiq qaiməyə əsasən Şirkətin hesabına ödəmişdir. Mülki Məcəlləyə əsasən alqı-satqı müqaviləsi şifahi də bağlanıla bilər. Müqavilədəki imzanın Cavabdeh məxsus olub-olmaması heç nəyi dəyişdirmir. Çünki Cavabdeh verilmiş mallara uyğun ödənişlər etmişdir. Ona görə də ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə3 ilk iddia tələbinin təmin edilməsini, qarşılılı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh nümayəndəsi Nümayəndə2 qarşılıqlı iddia tələbinə uyğun izahat verib bildirdi ki, Cavabdeh 07 sentyabr 2023-cü il tarixli B/97 nömrəli alqı-satqı müqaviləsindən xəbəri yoxdur, o İddiaçı ilə müqavilə bağlamamışdır. Cavabdeh nə təkər almış, nə də ki satmışdır. İlk iddiaçının təqdim etdiyi alqı-satqı müqaviləsindəki, qiymət razılaşdırma protokollarındakı, qaimələrdəki təhvil aldı qrafasındakı və üzləşdirmə aktındakı imzalar Cavabdeh məxsus deyildir. Cavabdeh heç kəsə onun adından mal almağa və imza atmağa etibarnamə verməmişdir. Bank ödənişləri Cavabdeh tərəfindən həyata keçirilməmiş, məbləğlərin kimin tərəfindən köçürüldüyünü bilmir. Buna görə də ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İlk iddia və qarşılıqlı iddia tələblərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, 15 ildir İddiaçındə işləyir. Şirkət uzun müddət "xxxx" MMC və Oruc adlı şəxslə işləmişdir. Onlar ancaq Nizami müəllimi tanımışlar, onun sözü əsasında başqa şəxslərlə müqavilə bağlamışlar. Həmin adamlardan biri onun qaynı Oruc adlı şəxs olmuşdur. Şirkətin Gəncə üzrə təmsilçisi Vasif adlı işçi olmuş və "xxxx" MMC ilə işləri o aparmışdır. Vasif bilirdi ki, "xxxx" MMC-yə nə qədər mal gedib, nə qədər ödəniş edilməlidir. X2 işləmir. Elə hallar baş verib ki, bir günə 4 təkər lazım olub, ondan ötrü onlar bir də maşın göndərməmiş, Bakıdan onu Sədərək bazarında kiməsə təhvil verib, həmin adamın adını, telefonunu yazıb imza etdirmişlər. Sifarişlər telefon və ya “whatsapp” vasitəsilə ilə edilmişdir. Mallar Nizami müəllimin dediyi şəxslərə təhvil verilmişdir. Mallar təhvil veriləndə təhvil-təslim aktı tərtib edilmiş, 1 nüsxəsi onlarda, 1 nüsxəsi isə Şirkətdə ofisə verilmişdir. Cavabdeh şəxsən tanımamış, ona mal verilib-verilməməsini bilməmişdir. Sonuncu dəfə keçən il təxminən iyun ayında Gəncəyə gəlmiş və bütün danışıqlarda iştirak etmişdir. "xxxx" MMC-nin 160000 manata yaxın borcu olmuşdur. Şirkətin isə onlara 40000-45000 manatlıq bonusu olmuşdur. Şirkətin tələbi o olmuşdur ki, bonusu çıxıb qalan borclarını ödəsinlər, lakin ödəniş edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, 2013-cü ildən İddiaçındə sürücü işləyir, davamlı olaraq Gəncə şəhərinə mal gətirmişdir. Gəncəyə Nizami müəllimə və Oruc müəllimə mal gətirmişdir. Malları çox vaxt Nizami müəllimə və Oruc müəllimə, bəzən isə onların işçilərinə təhvil vermişdir. Malları təhvil verərkən akta o və təhvil alan şəxs imza etmişdir. Malları ya Nizami müəllimin mağazalarından birinə, ya da evinə boşaltmışlar. Cavabdeh tanımır və ona mal verməmişdir. Sənəddə ancaq Nizami müəllimin adı yazılırdı ki, bu mal ona gedir, elektron qaimədə kimin adının yazılmasını bilməmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 sentyabr 2023-cü il tarixli B/97 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə müəyyən olunmuş şərtlərlə müxtəlif çeşidli təkərləri və akkumulyatorları alıcıya satmağı, alıcı isə müqavilədə müəyyən olunmuş şərtlər daxilində malın dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 08 sentyabr 2023-cü il tarixli, 09 sentyabr 2023-cü il tarixli, 13 sentyabr 2023-cü il tarixli, 20 sentyabr 2023-cü il tarixli, 26 sentyabr 2023-cü il tarixli, 17 oktyabr 2023-cü il tarixli və 20 oktyabr 2023-cü il tarixli qiymətlərin razılaşdırma protokollarından görünür ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən malın adı, ölçü vahidi və qiyməti razılaşdırılmışdır. İş materiallarında olan 11 sentyabr 2023-cü il tarixli elektron qaiməyə əsasən 23163 manat, 11 sentyabr 2023-cü il tarixli elektron qaiməyə əsasən 38222 manat, 14 sentyabr 2023-cü il tarixli elektron qaiməyə əsasən 15645 manat, 21 sentyabr 2023-cü il tarixli elektron qaiməyə əsasən 13275 manat, 27 sentyabr 2023-cü il tarixli elektron qaiməyə əsasən 24583,84 manat, 18 oktyabr 2023-cü il tarixli elektron qaiməyə əsasən 40310,60 manat, 21 oktyabr 2023-cü il tarixli elektron qaiməyə əsasən 12066 manat və 23 oktyabr 2023-cü il tarixli elektron qaiməyə əsasən 346 manat dəyərində malların qaimələri İddiaçı tərəfindən Cavabdeh ötürülmüşdür. İş materiallarında olan mal satışı haqqında 02 sentyabr 2023-cü il tarixli qaiməyə əsasən 23288 manat, 08 sentyabr 2023-cü il tarixli qaiməyə əsasən 38222 manat, 12 sentyabr 2023-cü il tarixli qaiməyə əsasən 15798 manat, 19 sentyabr 2023-cü il tarixli qaiməyə əsasən 13275 manat, 14 oktyabr 2023-cü il tarixli qaiməyə əsasən 42386,60 manat və 19 oktyabr 2023-cü il tarixli qaiməyə əsasən 14238 manat məbləğində mallar İddiaçı tərəfindən Cavabdeh təhvil verildiyi qeyd edilmişdir. İş materiallarında olan bank vasitəsi ilə köçürmə qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən İddiaçınə xx.xx.2024-cü il tarixdə xx.xx.2023-cü il tarixli EBDO 049920 nömrəli elektron qaimə üzrə 38222 manat, xx.xx.2023-cü il tarixli EBDN 996056 nömrəli elektron qaimə üzrə 1478 manat, xx.xx.2024-cü il tarixdə xx.xx.2023-cü il tarixli EBDN 996056 nömrəli elektron qaimə üzrə 8000 manat, xx.xx.2024-cü il tarixdə xx.xx.2023-cü il tarixli EBDO 834437 nömrəli elektron qaimə üzrə 13275 manat, xx.xx.2023-cü il tarixli EBDQ 995290 nömrəli elektron qaimə üzrə 12066 manat, xx.xx.2024-cü il tarixdə xx.xx.2023-cü il tarixli EBDP 242888 nömrəli elektron qaimə üzrə 24583,84 manat, xx.xx.2023-cü il tarixli EBDR 066318 nömrəli elektron qaimə üzrə 346 manat pul köçürmüşdür. İş materiallarında olan 27 iyul 2024-cü il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh İddiaçınə müqavilə üzrə 63090,60 manat məbləğində borcunun olması ilə bağlı üzləşmə aktına imza etmişdir. İş materiallarında olan 07 oktyabr 2024-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh İddiaçınə müqavilə üzrə borclu olduğu 63090,60 manatın və ona hesablanmış 18900 manat penyanın 5 təqvim günü ərzində ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 aprel 2025-ci il tarixli 4/219 nömrəli ekspert rəyindən görünür ki:

1. Ekspertizaya təqdim edilmiş 07 sentyabr 2023-cü il tarixli B/97 nömrəli Alqı-satqı müqaviləsində imza (aşağı sağ tərəfi qırmızı rəngli rəngləyici maddə ilə “1” rəqəmi ilə işarələnmiş) “Cavabdeh” yazılarından aşağıda yerləşən; 09 sentyabr 2023-cü il tarixli 019812 nömrəli Qiymətlərin razılaşması protokolunda, 13 sentyabr 2023-cü il tarixli 019900 nömrəli Qiymətlərin razılaşması protokolunda “ALİCİ” qrafasında olan imzalar; Mal satışına dair 02 sentyabr 2023-cü il tarixli 019621 nömrəli, 08 sentyabr 2023-cü il tarixli 019812 nömrəli, 12 sentyabr 2023-cü il tarixli 019900 nömrəli, 19 sentyabr 2023-cü il tarixli 020182 nömrəli, 14 oktyabr 2023-cü il tarixli 021074 nömrəli, 19 oktyabr 2023-cü il tarixli 021234 nömrəli qaimələrdə “Təhvil aldı” qrafalarındakı imzalar - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur;

2. Ekspertizaya təqdim edilmiş 07 sentyabr 2023-cü il tarixli B/97 nömrəli Alqı-satqı müqaviləsində (aşağı sağ tərəfi qırmızı rəngli rəngləyici maddə ilə “2” rəqəmi ilə işarələnmiş) “Cavabdeh” yazılarından aşağıda olan imzanın; 08 sentyabr 2023-cü il tarixli 019621 nömrəli Qiymətlərin razılaşması protokolunda, 26 sentyabr 2023-cü il tarixli 020362 nömrəli Qiymətlərin razılaşması protokolunda, 17 oktyabr 2023-cü il tarixli 021074 nömrəli Qiymətlərin razılaşması protokollarının hər iki nüsxəsində, 20 oktyabr 2023-cü il tarixli 021234 nömrəli Qiymətlərin razılaşması protokollarının hər iki nüsxəsində “ALİCİ” qrafasında olan imzaların; 27 iyul 2024-cü il tarixli üzləşmə aktında “F/Ş: Cavabdeh” yazılarından aşağıda yerləşən imzanın - Cavabdeh tərəfindən icra olunub-olunmamasının tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən edilməsi mümkün olmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, ilk iddia üzrə İddiaçı Cavabdeh ilə alqı-satqı müqaviləsi bağladığını, müqavilə üzrə ona mal satdığını, alıcı malı qəbul etsə də aldığı malın pulunu tam ödəmədiyini bildirmişdir. Cavabdeh isə iddiaçı ilə müqavilə bağlamadığını, ondan mal almadığını və iddiaçıya hər hansı borcunun yaranmadığını bildirmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 07 sentyabr 2023-cü il tarixli B/97 nömrəli alqı-satqı müqaviləsində, qiymətlərin razılaşdırma protokollarında, müştəri sifarişi haqqında qaimələrdə və üzləşmə aktındakı imzaların Cavabdeh tərəfindən icra olunub-olunmaması ilə bağlı məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə xətşünaslıq ekspertizası təyin edilərkən İddiaçı məhkəməyə iddia ərizəsi verilərkən təqdim etdiyi müqavilənin əslindən əlavə, eyni tarixli, eyni nömrəli, amma alıcı qrafasında fərqli imzanın olduğu ikinci müqavilənin əslini də təqdim etmişdir. Hər iki müqavilə ekspertə təqdim edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 15 aprel 2025-ci il tarixli 4/219 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş müqavilənin əslillərindən birində, iki ədəd qiymətlərin razılaşması protokolunda, mal satışına dair qaimələrdə olan imzalar Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur, digər müqavilənin əslində, 5 ədəd qiymətlərin razılaşması protokolunda, üzləşmə aktında olan imzaların Cavabdeh tərəfindən icra olunub-olunmaması müəyyən edilməmişdir. İddiaçı Cavabdeh ilə aralarında yazılı alqı-satqı müqaviləsi üzrə münasibətlərin yarandığını bildirsə də, tərəflər arasında yazılı qaydada alqı-satqı müqaviləsinin bağlanması müəyyən edilmir. Lakin İddiaçı tərəfindən Cavabdeh göndərilmiş elektron qaimələr və həmin qaimələr üzrə müəyyən ödənişlərin edilməsi onu deməyə əsas verir ki, tərəflər arasında şifahi qaydada da olsa alqı-satqı münasibətləri yaranmışdır. Belə ki, İddiaçı tərəfindən göndərilmiş 23163 manat məbləğində 11 sentyabr 2023-cü il tarixli EBDN 996056 nömrəli elektron qaimə üzrə qismən 1478 manat, 8000 manat, 38222 manat məbləğində 11 sentyabr 2023-cü il tarixli EBDO 049920 nömrəli elektron qaimə üzrə tam olaraq 38222 manat, 13275 manat məbləğində xx.xx.2023-cü il tarixli EBDO 834437 nömrəli elektron qaimə üzrə tam olaraq 13275 manat, 12066 manat məbləğində xx.xx.2023cü il tarixli EBDQ 995290 nömrəli elektron qaimə üzrə tam olaraq 12066 manat, 24583,84 manat məbləğində xx.xx.2023-cü il tarixli EBDP 242888 nömrəli elektron qaimə üzrə tam olaraq 24583,84 manat, 346 manat məbləğində xx.xx.2023-cü il tarixli EBDR 066318 nömrəli elektron qaimə üzrə tam olaraq 346 manat ödəniş edilmişdir. Digər 15645 manat məbləğində 14 sentyabr 2023-cü il tarixli EBDO 330281 nömrəli və 40310,60 manat məbləğində 18 oktyabr 2023-cü il tarixli EBDQ 808579 nömrəli elektron qaimələr alıcı tərəfindən təsdiq edilsə də həmin qaimələr üzrə ödənişlər aparılmamış, 23163 manat məbləğində 11 sentyabr 2023-cü il tarixli EBDN 996056 nömrəli elektron qaimə üzrə qismən ödəniş edilmişdir. Göründüyü kimi tərəflər arasında alqı-satqı münasibətləri mövcud olmuş, alıcı satıcıdan mal almış və ödənişlər həyata keçirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 09 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında ifadə olunmuş mövqeyinə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilmiş elektron vergi-hesab fakturaları özü-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Məhkəmə təklif etsə də Cavabdeh məhkəməyə elektron qaimələr üzrə edilmiş ödənişlərin elektron qaimədən başqa, məsələn təhvil-təslim aktı və s. əsasında ödənildiyinə dair hər hansı sənəd təqdim etməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında malın təhvil verilib-ödənilməsi elektron qaimələr üzrə həyata keçirilmişdir. Belə olan halda digər ödənilməyən qaimələr üzrə malın alıcıya verilməsi öz təsdiqini elektron qaimənin alıcı tərəfindən təsdiq edilməsi ilə tapır. Ona görə də ilk iddia üzrə iddiaçı verdiyi malın pulunu ilk iddia üzrə cavabdehdən tələb etməkdə haqlıdır və 63090,60 manat borc ilk iddia üzrə cavabdehdən tutularaq ilk iddia üzrə iddiaçıya ödənilməlidir. İlk iddianın cərimənin ödənilməsi hissəsinə münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflərin cərimənin ödənilməsi ilə bağlı razılaşması iş materialları ilə müəyyən edilmir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, ilk iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iki müqavilənin birini ilk iddia üzrə cavabdeh imzalamamış, digəri isə imzalanması müəyyən edilməmişdir. Belə olan halda ilk iddia üzrə iddiaçı ilk iddia üzrə cavabdehin cərimə ilə bağlı razılığa gəldiyinə dair məhkəməyə sübut təqdim etməmişdir. Ona görə də cərimənin ödənilməsi hissəsində ilk iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qarşılıqlı iddia ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh ilə yazılı müqavilə bağladığına dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Alıcı qrafasında fərqli imzaların olduğu iki ədəd eyni tarixli, eyni nömrəli yazılı alqı-satqı müqaviləsi təqdim edilmiş, həmin müqavilənin birinin hansı ki, iddia qaldırılarkən məhkəməyə təqdim edilmiş müqavilədə ilk iddia üzrə cavabdeh tərəfindən imzalanmadığı, digər müqavilə isə imzanın kimə məxsus olmasının müəyyən edilmədiyinə dair ekspert rəy vermişdir. Məhkəmə hesab edir ki, əqdin subyekt tərkibinə dair şərtlər pozulmuş, satıcı tərəfindən tərtib edilən müqavilə alıcı tərəfindən imzalanmamışdır. Eyni tarixli, eyni nömrəli iki başqa başqa müqavilələr tərtib edilmişdir. Ona görə də qeyd edilən hər iki yazılı müqavilə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə əsasən, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 337 manat dövlət rüsumu ödənilmişdir. Həmçinin elektron qaimə fakturadan görünür ki, 18 saylı Vəkil Bürosunun hesabına 1500 manat xidmət haqqı ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ilk iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 279 manat 27 qəpik dövlət rüsumu, 500 manat hüquqi yardım göstərilməsinə görə xidmət haqqı Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı 137 manat ekspertiza xərci ilk iddia üzrə İddiaçındən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən

QƏT ETDİ:

İlk iddia qismən təmin edilsin. İlk iddia üzrə Cavabdeh 63090 (altmış üç min doxsan) manat 60 (altmış) qəpik borc, 279 (iki yüz yetmiş doqquz) manat 27 (iyirmi yeddi) qəpik dövlət rüsumu və 500 (beş yüz) manat hüquqi yardım göstərilməsinə dair xidmət haqqı tutularaq ilkin iddia üzrə İddiaçınə ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 sentyabr 2023-cü il tarixli B/97 saylı iki alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. İş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı 137 (bir yüz otuz yeddi) manat ekspertiza xərci ilk iddia üzrə İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar