Məhkəmə qərarları › İş №e-2-2(115)-167/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-167/2025

13.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-167/2025 13.08.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə3, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilk iddiası, iddiaçı Cavabdeh İddiaçınə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 16 mart 2024-cü il tarixli B/74 nömrəli alqı-satqı müqaviləsinə əsasən yaranmış və ödənilməmiş 85466,05 manat əsas borc, 12810 manat cərimə borcu, ödənilmiş dövlət rüsumuna görə 385 manat, hüquqi yardım göstərilməsinə dair 1530 saylı müqaviləyə əsasən ödənilmiş 1500 manat məbləğində pul olmaqla, ümumilikdə 100161,05 manatın Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 16 mart 2024-cü il tarixli B/74 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə uyğun olaraq, satıcı İddiaçı alıcı Cavabdeh sifarişi əsasında müxtəlif adlarda avtomobil şinlərinin müqavilənin qiymət razılaşması protokoluna uyğun olaraq satılmasını öhdəsinə götürmüşdür. Ümumlikdə ƏDV daxil olmaqla 85466,05 manat dəyərində mallar alıcı Cavabdeh satılmışdır. Satılmış malların keyfiyyəti və kəmiyyəti barədə alıcı Cavabdeh heç bir pretenziya daxil olmamışdır. 24 sentyabr 2024-cü il tarixə cavabdehin 85466,05 manat borcu qalmışdır. Tərəflər arasında təsdiq edilmiş 27 iyul 2024-cü il tarixli üzləşmə aktına əsasən borc məbləği təsdiq olunmuşdur. Borcun ödənilməsinə dair 09 oktyabr 2024-cü il tarixdə poçt vasitəsi ilə pretenziya məktubu göndərilməsinə və cavabdeh tərəfindən 23 oktyabr 2024-cü il tarixdə alınmasına baxmayaraq qeyd olunan borc məbləği ödənilməmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsinə, 16 mart 2024-cü il tarixli B/74 nömrəli alqı-satqı müqaviləsinin etibarsız sayılmasına və ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçındən alınıb ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə onun arasında 16 mart 2024-cü il tarixli B/74 nömrəli alqı-satqı müqaviləsi bağlanmamışdır. Həmin müqavilə onun tərəfindən imzalanmamışdır və bu müqavilədən xəbəri yoxdur. Həmçinin İddiaçı ilə onun arasında 27 iyul 2024-cü il tarixli üzləşmə aktı tərtib olunmamış və onun tərəfindən imzalanmamışdır. Qiymətlərin razılaşdırma protokollarında onun soyadının qarşısında olan biri-birindən fərqli imzalar da ona məxsus deyildir. Ona görə də 16 mart 2024-cü il tarixli B/74 nömrəli alqı-satqı müqaviləsi etibarsız sayılmalıdır. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbinə uyğun izahat verib bildirdi ki, satılan mallar Bakı şəhərindən göndərilmiş, mallar çatan zaman Gəncə şəhərində mağazada olan şəxs onları təhvil alıb sənədə imza etmişdir. Ekspert bu rəyə gəlməsi normaldır, çünki təhvil-təslim aktlarını mağazada olan şəxslər imza etmişlər. Müqaviləyə gələndə isə ekspert müəyyən nəticəyə gələ bilməmişdir. Mülki Məcəllənin alqı-satqı müqaviləsinin yazılı olmasına dair imperativ tələbi yoxdur. Bu müqavilə şifahi də ola bilər. O cümlədən Cavabdeh elektron kabinetinə mallara uyğun qaimələr göndərilmişdir. Bu müqavilə üzrə Cavabdeh ödəniş etməmişdir, lakin qaimələri təsdiq etmişdir, sadəcə 1 qaiməni geri qayarmışdır. Həmin geri qaytarma isə nümunə üçün göndərilən mallara görə olmuşdur. Ona görə də ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə3 ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbini rədd edilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh nümayəndəsi Nümayəndə2 qarşılıqlı iddia tələbinə uyğun izahat verib bildirdi ki, Cavabdeh 16 mart 2024-cü il tarixli B/74 nömrəli alqı-satqı müqaviləsindən xəbəri yoxdur, o İddiaçı ilə müqavilə bağlamamışdır. Cavabdeh ancaq "xxxx" MMC-dən “lassa” brendli təkərləri alıb satmış, ödənişi də həmin şirkətə etmişdir. Özü şəxsən öz adına İddiaçındən mal almamışdır və bununla bağlı pul ödəməmişdir. İlk iddiaçının təqdim etdiyi alqı-satqı müqaviləsindəki, qiymət razılaşdırma protokollarındakı, qaimələrdəki təhvil aldı qrafasındakı və üzləşdirmə aktındakı imzalar Cavabdeh məxsus deyildir. Cavabdeh adından sənədləri imzalayaraq malları kimin təhvil aldığını bilmir. Buna görə də ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh izahatında göstərdi ki, o təkər satışı ilə məşğuldur. İddiaçı tanısa da həmin şirkətdən mal almamışdır. “Lassa” brendli təkərləri ancaq "xxxx" MMC-dən alıb satmışdır. İddiaçındən ona vurulan qaimələrdən məlumatlı olmamışdır. Qaiməni düzəliş üçün İddiaçınə o göndərməmişdir. Asan imzasından ancaq özü istifadə etmiş, başqa şəxs istifadə etməmiş, heç kəsə etibar edib verməmişdir. "xxxx" MMC-dən mal alarkən yazılı müqavilə bağlamamışdır. O başqa şəxslərlə də əqdləri şifahi qaydada bağlamışdır. “Lassa” brendli təkərləri alıb üstünə 3-5 manat qoyub satmışdır. Malı hansı qiymətə aldığını xatırlamır, çünki təkərlər başqa-başqa ölçülərdə olur. Mağazasında “lassa” brendli təkərlər az da olsa qalmışdır. Hazırda olan həmin təkərləri başqa şəxslərdən almışdır. Şəmkirdən Miri adlı şəxs, Bərdədən isə adını xatırlamadığı şəxs gətirmişdir. "xxxx" MMC-dən axırıncı dəfə 2023-cü ildə “lassa” brendli təkər almışdır. İlk iddia və qarşılıqlı iddia tələblərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia və qarşılıqlı iddia tələbləri təmin edilməməlidirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, uzun müddətdir İddiaçındə satış təmsilçisi işləyir, ancaq o Bakı şəhəri üzrə satış təmsilçisidir. Lakin Gəncə şəhəri üzrə də az-çox məlumatı vardır. Cavabdeh şəxsən tanıyır. Cavabdeh Nizami müəllimin işçisi kimi tanımışdır. Sifarişləri Cavabdeh özü və ya Nizami müəllim vermişdir. Həmin sifarişlər zəng və ya “whatsapp” tətbiqi vasitəsilə edilirdi. Mallar Nizami müəllimin dediyi şəxslərə təhvil verilirdi. Nizami müəllimlə 20 ildən çoxdur ki, işləyirlər, ona görə də təhvil-təslim aktına kimin imza çəkdiyinə baxmamışlar. Əsas odur ki, mallar imza çəkilərək qəbul edilirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, İddiaçındə sürücü işləyir, Cavabdeh tanıyır, X2 prospketində yerləşən mağazada ona mal təhvil vermişdir. Mal verdiyi dükanda Cavabdeh həmişə özü olmuş və malları yoxlayıb təhvil almışdır. Malları çox vaxt Cavabdeh imza çəkərək götürmüş, bəzən isə başqa şəxs imza edərək malları qəbul etmişdir. Sifarişlərin kim tərəfindən verildiyini bilməmişdir. Elektron qaimənin necə, nə vaxt vurulması barədə məlumatı olmamışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 mart 2024-cü il tarixli B/74 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə müəyyən olunmuş şərtlərlə müxtəlif çeşidli təkərləri və akkumulyatorları alıcıya satmağı, alıcı isə müqavilədə müəyyən olunmuş şərtlər daxilində malın dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 16 aprel 2024-cü il tarixli, 18 aprel 2024-cü il tarixli, 27 aprel 2024-cü il tarixli, 02 may 2024-cü il tarixli, 08 may 2024-cü il tarixli, 10 may 2024-cü il tarixli və 21 may 2024-cü il tarixli qiymətlərin razılaşdırma protokollarından görünür ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən malın adı, ölçü vahidi və qiyməti razılaşdırılmışdır. İş materiallarında olan 18 aprel 2024-cü il tarixli elektron qaimələrə əsasən 29772,7414 manat, 9061 manat, 19 aprel 2024-cü il tarixli elektron qaiməyə əsasən 327,9999 manat, 29 aprel 2024-cü il tarixli elektron qaimələrə əsasən 14292,5467 manat, 11054,8991 manat, 06 may 2024-cü il tarixli elektron qaiməyə əsasən 560,9998 manat, 10 may 2024-cü il tarixli elektron qaiməyə əsasən 19728,8501 manat, 13 may 2024-cü il tarixli elektron qaiməyə əsasən 825,0001 manat və 23 may 2024-cü il tarixli elektron qaiməyə əsasən 170 manat dəyərində malların qaimələri İddiaçı tərəfindən Cavabdeh ötürülmüş, həmin qaimələr sistem tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan müştəri sifarişləri haqqında 15 aprel 2024-cü il tarixli qaimələrə əsasən 76 və 313 ədəd, 18 aprel 2024-cü il tarixli qaiməyə əsasən 4 ədəd, 23 aprel 2024-cü il tarixli qaiməyə əsasən 163 ədəd, 26 aprel 2024-cü il tarixli qaiməyə əsasən 64 ədəd, 06 may 2024-cü il tarixli qaiməyə əsasən 148 ədəd və 10 may 2024-cü il tarixli qaiməyə əsasən 6 ədəd müxtəlif adlı mallar İddiaçı tərəfindən Cavabdeh təhvil verildiyi qeyd edilmişdir. İş materiallarında olan 27 iyul 2024-cü il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh İddiaçınə müqavilə üzrə 85466,05 manat məbləğində borcunun olması ilə bağlı olaraq üzləşmə aktına imza etmişdir. İş materiallarında olan 07 oktyabr 2024-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh İddiaçınə müqavilə üzrə borclu olduğu 85466,05 manatın 5 təqvim günü ərzində ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2025-ci il tarixli 4/220 nömrəli ekspert rəyindən görünür ki:

1. Ekspertizaya təqdim edilmiş İddiaçı ilə Cavabdeh adlarından olan 27 iyul 2024-cü il tarixli üzləşmə aktında “F/Ş: Cavabdeh” qrafasının aşağı hissəsindəki imza, 15 aprel 2024-cü il tarixli 027437 nömrəli, 15 aprel 2024-cü il tarixli 027438 nömrəli, 18 aprel 2024-cü il tarixli 027565 nömrəli, 23 aprel 2024-cü il tarixli 027735 nömrəli, 26 aprel 2024-cü il tarixli 027853 nömrəli, 06 may 2024-cü il tarixli 028223 nömrəli Müştəri Sifarişi haqqında qaimələrdə “Təhvil aldı” qrafalarındakı imzalar - Cavabdeh tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur;

2. Ekspertizaya təqdim edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 mart 2024cü il tarixli B/74 nömrəli alqı-satqı müqaviləsində “ALİCİ” hissəsində “Cavabdeh” qrafasındakı imzanın; 16 aprel 2024-cü il tarixli (əlavə 027437), 16 aprel 2024-cü il tarixli (əlavə 027438), 18 aprel 2024-cü il tarixli (əlavə 027565), 27 aprel 2024-cü il tarixli (əlavə 027735), 27 aprel 2024-cü il tarixli (əlavə 027853), 02 may 2024-cü il tarixli (əlavə 028061), 08 may 2024-cü il tarixli (əlavə 028223), 10 may 2024-cü il tarixli (əlavə 028326), 21 may 2024-cü il tarixli (əlavə 027754) qiymətlərin razılaşdırma protokollarında “ALİCİ” hissəsində “Cavabdeh” qrafasının aşağı hissəsindəki imzaların; 18 aprel 2024-cü il tarixli MT2404 seriyalı 00539576 nömrəli, 18 aprel 2024-cü il tarixli MT2404 seriyalı 00539578 nömrəli, 19 aprel 2024-cü il tarixli MT2404 seriyalı 00577905 nömrəli, 29 aprel 2024-cü il tarixli MT2404 seriyalı 00854790 nömrəli, 29 aprel 2024-cü il tarixli MT2404 seriyalı 00855082 nömrəli Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə - fakturalardan “Təhvil aldım” qrafalarındakı imzaların və 10 may 2024-cü il tarixli 028326 nömrəli Müştəri Sifarişi haqqında qaimədə “Təhvil aldı” qrafasındakı imzanın - Cavabdeh tərəfindən icra olunubolunmamasının tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən edilməsi mümkün olmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, ilk iddia üzrə İddiaçı Cavabdeh ilə alqı-satqı müqaviləsi bağladığını, müqavilə üzrə ona mal satdığını, alıcı malı qəbul etsə də aldığı malın pulunu ödəmədiyini bildirmişdir. Cavabdeh isə iddiaçı ilə müqavilə bağlamadığını, ondan mal almadığını və iddiaçıya hər hansı borcunun yaranmadığını bildirmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 16 mart 2024-cü il tarixli B/74 nömrəli alqı-satqı müqaviləsindəki “Alıcı” qrafasındakı, qiymətlərin razılaşdırma protokollarındakı, Müştəri Sifarişi haqqında qaimələrdə “Təhvil aldı” qrafalarındakı, Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə - fakturalarda “Təhvil aldım” qrafalarındakı və üzləşmə aktındakı imzaların Cavabdeh tərəfindən icra olunub-olunmaması ilə bağlı məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2025-ci il tarixli 4/220 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçının təqdim etdiyi üzləşmə aktında, Müştəri Sifarişi haqqında qaimələrdə olan imzaların Cavabdeh tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunduğu, digər sənədlərdə isə imzanın Cavabdeh tərəfindən icra olunub-olunmamasının müəyyən edilməsinin mümkün olmaması qeyd edilmişdir. İddiaçı Cavabdeh ilə aralarında alqı-satqı müqaviləsi üzrə münasibətlərin yazılı müqavilə əsasında yarandığını, alıcıya mal satılmasını, malın alıcıya təhvil verildiyini bildirsə də, həmin halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 09 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında ifadə olunmuş mövqeyinə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilmiş elektron vergi-hesab fakturaları özü-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. İddiaçı məhkəməyə elektron qaimələri təqdim edib həmin qaimələri alıcının təsdiq etdiyini bildirsə də elektron qaimələrdə olan imzaların Cavabdeh məxsus olması müəyyən edilməmiş, həmin elektron qaimələr alıcının özü tərəfindən deyil, sistem tərəfindən təsdiqlənmişdir. Qaimələr üzrə hər hansı ödəniş aparılmamışdır. Qeyd edilən elektron qaimələr özü-özlüyündə malların təqdim olunmasını təsdiq etmir. Çünki qaimələr digər iş materialları ilə təsdiq edilmir. Dindirilmiş şahidlər də Cavabdeh Nizami müəllimin işçisi kimi tanıdıqlarını bildirərək ona mal verdiklərini qeyd etmişlər. Onun özünə müqavilə üzrə mal təhvil vermələri ilə bağlı hər hansı fikir səsləndirməmişlər. Göründüyü kimi İddiaçı Cavabdeh mal satması və təhvil verməsi iş materialları ilə təsdiq edilmir. Ona görə də ilk iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qarşılıqlı iddia ilə bağlı məhkəmə qeyd edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2025-ci il tarixli 4/220 nömrəli ekspert rəyi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 mart 2024-cü il tarixli B/74 nömrəli alqı-satqı müqaviləsində “ALİCİ” hissəsində “Cavabdeh” qrafasındakı imzanın Cavabdeh tərəfindən icra olunub-olunmamasının müəyyən edilməsi mümkün olmamışdır. Belə olan təqdirdə məhz həmin müqavilənin Cavabdeh tərəfindən imzalanmaması, etibarsız olması qənaətinə gəlmək mümkün deyildir. Ona görə də qarşılıqlı iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə əsasən, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, həm ilkin iddia, həm də qarşılıqlı iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumları iddiaçılara aid edilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı 126 manat ekspertiza xərci ilk iddia üzrə iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən

QƏT ETDİ:

İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı 16 mart 2024-cü il tarixli B/74 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı 126 (bir yüz iyirmi altı) manat ekspertiza xərci ilk iddia üzrə İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ**********0000003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar