Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1670/2021 01.12.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borc tələbinə dair kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindan 74575 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, 200 manat mediasiya xərcinin və 1500 manat vəkilə ödənilmiş xərcin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC ilə 01.10.2020-ci il tarixli Qİ-SM/1-2020 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh "xxxx" MMC tərəfindən ümumilikdə 74.575 manat dəyərində tikinti materialları alınmışdır. Alınmış məhsullar müqaviləyə əsasən təqdim edilmiş elektron qaimə fakturalarla təsdiq edilmişdir. Lakin cavabdeh şirkət tərəfindən bu günə olan müqaviləyə əsasən 74.575 manat məbləğində borc bu günə qədər ödənilməmişdir. Cavabdeh şirkət borcunu ödəməmiş, borc tələb olunan zaman isə borcu ödəməkdən yayınmış, etinasızlıq göstərmişdir. Həmin borc barədə 17.07.2021-ci il tarixində üzləşmə aktı tərtib olunmuşdur. Dəfələrə cavabdeh şirkətlə borcun qaytarılması ilə əlaqədar olaraq əlaqə saxlanılsa da, hər dəfə bir bəhanə gətirilmiş, danışıqların heç bir nəticəsi olmamış, cavabdeh şirkət 74.575 manat məbləğində borcunu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən də pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdeh qanunvericilikdə göstərildiyi kimi, öz öhdəsinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, müqavilənin və mövcud qanunvericiliyin tələblərini aşkar və kobud şəkildə pozmuşdur. İddiaçının nümayəndəsi Nümayəndə əvvəl keçirilmiş məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X1 əvvəl keçirilmiş məhkəmə iclasında iddia tələbini qəbul edərək, izahatında bildirmişdir ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçıdan ümumilikdə 74.575 manat dəyərində tikinti materialları alınmışdır. Cavabdeh başqa şəxsdən borcunu ala bilmədiyi üçün iddiaçıya olan 74.575 manat məbləğində borcunu qaytara bilməmişdir. "xxxx" MMC-nin maliyyə imkanları olan kimi iddiaçıya olan borc qaytarılacaqdır. Bununla yanaşı, hesab edir ki, cavabdeh digər şəxsdən borcunu geri ala bilməməklə fors major hal olduğu nəzərə alınmalı idi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş satıcı İddiaçı ilə alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 01 oktyabr 2020-ci il tarixli Qİ-SM /1-2020 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı razılaşma protokolunda əks olunan malları alıcıya satmağı, alıcı isə həmin malları almağı və onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 17.06.2021-ci il tarixli üzləşmə aktından görünür ki, tərəflər arasında bağlanmış 01 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin satıcı İddiaçınə olan borcu 74575 manat müəyyən edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə mediatorun 16.09.2021-ci il tarixli arayışından görünür iddiaçı 400 manat məbləğində mediasiya xərci ödəmişdir. 23.09.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən “Kredo” vəkil bürosunun hesabına 1500 manat məbləğində xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçındən tikinti materialları almış, verilmiş malların dəyərinin qaytarılmasını təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişi yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Pretenziya məktubundan görünür ki, İddiaçı cavabdehə alqı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 74575 manat məbləğində borc, 30 manat ödənilmiş dövlət rüsumu, 200 manat mediasiya xərci və 1500 manat hüquqi yardıma görə ödənilmiş xərc olmaqla, cəmi 76305 manat cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 3200-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 74575 manat məbləğində borc, 30 manat ödənilmiş dövlət rüsumu, 200 manat mediasiya xərci və 1500 manat hüquqi yardıma görə ödənilmiş xərc olmaqla, cəmi 76305 manat cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-1670/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1670/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver