Məhkəmə qərarları › İş №e-2-2(115)-1670/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1670/2024

20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1670/2024 20.11.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında, baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17550 manat əsas borcun, 3159 manat faiz borcunun, dövlət rüsumu qismində ödənilmiş 153 manat pul vəsaitinin, vəkil üçün ödənilmiş 320 manatın, cəmi 21182 manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2022-ci il tarixində 002625 saylı mal alqı-satqısı müqaviləsi bağlanmışdır. Bağlanmış müqavilə şərtlərinə əsasən, iddiaçı cavabdehə mal satmışdır. Satılmış mallar xx.xx.2022- ci il tarixli təhvil-təslim aktına əsasən cavabdehə təhvil verilmişdir. Başlanmış müqavilənin ümumi dəyəri 50000 manat təşkil etmişdir. Müqavilə şərtlərinə əsasən cavabdeh ödənişin bir qismini ödəmişdir. Hal-hazırki dövrə isə cavabdehin ödəməli olduğu borc 17550 manat təşkil edir. Cavabdehə qalan borcun ödənməsi ilə bağlı dəfələrə şifahi və yazılı xəbərdarlıq edilməyin baxmayaraq cavabdeh borcu ödəməkdən yayınmışdır. Cavabdeh sonuncu ödənişi xx.xx.2023-cü il tarixində etmişdir. Bu o deməkdir ki, artıq 270 gündən çoxdur ki, yəni 9 təqvim ayı cavabdeh ödənişi gecikdirir. Cavabdehin ümumilikdə iddiaçıya olan əsas borcu 17550 manat və gecikmə tarixlərinə görə hər gün üçün yaranan məbləğlərin cəmi 3159 manat təşkil edir. İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 17550 manat əsas borc, 3159 manat dəbbə pulu, ödənilmiş 153 manat dövlət rüsumu olmaqla, cəmi 20862 manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07 dekabr 2021-ci il tarixli 002625 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı MMC müqavilədə adları göstərilmiş malları alıcı Cavabdeh satmağı, alıcı isə həmin malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 07 dekabr 2021-ci il tarixli müqavilənin 1 saylı əlavəsi olan qiymət razılaşma və ödəmə şərtlərinə dair protokoldan görünür ki, satıcı ümumi dəyəri 50000 manat olan malları alıcıya təhvil verməyi, alıcı isə ilkin ödəmə olaraq 23500 manat məbləğində ödəniş etməklə qalıq 26500 manat məbləğinin 20 ay müddətində hər ay 1325 manat məbləğində olmaqla ödəniş etməyi öhdəsinə götürmüşdür. Həmiçinin alıcı aylıq ödənişi 2 aydan çox müddətə gecikdirdiyi təqdirdə gecikdirilən hər gün üçün qalıq ödənişin 2% məbləğində dəbbə pulu ödənilməsi müəyyən olunmuşdur. İş materiallarında olan 17 yanvar 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, 50000 manat dəyərində mallar satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 07 dekabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən satıcı İddiaçı MMC müqavilədə adları göstərilmiş malları alıcı Cavabdeh satmağı, alıcı isə həmin malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Satıcı müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin Cavabdeh öz üzərinə düşən öhdəliyi tam olaraq yerinə yetirməmiş və bunun nəticəsində cavabdehin iddiaçıya 17550 manat borcu yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması satıcının əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, satıcı avans verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 3159 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 500 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 153 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 144 manat 15 qəpik məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 dekabr 2021-ci il tarixli 002625 saylı alqısatqı müqaviləsinə əsasən 17550 manat əsas borc, 500 manat cərimə olmaqla cəmi 18050 (on səkkiz min əlli) manat pul, 144 (bir yüz qırx dörd) manat 15 (on beş) qəpik dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar