Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1673/2024 15.11.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında, baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli 13 nömrəli müqaviləyə əsasən 19597 manat məbləğində borcun və 148,79 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-nə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli 13 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı müqaviləyə 1 saylı əlavədə qeyd olunan malı alıcıya satmağı, alıcı isə həmin malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən bu müqavilə ilə əlaqədar təqdim edilən malın ümumi dəyəri ƏDV daxil 44132 manat təşkil edir. Satılacaq mala görə ilkin ödəniş 50%, qalan 50% hissəsi isə xx.xx.2023-cü il tarixinədək ödənilməlidir. İddiaçı MMC öz öhdəliyini yerinə yetirərək, Cavabdeh MMC-nin sifarişinə əsasən bir vahidinin qiyməti 37400 manat olan (18% ƏDV də daxil olmaqla ümumilikdə qiyməti 44132 manat) Heli CHL CPCD 30 (seriya № 010302 S1273) məhsulu xx.xx.2023-cü il tarixli 1/23 nömrəli təhvil aktına əsasən cavabdehə təhvil vermişdir. Cavabdeh aldığı məhsula görə 18% ƏDV də daxil olmaqla xx.xx.2023-cü il tarixdə 19175 manat, xx.xx.2023-cü il tarixdə 2360 manat, xx.xx.2024-cü il tarixdə 3000 manat olmaqla, ümumilikdə 24535 manat məbləğində pul ödəmiş, qalan 19597 manat məbləğində pulu isə hazırkı vaxtadək ödəməmişdir. Göründüyü kimi cavabdeh müqavilə şərtlərini pozmuş və aldığı məhsulun dəyərini tam şəkildə vaxtında ödəməmişdir. Məhkəməyə müraciət etməmişdən öncə cavabdehə pretenziya göndərilərək borcunu ödəməsi tələb edilsə də, cavabdeh borcunu ödəməmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə iddiaçıya və cavabdehə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 05 aprel 2023-cü il tarixli 13 saylı müqavilədən görünür ki, satıcı İddiaçı MMC müqaviləyə 1 saylı əlavədə qeyd olunan malı alıcı Cavabdeh MMC-yə satmağı, alıcı isə həmin malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materialllarında 05 aprel 2023-cü il tarixli qiymətlərin razılaşma protokolundan görünür ki, 1 ədəd Heli CHL CPCD 30 (seriya № 010302 S1273) malın qiyməti 37400 manat, ƏDV 6732 manat, cəmi 44132 manat müəyyən edilmişdir. İş materialllarında olan 05 aprel 2023-cü il tarixli təhvil aktından görünür ki, 1 ədəd Heli CHL CPCD 30 (seriya № 010302 S1273) mal, 1 ədəd açar dəsti İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. İş materialllarında olan kredit haqqında bildirişlərdən görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixdə 16250 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2024-cü il tarixdə 3000 manat ödəniş edilmişdir. İş materialllarında olan elektron qaimədən görünür ki, 05 may 2023-cü il tarixdə 19 aprel 2023-cü il tarixdə 1 ədəd Heli CHL CPCD 30 (seriya № 010302 S1273) malına dair 44132 manat məbləğində elektron qaimə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 05 aprel 2023-cü il tarixli 13 saylı müqavilə bağlanmış, müqaviləyə əsasən satıcı İddiaçı MMC alıcı Cavabdeh MMC-yə müqaviləyə 1 saylı əlavədə qeyd olunan malı satmağı, alıcı isə malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Satıcı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, malı alıcıya vermiş, lakin alıcı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və malların dəyərini tam olaraq alıcıya ödəməmişdir. İddiaçı müqavilə üzrə malın satılmasından qalan pulu cavabdehdən tələb etməkdə haqlıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 19597 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 149 manat dövlət rüsumu ödəmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 148,79 manat dövlət rüsumu də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05 aprel 2023-cü il tarixli 13 saylı alqı-satqı müqaviləsinə əsasən 19597 (on doqquz min beş yüz doxsan yeddi) manat borc, 148 (bir yüz qırx səkkiz) manat 79 (yetmiş doqquz) qəpik dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1673/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1673/2024
15.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver