Məhkəmə qərarları › İş №e-2-2(115)-168/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-168/2023

22.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-168/2023 22.08.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə İddiaçı «Şəmkir Səbət Ticarət Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hərəkətlərinin qanunsuz hesab edilməklə əsassız olaraq hesablanmış 15765.20 manat borcun silinməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi X3 məhkəməyə etiraz göndərərək, 15765.20 manat borcun silinməsi ilə bağlı iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən cəmiyyətin fəaliyyətinin təmin edilməsi üçün istilik enerjisindən istifadə edilməsi üçün Flouq Qaz-1 tipli qaz sayğacı quraşdırılmışdır. Qaz sayğacı üzrə İddiaçı MMC tərəfindən istehlak edilməsi üzrə pul ödənişi normal ödənilmişdir. Sonradan sayğacda yaranmış qüsur nəticəsində cəmiyyətə əsassız olaraq 15765,20 manat pul hesablanmışdır. Bununla bağlı cavabdehə müraciət edilərək əsassız hesablanmış qaz pulunun silinməsi və sayğacın dəyişdirilməsi barədə məlumat verilmişdir. Bunun əsasında cavabdeh tərəfindən sayğaca baxış keçirilərək sayğacın kollektorunun və gövdəsinin nasaz olması barədə qüsur aktı tərtib edilmişdir. Lakin hazıradək cavabdeh tərəfindən cəmiyyətə hesablanmış 15765,20 manat qaz pulu silinməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi. Belə ki, hazırkı mübahisə olunan borc məbləği sayğac göstəricilərinə əsasən müəyyən edilmişdir. Sayğacda yaranmış qüsurun qaz sərfiyyatının artıq hesablanmasına təsir göstərməsi müəyyən olunmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2019-cu il tarixli, AMX-9533/19 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 1-ci bəndinə əsasən paylayıcı Cavabdeh bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Metrologiya Departamenti Sayğacların müayinəsi Laboratoriyası tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli SS №29/1640-01190 nömrəli “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” aktının yoxlamanın nəticəsi hissəsində qeyd edilib ki, ilkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edildi. Sayğacın kranşteyni əyilib. Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexaniki hissə işləkdir. Korrektora baxış keçirildi, arxivləri oxundu, saatlıq arxivə əsasən maksimal təzyiqi və maksimal sərfiyyatı müəyyən etmək mümkün olmur. Temperatur çevricisi normaldır. Təzyiq çevricisi nasazdır. Elektron göstərici Vt mexaniki göstəricidən 11 m3 çoxdur. T baza=100C, Pbaza=750mm.c.st olmalıdır. T baza=200C, Pbaza=760 mm.c.st. Minimal sərfiyyatda xəta normaya uyğun deyil. Təzyiq çevricisi tələb olunur. Metrologiya Departamenti Sayğacların müayinəsi Laboratoriyası tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli KT 10512 nömrəli aktdan görünür ki, “G-25” markalı, 07527 nömrəlin sayğacın korrektor və gövdə hissələri sıradan çıxmış, nasaz və istismara yararsız olması qeyd edilmişdir. xx.xx.2023-cü il tarixə olan abonent saldosundan görünür ki, 2020-ci ilin iyun ayına 14706,61 manat olmaqla il ərzində 15765.20 manat borc qeyd edilmişdir. İş üzrə təyin edilmiş mühəndis-texniki ekspertizasına dair xx.xx.2023-cü il tarixli 10/3557 nömrəli ekspert rəyində “Məhkəmə Ekspertiza Mərkəzi” tərəfindən məyyən edilmişdir ki, “Texniki şərtin sorğu blankı”na əsasən Şəmkir rayonu, "xxxx" MMC-yə məxsus İddiaçı bazarında istifadə edilən qaz cihazlarının ümumi saatlıq qaz sərfiyyatı 29,95 m3/saat təşkil edir. Məhkəmə tərəfindən qaz cihazlarından gündəlik istifadə müddəti müəyyən edildikdən sonra 2020-ci ilin yanvar-iyun aylarında istifadə olunan qaz sərfiyyatının həcmi müəyyən edilə bilər. Məhkəmə qeyd edir ki, ekspert rəyi qoyulan suallara uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. xx.xx.2022-ci il tarixli 11508 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyası zamanı iddiaçı tərəfindən 200 manat mediasiya xərci ödənilmişdir. “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Mövcud qaydaların tələbindən göründüyü kimi istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması hallarında qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən tələb edilə bilməz. İşin hallarından göründüyü kimi abonentə məxsus sayğac 18.06. 2020-ci il tarixdə xəttdən çıxarılmış, xx.xx.2020-ci il tarixdə Metrologiya Departamenti Sayğacların müayinəsi Laboratoriyasına təhvil verilmiş xx.xx.2020-ci il tarixdə orada texniki baxışdan keçirilmişdir. Nəticə olaraq sayğaca müdaxilə halları aşkar edilməmişdir. Lakin sayğacda istehlakçının təqsiri ilə əlaqəli olmayan nasazlıq aşkar edilmişdir. Məhkəmə qeyd edir ki, abonentin saldosunda göstərildiyi kimi 2021-ci lin yanvar ayı ərzində 266.80 manatlıq qaz sərfi olmuşdur və hər iki tərəf bunu normal qəbul edərək razılaşmışdır. 2020-ci ilin yanvar ayı üçün qeyd olunmuş 7071.60 manatlıq qaz sərfi bundan 26 dəfə çoxdur. Göründüyü kimi eyni fəsil, eyni ay, eyni obyekt, fərq isə 266 manat ilə 7071 manat arasındadır. İllər üzrə abonentin saldosuna nəzər salındıqda görünür ki, 2019-ci il ərzində 1894.60 manatlıq, 2021-ci il ərzində 1390.95 manatlıq qaz sərf edilmiş olduğu halda 2020ci ilin tək yanvar ayı ərzində 7071.60 manatlıq, fevral ayı ərzində isə 4440.40 manatlıq, il üzrə isə 15765,20 manat qaz sərfi göstərilir. Cavabdeh bu qədər kəskin kəskin fərqlərə əhəmiyyət vermədən və sayğacın nasaz olmasını nəzərə almadan “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinin tələblərini pozaraq qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən tələb etmişdir. Nasazlıq səbəbindən sayğacın faktiki sərfdən az hesablama aparmış olması ehtimal edilən hallarda itirilmiş sərfiyyatın dəyəri kimi istehlakçıya əlavə borcun hesablanması, lakin bunun əksi olaraq nasaz olan sayğacın faktiki sərfdən çox hesablama apardığı vəziyyətdə bu hala əhəmiyyət verilməməsi ədalətlilik və obyektivlik prinsiplərinə uyğun deyildir. Halbuki, borcu hesablamış təşkilat onun qanuni və əsaslı olmasını sübut etməyə borcludur. Ona görə də qaz təchizatı müəssisəsi birinci növbədə istehlakçının məsuliyyətə cəlb etməkdə maraqlı olmamasını, qərəzsiz olmasını təmin etməlidir. Onun qərəzsizliyinə şübhə yarada bilən bütün hərəkətlərdən çəkinməlidir. Əks halda onun fəaliyyəti qüsurla həyata keçirilmiş olur. Hesablanmış borcun əsaslı olmasını sübut edə bilmədikdə, iddianın haqlı olması halı qəbul edilir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, 2020-ci ilin yanvar-iyun ayları üzrə hesablanmış 14706,61 borc “Qazdan istifadə Qaydaları”nın tələblərinə uyğun hesablanmadığından istehlakçının hesabından silinməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Dövlət Rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 14706,61(on dörd min yeddi yüz altı manat altmış bir qəpik) manat borc İddiaçı abonent hesabından silinsin. Cavabdehndən 134,12(bir yüz otuz dörd manat on iki qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə 40 manat ekspertiza xərci İddiaçı MMC-dən, 40 manat isə Cavabdehndən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar