Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1736/2022 20.10.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə yaranmış borc tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh CPC/S-001/22 nömrəli 13 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış 42546,40 manat borcun, 200 manat mediasiya xərcinin və ödənilmiş 218,63 manat dövlət rüsumunun əvəzinin, ümumilikdə 42965,03 manat pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh arasında bağlanmış CPC/S-001/22 nömrəli 13 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsi və həmin müqaviləyə eyni tarixli 1 saylı əlavəyə əsasən Cavabdeh İddiaçı MMC tərəfindən 1 kiloqramının qiyməti 0,52 manat olmaqla ümumilikdə 42546,40 manat dəyərində 81820 kq qarğıdalı qırıntısı satılmışdır. Müqavilənin şərtlərinə əsasən, Cavabdeh məhsulu təhvil aldıqdan sonra 30 təqvim gününədək onun dəyərinin ödənilməsi barədə öhdəlik götürmüş, lakin razılaşdırılmış müddət ərzində ödəniş aparmamış və bu vaxtadək borcunu ödəməmişdir. Alqı-satqı müqaviləsinin 7.2-ci bəndinə əsasən alıcı malların qiymətinin ödənilməsində yol verdiyi hər gecikmə gününə görə gecikdirilən məbləğin 1% məbləğində dəbbə pulunun ödənilməsi barədə öhdəlik götürmüşdür. Hazırda Cavabdeh İddiaçı MMC-yə alqı-satqı müqaviləsi üzrə 42546,40 manat borcu vardır. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh CPC/S-001/22 nömrəli 13 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 24772,80 manat əsas, ödənişlərdə yol verdiyi gecikdirmələrə görə hesablanmış 15000 manat dəbbə pulu, 200 manat mediasiya xərci və ödənilmiş 235,52 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 40208,32 manat pul vəsaitinin İddiaçı Məhdud Məsuliyyətlinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəməyə müraciət edildikdən sonra cavabdeh 17773,60 manat ödəniş etmiş və hazırda əsas borcunun məbləği 24772,80 manat təşkil edir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış CPC/S-001/22 nömrəli 13 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsinin 7.2-ci bəndinə əsasən, alıcı malların qiymətinin ödənilməsində yol verdiyi hər gecikmə gününə görə gecikdirilən məbləğin 1% məbləğində dəbbə pulunun ödənilməsi barədə öhdəlik götürmüşdür. Cavabdehin xx.xx.2022-ci il tarixə iddiaçıya 24772,80 manat əsas, ödənişlərdə yol verdiyi gecikdirmələrə görə hesablanmış 15000 manat dəbbə pulu, 200 manat mediasiya xərci və ödənilmiş 235,52 manat dövlət rüsumu olmaqla, cəmi 40208,32 manat borcu vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh arasında bağlanmış 13 yanvar 2022-ci il tarixli CPC/S-001/22 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı MMC 1 kiloqramının qiyməti 0,52 manat olmaqla ümumilikdə 52000 manat dəyərində 100000 kq qarğıdalı qırıntısını alıcıya satmağı öhdəsinə götürmüş, alıcı isə məhsulu təhvil almağı və təhvil aldıqdan sonra 30 təqvim gününədək onun dəyərinin ödənilməsi barədə öhdəlik götürmüşdür. Müqavilənin 7.2-ci bəndinə əsasən, alıcı malların qiymətinin ödənilməsində yol verdiyi hər gecikmə gününə görə gecikdirilən məbləğin 1% məbləğində dəbbə pulunun ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan “Məhsulların təhvil-təslim aktları”nın surətindən görünür ki, satıcı İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixİndə ******* kq, xx.xx.2022-ci il tarixində ******* kq, xx.xx.2022-ci il tarixində isə ******* kq qarğıdalı qırıntısı alıcı Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” aktın surətindən görünür ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında qarşılıqlı üzləşdirmə aparılmış və alıcının satıcıya 42546,40 manat borcu olması faktını hər iki tərəf imzası ilə təsdiq etmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, borclu Cavabdeh yaranmış 42546,40 manat əsas borcundan xx.xx.2022-ci il tarixində kreditora 17773,60 manat ödəniş etmişdir. Qalıq borcu isə 24772,80 manatdır. İş materiallarında xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 13 yanvar 2022-ci il tarixli CPC/S-001/22 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, ödəmə müddəti, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişi vaxtında icra etməmiş və bunun nəticəsində cavabdehin iddiaçıya 42546,60 manat əsas borcu yaranmışdır. Cavabdeh yaranmış əsas borcundan xx.xx.2022-ci il tarixində iddiaçıya 17773,60 manat ödəniş etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixə iddiaçıya 24772,80 manat borcu vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 15000 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 500 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 200 manat mediasiya xərci və 218,63 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 13 yanvar 2022-ci il tarixində bağlanmış CPC/S-001/22 nömrəli alqı-satqı müqaviləsinə əsasən 24772,80 manat əsas borc məbləği, 500 manat dəbbə pulu, 200 manat mediasiya xərci və 218,63 manat dövlət rüsumu olmaqla, cəmi 25691,43 (iyirmi beş min altı yüz doxsan bir manat qırx üç qəpik) manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1736/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1736/2022
20.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver