Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1746/2022 14.10.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı alqı-satqı müqaviləsi üzrə yaranmış pul tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5496 manat əsas borcun, 1648 manat dəbbə pulunun, ödənilmiş 100 manat mediasiya xərcinin, cəmi 7244 manat pul vəsaitinin cavabdeh X2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X6 ilə İddiaçı MMC arasında 28 noyabr 2019-cu il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən aldığı mebel dəstlərinə görə alıcının satıcıya 5496 manat borcu yaranmışdır. 10 mart 2022-ci il tarixdə həmin müqavilə əsasında verilmiş malların və ödənilmiş vəsaitin aylıq yoxlanılması zamanı alıcı X6 borcunun olduğunu təsdiqləyərək bu barədə tərtib olunmuş, üzləşmə aktını imzalamışdır. Lakin alıcı satıcıya olan 5496 manat məbləğində olan borcunu bu günə qədər ödəməmişdir. Müqavilənin 2.5-ci bəndində qeyd olunan şərtinə görə ödəniş gecikdirildiyi halda hər gecikdirilən günə görə 0.5% həddində dəbbə pulu hesablanacağı müəyyənləşdirilmiş və dəbbə pulunu hər gecikdirilən gün üçün 0.5% olaraq gecikdirilən günlərin sayını isə son iki ay yəni 60 gün olmaqla öhdəlik götürülmüşdür. Beləliklə ödənişi gecikdirilmiş məbləğin 5496 manatın 0.5%-i 27 manat 48 qəpik təşkil edir ki, bu da 60 günə 1648 manat 80 qəpik dəbbə pulu olaraq hesablanır. Məhkəmə iclasında iştirak edən cavabdeh X7 izahatında göstərdi ki, iddiaçı ilə aralarında müqavilə bağlanmış, ondan mebel alıb satmışdır. Əsas borc məbləği ilə razıdır, həmin borcu hissə-hissə ödəyəcəkdir. Lakin ona hesablanmış cərimə ilə razı deyil. O, dəfələrlə iddiaçı ilə razılığa gəlməyə çalışmışıdr. Belə ki, iddiaçı ilə əlaqə saxlayaraq ona yenidən mal verilməsini xahiş etmiş, yeni malın pulundən əlavə borc məbləğindən də ödəniş edəcəyini bildirmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş, məhkəmə baxışının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 28 noyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC ilə X6 arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən satıcı istehsal etdiyi və ya istehsalçı şirkətdən əldə etdiyi məhsulları (mebel dəsti) alıcıya satmağı, alıcı isə həmin malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 28 noyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsinin 2.5-ci bəndindən görünür ki, alıcı aldığı malların ödənişini gecikdirdiyi halda, hər gecikdirilən gün üçün ödənişi gecikdirilmiş məbləğin 0,5%-i həddində dəbbə pulu hesablanacaq. İş materiallarında olan tərəflər arasında bağlanmış 10 mart 2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında verilmiş malların və bunun əsasında ödənilmiş vəsaitin aylıq hesabatının aparılmasına dair üzləşmə aktından görünür ki, alıcı X1 İddiaçı MMC-yə 5496 manat borcunun olması faktı hər iki tərəfin imzası ilə təsdiq olunmuşdur. İş materiallarında olan borcun qaytarılması tələbinə dair xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Gəncə şəhəri 1 saylı Mediasiya Təşkilatı tərəfindən X5 ilkin mediasiya sessiyasında iştirak etmədiyi və İddiaçı QSC-nin nümayəndəsi tərəfindən 100 manat məbləğində mediasiyaya dair ödəniş edildiyi barədə arayış verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, İddiaçı MMC ilə X7 arasında 28 noyabr 2019-cu il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, ödəmə müddəti, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişi vaxtında icra etməmiş və bunun nəticəsində cavabdehin iddiaçıya 5496 manat əsas borcu yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın hesablanmış dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 1648 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 200 manat məbləğində müəyyən edilməlidir.. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə cavabdeh X7 arasında 28 noyabr 2019-cu il tarixində bağlanmış alqı-satqı müqaviləsinə əsasən 5496 manat əsas borc məbləği, 200 manat dəbbə pulu, 100 manat mediasiya xərci olmaqla, cəmi 5796 manat pul vəsaiti X2 tutularaq İddiaçı xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1746/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1746/2022
14.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver