Məhkəmə qərarları › İş №e-2-2(115)-176/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-176/2025

06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-176/2025 06.02.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh lizinq müqaviləsinin şərtlərini pozduğu üçün (12.6 bənd) cərimə olaraq 1000 manat, əsas borc olaraq 10144,70 manat, faiz borcu olaraq 1366,98 manat, dəbbə borcu olaraq 2199,68 manat olmaqla cəmi 14711,36 manatın, o cümlədən məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 135 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC ilə Cavabdeh arasında xx.xx.2024 tarixli AFLZ00-000175 saylı daxili lizinq müqaviləsi imzalanmışdır. Lizinq obyekti “Land Rover” markalı “Range Rover” model, qara metallik rəngli 2005-ci il istehsalı minik avtomobili olmuşdur. Lizinq müqaviləsinin dəyəri 11000 manat təşkil etmişdir. Müqaviləyə əsasən lizinq alan lizinq obyektinə müvəqqəti sahiblik və istifadəyə görə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində müəyyən edilmişdir. Bu müqavilə üzrə nəzərdə tutulan pul öhdəliklərinin yerinə yetirilməsi üzrə lizinq alanın lizinq verənlə hesablaşmaları lizinq ödənişlərinin cədvəlində müəyyən edilmiş ilkin ödəniş və cari ödəmələr formasında həyata keçirilməklə və lizinq alanın lizinq obyektindən istifadə edib-etməməsindən asılı olmayaraq lizinq ödənişləri cədvəlində göstərilmiş müvafiq tarixdə ödənilməsi nəzərdə tutulmuşdur. Lakin bu iddia üzrə cavabdeh müqavilə şərtlərinə əməl etməyərək müvafiq ödənişləri etməmiş, lizinq obyektinin yeri və vəziyyəti haqda məlumat verməyərək lizinq alanın müqavilədə nəzərdə tutulmuş maliyyə vəziyyəti barədə hesabatı verməkdən qəsdən yayınmışdır. Bundan başqa cavabdeh lizinq obyektini gizlədərək avtomobili lizinq təşkilatına dövri baxış üçün göstərmək imtina etmişdir. İddiaçı "xxxx" QSC iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə verərək Cavabdeh lizinq obyekti “Land Rover” markalı “Range Rover” model, qara metallik rəngli 2005-ci il istehsalı minik avtomobilinə vurduğu maddi zərərə görə 5081 manat, faiz borcu olaraq 1740,60 manat, dəbbə borcu olaraq 3315,63 manat, ekspert rəyinin alınması üçün ödənilmiş rüsum olaraq 101,62 manat, məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 135 manat olmaqla cəmi 10373,85 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ərizədə qeyd edilmişdir ki, lizinq obyekti “Land Rover” markalı “Range Rover” model, qara metallik rəngli 2005-ci il istehsalı minik avtomobili tərəflərindən qəzalı vəziyyətdə aşkar edilərək götürüldüyündən iddia tələblərinə dəqiqləşdirmə vermək ehtiyacı yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 10 may 2024-cü il tarixli AFLZ00-000175 nömrəli daxili lizinq müqaviləsindən görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı (bundan sonra lizinq obyekti adlandırlacaq) öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 1.5-ci bəndinə əsasən lizinq müqaviləsinin ümumi məbləği 11000 manat təşkil edir. Həmiçinin müqavilənin 1.7-ci bəndinə əsasən lizinq obyekti lizinq alana 24 ay müddətinə lizinqə verilir. İş materiallarında olan daxili lizinq müqaviləsinə 2 saylı əlavədən görünür ki, 1 ədəd 2005-ci il istehsalı olan qara metalik rəngli “Range Rover” minik markalı avtomobil lizinq alana təhvil verilmişdir. İş materiallarında olan 18 dekabr 2024-cü il tarixli rəydən görünür ki, qəzaya uğramış “Range Rover” minik markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı, qara metalik rəngli, buraxılış ili 2005-ci il olan avtomobilə sərbəst bazar qiymətlərini nəzərə almaqla 5081 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan 18 dekabr 2024-cü il tarixli mədaxil qəbzdən görünür ki, qəzaya uğramış nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın hesablanması üçün 101 manat 62 qəpik məbləğində xərc çəkilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə qeyd edir ki, "xxxx" QSC ilə Cavabdeh arasında 10 may 2024-cü il tarixdə daxili lizinq müqaviləsi bağlanmış, müqaviləyə əsasən 2005-ci il istehsalı olan qara metalik rəngli “Range Rover” minik markalı avtomobil lizinq alanın sahibliyinə və istifadəsinə verilmişdir. Lakin lizinq alan müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi pozaraq liiznq ödənişlərini etməmiş, lizinq obyektini nasaz vəziyyətdə geri qaytarmışdır. Lizinq obyektinin geri qaytarıldığı tarixə lizinq alana 1740,60 manat faiz borcu hesablanmışdır. Tərtib olunumuş qüsur aktına əsasən qəzaya uğramış avtomobilə sərbəst bazar qiymətlərini nəzərə almaqla 5081 manat məbləğində maddi ziyan dəydiyi müəyyən olunmuşdur. Həmiçinin mədaxil qəbzinə əsasən qəzaya uğramış nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın hesablanması üçün 101 manat 62 qəpik məbləğində xərc çəkilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, lizinq verən müqavilə üzrə lizinq obyektinin tam bərpası üçün hesablanmış 5081 manat məbləğində dəymiş maddi ziyanı və maddi ziyanın hesablanması üçün çəkilmiş 101 manat 62 qəpik məbləğindəki xərci tələb etməkdə haqlıdır. İddiaçı həmçinin iddia tələbində yalnız müqavilə üzrə faiz borcun, cərimənin ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, lizinq verən müqavilə üzrə yaranmış faiz borc məbləğini, yəni 1740,60 manatı tələb etməkdə haqlıdır. Həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması lizin verənin əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, lizinq verən lizinq obyektini lizinqə verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə lizinq obyektinin geri qaytarılmasını, yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, lizinq alan ödənişləri gecikdirdiyinə görə hesablanmış 3315,63 manat məbləğində, dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, lizinq alan ödənişləri gecikdirdiyinə görə hesablanmış cərimə azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə yaranmış 1740 manat 60 qəpik faiz borcu, 50 manat cərimə borcu, 5081 manat məbləğində avtomobilə dəymiş zərər, 101 manat 62 qəpik rəyinin alınması üçün ödənilmiş rüsum olmaqla, cəmi 6973 manat 22 qəpik pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ********** saylı qəbzdən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 135 manat dövlət rüsumu ödənmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 135 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 may 2024-cü il tarixli AFLZ00-000175 saylı daxili lizinq müqaviləsi üzrə yaranmış 1740 manat 60 qəpik faiz borc, 50 manat cərimə borcu, 5081 manat məbləğində avtomobilə dəymiş zərər, 101 manat 62 qəpik ekspertiza rəyinin alınması üçün ödənilmiş rüsum olmaqla, cəmi 6973 (altı min doqquz yüz yetmiş üç) manat 22 (iyirmi iki) qəpik məbləğində pul və 135 (bir yüz otuz beş) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar