Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1765/2022 25.10.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6440 manat əsas borcun, 200 manat cərimənin, ödənilmiş 105 manat mediasiya xərcinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi, X2 və təhvil-təslim aktı imzalanmışdır. Həmçinin müqavilənin 5.2-ci bəndində nəzərdə tutulan ödəniş müddətindən sonra “Alıcı” hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1% həcmində “Satıcı”ya cərimə ödəməsi müəyyənləşdirilmişdir. Müqaviləyə və X1 əsasən cavabdeh iddiaçıdan sahibkarlıq fəaliyyəti ilə əlaqədar ümumi dəyəri 20000 manat olmaqla, mal almışdır. Həmin məbləğdən 3000 manatını ilkin olaraq ödəmişdir. Qalıq məbləği, yəni 17000 manatı xx.xx.2020-ci il tarixli X1 əsasən müəyyən olunmuş qrafikə uyğun olaraq xx.xx.2020-ci il tarixdən başlayaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin 17000 manat qalıq borcdan 10560 manatını ödəmiş və hal-hazırda əsas məbləğ üzrə qalıq borcu 6440 manat, cərimə borcu isə 200 manat təşkil edir. Borcun ödənilməsi ilə bağlı olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş, məhkəmə baxışının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 28 may 2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən satıcı malları alıcıya satmağı, alıcı isə həmin malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.2-ci bəndindən görünür ki, alıcı malın dəyərini və qalıq məbləğini müqavilənin 3.2-ci bəndində göstərilən müddətdə icra etmədikdə hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1% həcmində satıcıya cərimə ödəməlidir. İş materiallarında olan tərəflər arasında bağlanmış 28 may 2020-ci il tarixli alqı-satqı müqaviləsinə dair X2ndan görünür ki, alıcı ümumi dəyəri 20000 manat olan malı almağı, bu məbləğdən 3000 manatını ilkin ödəniş olaraq ödəməyi, qalıq məbləği, yəni 17000 manatı isə “X2” ilə müəyyən olunmuş qrafikə uyğun olaraq xx.xx.2020-ci il tarixdən başlayaraq satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan tərəflər arasında bağlanmış 28 may 2020-ci il tarixli alqı-satqı müqaviləsinə dair təhvil-təslim aktından görünür ki, satıcı “Təhvil-təslim” aktı ilə siyahısı müəyyən olunmuş malları qüsursuz olaraq alıcıya təhvil vermiş, alıcı isə həmin malları təhvil almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 120 nömrəli maliyyə arayışından görünür ki, alıcı 28 may 2020-ci il tarxli alqı-satqı müqaviləsi üzrə 17000 manat qalıq borcundan 10560 manat ödəniş etmişdir. Hazırda onun müqavilə üzrə ödənilməmiş 6440 manat əsas borcu, 200 manat cərimə borcu vardır. İş materiallarında olan borcun qaytarılması tələbinə dair xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyi və İddiaçı MMC-nin nümayəndəsi tərəfindən 100 manat məbləğində mediasiyaya dair ödəniş edildiyi barədə arayış verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında 28 may 2020-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə ilə malın alınıb-verilməsi, ödənişin məbləği, ödəmə müddəti, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişi vaxtında icra etməmiş və bunun nəticəsində cavabdehin iddiaçıya 6440 manat əsas borcu yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın hesablanmış dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 200 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 100 manat məbləğində müəyyən edilməlidir.. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 28 may 2020-ci il tarixində bağlanmış alqı-satqı müqaviləsinə əsasən 6440 manat əsas borc məbləği, 100 manat cərimə borcu və 105 manat mediasiya xərci olmaqla, cəmi 6645 (altı min altı yüz qırx beş manat) manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1765/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1765/2022
25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver