Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1773/2023 24.11.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasınа dаir ərizəsi üzrə xüsusi icraat qaydasında işə məhkəmənin inzibаti binаsındа аçıq məhkəmə iclаsındа bаxаrаq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə mürаciət edərək, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 20864,9 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 276,1 manat, İşsizlikdən Sığorta Fonduna olan 11,05 manat, İcbari Tibbi Sığorta Fonduna olan 44,14 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini оnunlа əsаslаndırmışdır ki, vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən Sığorta Fonduna 11,05 manat, dövlət büdcəsinə 20864,9 manat məbləğində (o cümlədən, vergilər üzrə 177,11 manat, faizlər üzrə 20687,79 manat), Dövlət Sosial Müdafiə Fonduna 276,1 manat, İcbari Tibbi Sığorta Fonduna 44,14 manat olmaqla, ümumilikdə 21196,19 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Odur ki, ərizənin təmin edilməsi bаrədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahatında göstərdi ki, ərizədə adı qeyd edilən hüquqi şəxsi o yaratmamışdır. Sadəcə hüquqi şəxsin icra orqanının rəhbəri kimi onun adı qeyd edilmişdir. Həmin hüquqi şəxs onun adından istifadə edilərək etibarnaməsi əsasında yaradılmışdır. Bununla əlaqədar vergi orqanına və polis idarəsinə müraciət etmiş, eitbarnaməni və asan imzanı ləğv etdirmişdir. Ona görə də ərizənin təmin edilməməsini xahiş edirəm. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq ərizəyə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəyə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş mаteriаllаrını аrаşdırıb hesаb edir ki, ərizə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş hüquqi şəxs haqqında məlumat cədvəlindən görünür ki, hüquqi şəxsin rəhbəri Maraqlı şəxsdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli **********780600, xx.xx.2023cü il tarixli **********250500, xx.xx.2023-cü il tarixli **********782000, xx.xx.2023-cü il tarixli **********781300 nömrəli bildirişlərdən görünür ki, vergi ödəyicisinə borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsi haqqında elektron portaldan çıxarışdan görünür ki, Maraqlı şəxs doğum tarixi və yeri xx.xx.2002-ci il, Bərdə rayonu, qeydiyyat ünvanı Bərdə rayonu Körpüqıran kəndidir. İş materiallarına əlavə edilmiş şəxsi hesab vərəqəsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2023-cü il tarixdə 168130,86 manat borc, 5716,45 manat faiz üzrə qalıq hesablanmışdır. xx.xx.2023-cü il tarixdə vergi ödəyicisinin dövlət büdcəsinə olan borcundan 167951,75 manat azaldılmış, 177,11 manat borcu qalmışdır. 168130,86 manat vergi borcuna əsasən hesablanmış faiz borcu xx.xx.2023cü il tarixinə 20687,79 manat təşkil etmişdir. Bundan başqa Dövlət Sosial Müdafiə Fonduna 276,10 manat, İşsizlikdən Sığorta Fonduna 11,05 manat, İcbari Tibbi Sığorta Fonduna 44,13 manat borcun olması göstərilmişdir. Məhkəmə qeyd edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə hesablanmış 168130,86 manat borcu 167951,75 manat azaldılmış və vergi ödəyicisinin 177,11 manat borcu qalmış, ərizədə vergi ödəyicisinin dövlət büdcəsinə qeyd edilən 20864,9 manat borcunun 177,11 manatdan çox olan hissəsi yalnız faiz borcu təşkil edir ki, qeyd edilən məbləğ sonradan azaldılmış vergi borcuna görə hesablanmışdır. Lakin faiz borcu əsas borcun azaldılmasına mütənasib azaldılmamışdır. Bundan başqa ərizəçi Dövlət Sosial Müdafiə Fonduna 276,1 manat, İcbari Tibbi Sığorta Fonduna 44,14 manat, İşsizlikdən Sığorta Fonduna 11,05 manat borcun ödənilməsi ilə bağlı da vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdılmasını xahiş etmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən məhkəməyə təqdim edilən ərizə əsaslı sayıla və təmin edilə bilməz. Məhkəmə bununla bağlı bildirir ki, dövlətin ali məqsədindən bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Həmçinin məhkəmə diqqətə çatdırır ki, ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair işlərə baxarkən hər bir halda həmin məhdudiyyət tədbirinin mütənasiblik meyarına cavab verib-verməməsinin araşdırmalıdır. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir. Məhdudiyyətin mütənasib olub-olmaması mütləq müəyyən edilməli, bu zaman vergi ödəyicisinin mübahisəyə qədərki davranışları, vergilərin vaxtı-vaxtında ödənilməsi kimi hallar, bu məcburiyyət tədbiri tətbiq edilmədən vergilərin ödənilməsi imkanları və s. nəzərə alınmalıdır. Təsadüfi deyildir ki, bu yanaşma Konstitusiyanın 71-ci maddəsinin 2-ci hissəsindən qaynaqlanır. Konstitusiyanın 28-ci maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 60-cı maddəsinin 1-ci hissəsinə və 71-ci maddəsinin 2-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında qeyd etmişdir ki, məhkəmələr hakimiyyət və kreditorların borcun ödənməsi üçün gördüyü tədbirlərin kifayətedici olub-olmamasını, borclunun öz kreditorlarına borcu ödəmək imkanının olubolmamasını müəyyən etməli, ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə həmin hüquq arasında mütənasibliyi təmin etməlidirlər. Belə ki, “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsində qeyd edilmişdir ki, dövlətin ərazisində qanuni yerləşən hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ var. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsiszlik və ictimai arayışın maraqları naminə, ictimai qaydanı yaratmaq üçün cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın mühafizəsi üçün və ya digər şəxsləriun hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. İHAM-ın “Qoçev Bolqariyaya qarşı” iş üzrə 2009-cu il 26 noyabr tarixli qərarında İHAM kredit borcunun ödənilməsinin təmini ilə əlaqədar borclunun ölkəni tərk etmək hüququnun məhdudlaşdırılmasını hüquqauyğun hesab etsə də, 4 saylı Protokolun 2-ci maddəsinin pozuntusu kimi ona əsaslanmışdır ki, tərəflər icra icraatının gedişi haqqında ətraflı məlumat təqdim etməmişlər. Müvafiq olaraq hakimiyyət və kreditorların borcu almaq üçün gördüyü tədbirlərin kifayətedici olub-olmamasını, borclunun öz kreditorlarına borcu ödəmək imkanının olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Həmin işdə Məhkəmə qeyd etmişdir ki, işin halları ona dəlalət edir ki, borclunun üzərinə ölkəni tərk etməmək barədə məhdudiyyət avtomatik qoyulmuş, ona şəxsi vəziyyəti, borcu ödəməməsi səbəbləri barədə izahat vermək imkanı yaradılmamış, bununla da ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə həmin hüquq arasında mütənasiblik təmin olunmamışdır. Eyni mövqeyi Məhkəmə “Rosenqren Rumıniyaya qarşı” iş üzrə 2008-ci il 24 aprel tarixli qərarda da təkrarlamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 355-5.1-ci mаddəsində göstərilir ki, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Həmin Məcəllənin 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Оdur ki, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 238-253, 355-5, 357-362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasınа dаir ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1773/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1773/2023
24.11.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver