Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1777/2024 18.12.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı “X3 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X3 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3042 manat əsas borc, 608 manat cərimə borcu və ödənilmiş 57 manat dövlət rüsumu olmaqla cəmi 3707 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X3 Kompleksi” MMC ilə Cavabdeh arasında bağlanmış 2022-ci il mövsümü üzrə xx.xx.2021-ci il tarixli 037 saylı xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən cavabdeh öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilələrin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan ümumilikdə 3042 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh yaranmış borcdan heç bir ödəniş və ya xam-pambıq təhvil verməmişdir. Beləliklə, cavabdeh tərəfindən 2022-ci il mövsümü üzrə 29.011.2021-ci il tarixli, 037 saylı müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 3042 manat borcu qalmışdır. Bundan əlavə, müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 650 manatdır.) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 608 manat təşkil edir. Verilməmişdir: 3042 х 20% = 608 manat. İş üzrə Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək göstərmişdir ki, onun torpaq sahəsində su olmadığı üçün sahənin baş hissəsinə artezian quyusu vurulmuşdur. Sahəni əkdikdən bir müddət sonra artezian quyusunun suyu qurumuşdur. O su idarəsinə məlumat verdikdən sonra həmin yerə baxış keçirilmiş, artezianın quruması barədə ona sənəd təqdim edilmişdir. Bundan sonra su idarəsi ona həmin atrezian quyusundan 200 metr məsafədə yeni atrezian quyusunun vurulmasını bildirdilər. Ancaq ötən müddət ərzində onun sahəsində su olmadığı üçün əkin sahəsi susuzluqdan məhv oldu. Bu barədə o “X3 Kompleksi” MMC, tədarükçü qismində “X4 və Tədarükü Məntəqəsi”nə şifahi məlumat vermiş, akt tərtib olunmasını istəmişdir. Lakin onlar müraciətinə məhəl qoymamışlar. Ona görə də iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, iddiaçı öz öhdəliklərini yerinə yetirmədiyi üçün onun borcu yaranmışdır. Belə ki, torpaq sahəsinə səpin üçün texnika gəlməmiş, kultivasiya, dərmanlama işləri görülməmişdir. Çöp doğrama işləri, disk çəkmə işləri və mala çəkmə işləri görülsə də, torpaq şumlansa da toxum səpilməmişdir. Çünki su olmamışdır. Onun kartına 1300 manata yaxın pul köçmüşdür. 2400 manat pulu ona verilsə belə toxum verilməmişdir. O həmin vəsaiti kənardan su çəkilməsinə sərf etmiş, lakin yenə də su gəlib çıxmamışdır. İddiaçı öz vəzifələrini yerinə yetirmədiyi halda ondan vəzifələrini icra etməyini, tələb edə bilməz. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. İddiaçının nümayəndəsi isə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan “X3 Kompleksi” MMC ilə Cavabdeh arasında bağlanmış 29 noyabr 2021-ci il tarixli 2022-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair 037 saylı müqavilədən görünür ki, fermer Cavabdeh mülkiyyətində, istifadəsində və ya icarəsində olan 8 ha torpaq sahəsində pambıq əkib yalnız alıcı “X3 Kompleksi” MMC-nə satmağı, alıcı isə fermerin istehsal etdiyi xam pambığı qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə fermerə ödəməyi öhdəsinə götürmüşdür. Həmiçinin müqavilənin 5.2-ci maddəsinə əsasən fermer üzərinə götürdüyü öhdəlikdən az miqdarda xam-pambıq təhvil verərsə və götürdüyü avans üzrə borclu qalarsa, təhvil verilməyən xam-pambığın dəyərinin 20% həcmində cərimə ödənilməsi müəyyən olunmuşdur. İş materiallarında olan 17 aprel 2023-cü il tarixli üzləşmə və 06 dekabr 2023-cü il tarixli imtina aktından görünür ki, fermerin kartına nağd olaraq 2400 manat məbləğində pul köçürülmüşdür. 642 manat məbləğində xidmət göstərilmiş, ümumilikdə 3042 manat avans verilmişdir. Nəticədə Cavabdeh “X3 Kompleksi” MMC-nə 3042 manat avans borcu qalmışdır. Cavabdeh isə həmin aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan qiymət cədvəlindən görünür ki, çop doğrama xidməti üçün 1 hektara 18 manat, 1-ci şum işləri üçün 1 hektara 40 manat, 2-ci şum işləri üçün 1 hektara 38 manat xidmət haqqı müəyyən edilmişdir. İş materiallarında olan xidmət aktlarından görünür ki, “X3 Kompleksi” MMC tərəfindən Cavabdeh sahəsində xx.xx.2021-ci il tarixdə 1 hekar çopdoğrama, 8-9.01.2022-ci il tarixdə 8 hektar 1-ci şum, xx.xx.2022-ci il tarixdə 8 hektar 2-ci şum işləri görülmüşdür. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “X3 Kompleksi” MMC tərəfindən Cavabdeh hesabına 2400 manat vəsait köçürülmüşdür. İş materiallarında olan 21 dekabr 2023-cü il tarixli maliyyə arayışda qeyd edilmişdir ki, Cavabdeh müqavilə üzrə 3042 manat avans borcu yaranmışdır. Yaranmış avans borcdan 0 manat dəyərində xam pambıq verməklə ödənmiş, nəticədə onun cəmiyyətə 3042 manat borcu qalmışdır. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borcla bağlı məlumat verilmiş, məsuliyyəti ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan vəsiqələrin surətindən görünür ki, şəhid X1 “Müharibə veteranı” medalı və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, “X3 Kompleksi” MMC ilə Cavabdeh arasında 29 noyabr 2021-ci il tarixli 2022-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair müqavilə bağlanmış, müqaviləyə əsasən fermer Cavabdeh mülkiyyətində, istifadəsində və ya icarəsində olan 8 ha torpaq sahəsində pambıq əkib yalnız alıcı “X3 Kompleksi” MMC-nə satmağı, alıcı isə fermerin istehsal etdiyi xam pambığı qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə fermerə ödəməyi öhdəsinə götürmüşdür. Alıcı tərəfindən satıcıya nağd olaraq vəsait verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Lakin satıcı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, onu iddiaçıya 3042 manat borcu qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması alıcının əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, alıcı avansı verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, ailə vəziyyətini, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 608 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 30 manat məbləğində müəyyən edilməlidir. Odur ki, tərəflər arasında bağlanmış müqavilə üzrə 3042 manat əsas borc, 30 manat cərimə borcu olmaqla, cəmi 3072 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 57 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 50,72 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. “X3 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 noyabr 2021-ci il tarixli 037 nömrəli 2022-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair müqavilə üzrə yaranmış 3042 manat məbləğində borc, 30 manat cərimə olmaqla 3072 (üç min yetmiş iki) manat pul və 50 (əlli) manat 72 (yetmiş iki) qəpik dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı “X3 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1777/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1777/2024
18.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver